Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2328/2021 27.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Ekologiya Baş Yol Patrul Xidməti inspektoru, polis leytenantı X7 tərəfindən qəbul edilmiş 02.06.2021-ci il tarixli, TP ******* saylı qərardan verdiyi şikayətə Binəqədi Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ekologiya Baş Yol Patrul Xidməti inspektoru, polis leytenantı X7 tərəfindən qəbul edilmiş 02.06.2021-ci il tarixli, TP ******* saylı qərar qəbul edilmişdir. X2 həmin qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, həmçinin analizlə bağlı ödədiyi 100 (bir yüz) manat maddi ziyanın, eyni zamanda polis əməkdaşının onunla çox kobud davranışına görə mənəvi ziyanın əvəzi kimi 1 (bir) manatın tutulması ilə bağlı Binəqədi Rayon Məhkəməsinə şikayət təqdim etmişdir. X5 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, qeyd edilən qərar qanunsuz və əsassızdır. Belə ki, 02.06.2021-ci il tarixdə, səhər tezdən evdən işə gedərkən YPX əməkdaşının «saxla» əmrinə tabe olaraq idarə etdiyi avtomobili saxlamışdır. Avtomobili saxladıqdan sonra Ekologiya Baş Yol Patrul Xitməti inspektoru X7 ona yaxınlaşmış, bu zaman ondan iy gəldiyin bildirərək, spirtli içki qəbul edib-etmədiyini soruşmuş, o isə mühəndis olduğunu, bütün gün yol tikintisi ilə məşğul olub ailəsinə bir tikə çörək qazandığını, dünən axşam da işdən evə gəlib yorğun olduğunu, sərinləmək və kefini açmaq üçün 1-2 bakal pivə içdiyini bildirmişdir. Bu zaman onu çox da təmiz olmayan iş paltarında görən (“üstümü unlu görüb məni dəyirmançı sanan") əməkdaş onunla çox kobud rəftar etməyə başlamış, hüquqlarını qorumağa çalışmaq istəyərkən onunla "üstdənaşağı " alçaldıcı rəftar etməkdən çəkinməmişdir. Bundan sonra YPX əməkdaşı onu alkotester vasitəsilə yoxlamış, lakin o ondan alkotesterin nəticəsinə onun da baxmağına və həmin nəticəni telefonuna çəkməyinə şərait yaratmağı xahiş etikdə o, buna imkan verməmiş, yenə səs tonunu ucaldaraq onunla peşəsinə-etik davranış qaydalarına uyğun olmayan tərzdə danışmağa davam etmişdir. YPX əməkdaşının ona verdiyi sənədlərə qol çəkməyərək, həmin sənədlərdə narazılığı ilə bağlı qeydlər etmiş və hüquqlarını qorumağa çalışmağı əməkdaşı ona qarşı daha da hiddətləndirmişdir. YPX əməkdaşının artıq ona qarşı qərəzli davranmağa davam etdiyini gördüyündən həqiqətin müəyyən edilməsi üçün hüququndan istifadə edərək sərxoşluq vəziyyətinin müəyyən olunması üçün bir neçə saat sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 müraciət etmiş, orada 13:28-də müvafiq analizlər vermiş və 1505/K saylı aktla ondan götürülmüş nümunələrdə etil spirtinin aşkar edilməməsi ayıq olduğu müəyyən olunmuşdur. Yuxarıda da qeyd etdiyim kimi YPX əməkdaşı tərəfindən onun xüsusi texniki vasitənin nəticəsi ilə tanış olmağına şərait yaradılmamış, onun haqlı narazılığına əhəmiyyət verilməmiş, tibbi müayinəyə göndərilməmişdir. Buna görə də özü məcbur olub tibbi müayinədən keçmişdir. Göstərilənlərə əsasən qərarı əsassız və qanunsuz hesab edərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, dəfələrlə məhkəmə iclasları təxirə salınmış, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmanın təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında şikayətçi X5 ərizəsində qeyd etdiyi xüsusatları təkrarlayaraq 02.06.2021-ci il tarixli, TP ******* saylı qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət qismən təmin olunmalıdır. Belə ki, Ekologiya Baş Yol Patrul Xidməti inspektoru, polis leytenantı X7 tərəfindən qəbul edilmiş 02.06.2021-ci il tarixli, TP ******* saylı qərarından məlum olur ki, X5 barəsində 02.06.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bunula bağlı inzibati tənbeh tədbiri kimi cərimə tətbiq edilmişdir. Məhkəmə-Tibbi Ekspertiza və X6” X13 02.06.2021-ci il tarixli 1505/K saylı rəyindən görünür ki, X3 götürülmüş qan və sidik nümunələrinin tərkibində etil spirti aşkar edilməmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, X5 barəsində Polis İdarəsində aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələbləri pozularaq işə baxılmasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə lazımi qaydada məlumat verilmədən qəbul edilmiş və nəticədə, sonuncu inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək kimi hüquqlarından məhrum edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Ekologiya Baş Yol Patrul Xidməti inspektoru, polis leytenantı X7 tərəfindən qəbul edilmiş 02.06.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən kobud prosessual pozuntulara yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Ekologiya Baş Yol Patrul Xidməti inspektoru, polis leytenantı X7 tərəfindən qəbul edilmiş 02.06.2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin olunsun. Ekologiya Baş Yol Patrul Xidməti inspektoru, polis leytenantı X7 tərəfindən qəbul edilmiş 02.06.2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana göndərilsin. Qərardan 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı şəhər Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-2328/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2328/2021
27.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver