Məhkəmə qərarları › İş №3(001)-233/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-233/2025

07.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-233/2025 07.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakii Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X10, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi müfəttişi X4 Şəxs nümayəndələri X5 və X2 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 233.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 233.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X14 bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə Binəqədi rayon Biləcəri qəsəbəsi sakini Könül Hüseynovanın yaşadığı evin yaxınlığında yerləşən Şəxs MMC-yə məxsus qurğudan tüstü atılması ilə bağlı şikayət etmişdir. Şikayətin araşdırılması ilə əlaqədar onlar həmin mebel zavoduna yaxınlaşmış və o fabrikin əməkdaşları ilə birgə monitorinq keçirmişlər. Monitorinq zamanı ətraf mühitə yayılan zərərli qazların miqdarı qanunla qəbul edilmiş normadan artıq olduğu müəyyən edilmişdir. Monitorinqin keçirilməsində MMC-nin nümayəndəsi Orxan Ələkbərov da iştirak etmişdir. Bununla bağlı həmin MMC-nin rəhbərliyinə də, məlumat vermiş, akt tərtib etmiş və protokol tərtib etmişlər. Protokol tərtib edilməsi ilə bağlı MMC-yə bildiriş göndərilmişdir. Həmçinin monitorinq zamanı MMC-nin rəhbərliyi və əməkdaşları sərti şəkildə reaksiya bildirmişlər. Ölçmə işlərini Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X18 Monitorinq İdarəsinin əməkdaşları aparımışdır. Ölçmə işləri aparılarkən şikayət vermiş şəxs xəstəliyi ilə əlaqədar iştirak edə bilməmişdir. Aşkar olunmuş pozuntularla bağlı məktubu MMC-nin direktoruna təqdim etmək istədikdə, məktubu qəbəul etməkdən imtina etmişlər. O, da həmin məktubu xx.xx.2024-cü il tarixdə MMC-nin direktoru Emin Əkbərovun “votsap” nömrəsinə göndərmişdir. xx.xx.2024-cü il tarixdə isə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tüstü çıxan qurğu yaşayış evindən 6-7 metr aralıda yerləşir. Zavodun fəaliyyəti ilə bağlı tək bir nəfərin deyil, digər şəxslərin də şikayəti olmuşdur. Ona görə də, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi müfəttişi X1 Vasif Əşrəf oğlu ilə eyni məzmunlu izahat verərək Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs nümayəndəsi X9 bildirmişdir ki, əgər sakin şikayət etdikdə ölçmə işi istehsalat obyektində aparılmalı deyil, şikayətçinin evində, evinin ətrafında aparılmalıdır. Onlar həmin ərazidə yaşayan sakinlərlə mütəmadi söhbətlər aparmışlar. Gecələr zavodda iş görülməmiş, gündüz vaxtı 150 nəfər şəxs işləmişdir. İstehsalatda nöqsan ola bilər. Bunu aradan qaldırmaq üçün müvəqqəti vaxt verilməlidir. Ölçmə aparılmasında istifadə edilmiş aparatın nə aktı, nə protokolu, nə də sənədinin sertifikatı onlara təqdim edilməmişdir. O, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs nümayəndəsi X3 bildirmişdir ki, tərtib edilmiş akta iki fotoşəkil əlavə edilmişdir. Həmin fotoşəkillərdə tüstünün çıxdığı baca belə görünmür. “COP-29” tədbiri ilə bağlı heç müraciətlər olunmamışdan əvvəl zavodda təkmilləşdirmə işləri aparmışlar. Protokolun tərtib edilməsi ilə bağlı MMC-dən nümayəndə dəvət edilməmişdir. Akt tərtib edilərkən də MMC-nin səalahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmişdir. O, hesab edir ki, tərtib edilmiş protokol əsassızdır. Orada heç bir tüstü atılması olmamışdır. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X11 bildirmişdir ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X18 Monitorinq İdarəsində aparıcı məsləhətçi müfəttişi vəzifəsində işləyir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş şikayət əsasında Şəxsnə məxsus zavodda yoxlama keçirmişlər. Yoxlama keçirilən zaman tüstü müşahidə olunmuş, cihaz vasitəsilə ölçmə-analiz işləri aparılmışdır. Nəticələrə uyğun olaraq müvafiq akt tərtib etmişlər. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, yoxlama zamanı fotoşəkillər çəkilmiş və akta əlavə edilmişdir. Video çəkilsə də silinmişdir. Yoxlama zamanı tətbiq edilən normalar SSRİ vaxtından qalan normalardır. Həmin normalar 1984-cü ildə qəbul eidlmişdir. Azərbaycan Respublikasını müstəqil dövlət olduqdan sonra yeni normalar qəbul edilməmişdir. Ölçmə işləri apardıqları cihazın sertifikatı mövcuddur. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Şəxsnə məxsus, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən zavodda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X18 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən monitorinq aparılmış, monitorinq zamanı spesifik oxu və tüstü müşahidə olunmuş, ətrafa buraxılan dəm qazının miqdarının ətraf mühit üçün yol verilən normadan artıq olduğu müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxsnə müraciət olunaraq aparılacaq inzibati araşdırma ilə əlaqədar xx.xx.2024-cü il tarixdə saat 10:00-da səlahiyyətli nümayəndənin həmin idarəyə göndərilməsi xahiş edilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi Sumqayıt şossesi 1/50 ünvanında yerləşən Şəxsnə məxsus mebel fabrikinin aspirasiya qurğusundan atmosfer havasına zərərli maddələrin (tüstü) atılması müəyyən edilmiş, nəticədə Şəxs tərəfindən İXM-in 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 233.1-ci maddəsi ilə əsaslı olduğundan Şəxs həmin maddənin sanksiyası həddində hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 41-ci maddəsinə əsasən Müəssisələrin, qurğuların və başqa obyektlərin istismarı ətraf mühitin mühafizəsi üzrə layihədə göstərilmiş bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərti ilə həyata keçirilir. Son hədləri yol verilən normativlər səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdiriləsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqlarla təmin edilməyən, təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadıqda müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsi qadağan edilir. Həmin qanunun 46-cı maddəsinə əsasən təşkilatlar, vətəndaşlar istehsalat, ictimai və yaşayış yerlərində, küçələrdə, əhalinin istirahət etdiyi, canlıların məskunlaşdığı yerlərdə səs-küyün, vibrasiyanın, elektromaqnit şüalanmanın və başqa zərərli təsirlərin qarşısının alınması və aradan qaldırılması üzrə zəruri tədbirlər görməlidirlər. “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 27.1.3-cü maddəsinə əsasən atmosfer havasına atılan zərərli maddələrin stasionar mənbələri olan hüquqi və fiziki şəxslər atmosfer havasının çirklənməsi səviyyəsinin azaldılması məqsədilə az tullantılı və tullantısız texnologiyaları tətbiq etməyə borcludurlar. Həmin qanunun 28.0.9-cu maddəsinə əsasən müəssisə, idarə və təşkilatların yerləşdiyi yerlərdə atmosfer havasının vəziyyətinə nəzarət qaydalarına əməl etmədikdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada təqsirkar hesab edilən hüquqi və fiziki şəxslər, habelə vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. İXM-in 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, Şəxsnə məxsus, Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 1/50 ünvanında yerləşən mebel fabrikində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X18 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən aparılmış monitorinq zamanı aspirasiya qurğusundan atmosfer havasına zərərli maddələrin (tüstü) atılması faktı öz təsdiqini tapmışdır. Məhkəmədə Şəxs İXM-in 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi işin faktiki halları ilə öz təsdiqini taparaq sübuta yetirildiyindən məhkəmə, Şəxs İXM-in 233.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması qənaətinə gəlmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngüləşdirən hallar və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, inzibati xətanın xarakterini, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs İXM-in 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona inzibati tənbeh olaraq hüquqi şəxs qismində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 10.500 (on min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar