Məhkəmə qərarları › İş №3(001)-2336/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2336/2023

14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2336/2023 14.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Şikayət verən X1 iştirakı ilə, X1 Baş Dövlət Yol Polisi İdarəsinin Xüsusi X5 Xidmətinin inzibati tənbeh vermə haqqında 01 iyun 2023-cü il tarixli TP ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X2 məhkəməyə müraciət edərək, Baş Dövlət Yol Polisi İdarəsinin Xüsusi X5 Xidmətinin 01 iyun 2023-cü il tarixli TP ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin Xüsusi X5 Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli TP5767176 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və Azərbatcan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci və 342.2.2-ci maddəsi ilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. Qəbul edilmiş qərarı qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - 50 manat məbləğində cərimə tətbiq edilir. Həmin Məcəllənin 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə -150 manat məbləğində cərimə tətbiq edilir. Özünə məxsus olan “JEEP GRAND CHEROKKE” minik markalı 99BB078 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə normativ tələblər pozulmaqla hər hansı bir avadanlıq quraşdırlmamışdır. Avtomobil mülkiyyətinə keçirilərkən və daha əvvəlki sahibində olarkən AR DİN BDYPİ tərəfindən pozuntu kimi qəbul edilən xəta törədilməmişdir. 11 may 2023cü il tarixdə 11:00-da DYP-in 99YP740 nömrəli yol patrul xidmətinin əməkdaşları onu dayandırmışlar. Bildirmişlər ki, maşında qanunsuz duman əleyhinə led işıqlar var. Onlara işıqların qanuni olduğunu dedikdə, onlar onu alkotestr vasitəsi ilə içki testi edəcəklərini bildirmişlər. Onlara bunun qanunsuz olduğunu, İXM-də birmənalı olaraq bunun üçün iki nəfər hal şahidi nəzərdə tutulduğunu demişdir. DYP əməkdaşları bildirmişlər ki, maşın duracağa gedəcək və müqavimət göstərmə. DYP əməkdaşları onu yol patrul maşını ilə birbaşa DİN BDYPİ-yə gətirmişlər. Orada Cəmil adlı polis kapitanı ona protokol tərtib etmişdir. Halbuki protokol 99YP740 nömrəli yol patrul xidmətinin əməkdaşı tərəfindən dərhal yerində tərtib edilməli idi. 12 may 2023-cü ildə AR DİN BDYPİ-in əməkdaşı polis polkovniki Azər adlı şəxs ona zəng etmiş və idarəyə dəvət etmişdir. Ona bildirmişdir ki, protokolu ləğv edə bilər, ancaq əvəzində daha yüngül protokol yazılmalıdır. Lakin o, bu təkliflə razılaşmamışdır. Avtomobili bir neçə gün qanunsuz olaraq cərimə duracağında saxlanılmışdır. 18 may 2023-cü ildə Cəmil adlı polis əməkdaşı maşına buraxılış yazmış və o, maşını oradan götürmüşdür. Bu müddət ərzində protokol qərarsız olmuşdur. 01 iyul 2023-cü ildə yenidən onu idarəyə dəvət etmiş, bir daha yüngül protokol ilə əvəz edə biləcəklərini, hətta cəriməni də özləri ödəyəcəklərini demişlər. Lakin o, bununla razılaşmamış, bundan sonra protokol üzrə qərar qəbul edilmişdir. Qeyd edir ki, qərarı qəbul etmiş orqan tərəfindən inzibati xəta pozuntusu sübuta yetirilməmiş, əsassız və qanunsuz olaraq 150 manat məbləğində cərimə edilmişdir. “Yol hərəkəti haqqında” Qanuna 1 saylı Əlavənin 3-cü hissəsinə əsasən istehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir. “JEEP GRAND CHEROKKE” minik markalı 99BB078 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə hər hansı qanunla qadağan olunan dəyişiklik edilməmişdir və bununla bağlı müvafiq şəkillər şikayətə əlavə olunmuşdur.Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə X4 nəzarəti qaydaları barədə Təlimatın 5.3-cü bəndinə əsasən Nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək, qanunla müəyyən edilmiş hallarda texniki baxışları həyata keçirmək, konstruksiyası və ya texniki vəziyyəti “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı əlavəsində göstərilən tələblərə, müəyyən olunmuş standartlara uyğun gəlməyən, habelə konstruksiyalarında özbaşına dəyişiklik aparılmış və icazəsiz yenidən quraşdırılmış nəqliyyat vasitələrinin istismarını qadağan etmək X4 vəzifəsidir. Təlimata 1 saylı əlavədə avtomobilləri müayinə vərəqi nəzərdə tutulmuş və vərəqə doldurulan zaman vərəqi dolduran zaman nəqliyyat vasitəsinin texniki vəziyyəti qeyd edilməli, nasaz və ya çatışmayan konstruksiya hissələrinin, əlavə qurğuların olmasını göstərən nöqsanlı parametrlər isə xətlənməlidir. 19-cu qrafada xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejiminin nəqliyyat vasitəsinin konstruksiyasının tələblərinə uyğunluğunun yoxlanılması qeyd olunmuşdur. xx.xx.2021-ci ildə nəqliyyat vasitəsi BDYPİ-də qeydiyyatdan keçirilmiş, həmçinin tələblərə əsasən qeydiyyatdan əvvəl texniki baxışdan keçirilmiş, lakin protokolda qeyd olunan xarici işıq cihazlarının normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsi ilə bağlı hər hansı bir irad bildirilməmişdir. Hesab edir ki, tərəfindən qanunun tələbləri pozulmamış və inzibati xəta pozuntusu törədilməmişdir. Belə ki, şikayət ərizəsinə əlavə etdiyi avtomobilin əvvəlki sahibində olan şəkillərdən və hazıkı vəziyyətdə olan şəkillərdən müəyyən olunur ki, avtomobildə hər hansı bir dəyişiklik edilməmiş və avtomobil Azərbaycan Respublikasında istismar olunandan hal-hazıra kimi xarici işıq cihazları dəyişdirilməmişdir. Həmçinin avtomobildə olan xarici işıqlar kustar üsulla quraşdırlmamış, zavod istehsalı olan işıqlardır. Belə olan halda DYP əməkdaşları qanunsuz olaraq ona cərimə yazmışlar. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Baş Dövlət Yol Polisi İdarəsinə məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətə Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Baş Dövlət Yol Polisi İdarəsinin Xüsusi X5 Xidmətinin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarından görünür ki, “JEEP GRAND CHEROKKE” minik markalı 99BB078 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən avadanlığın dəyişdirilməsinə görə X2 Azərbaycan Respublikası İXM-in 342.5 və 342.2.2ci maddəsilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, X2 “JEEP GRAND CHEROKKE” minik markalı 99BB078 dövlət qeydiyyat nişanlı avtomobili əvvəlki sahibindən elan saytında yerləşdirilmiş təklif əsasında 2021-ci ilin sentyabr ayında satın almış, avtomobili xx.xx.2021-ci ildə Baş Dövlət Yol Polisi İdarəsində öz adına qeydiyyata saldırmışdır. “JEEP GRAND CHEROKKE” minik markalı 99BB078 dövlət qeydiyyat nişanlı avtomobilin hal-hazırkı vəziyyətini əks etdirən fotoşəkillər əvvəlki sahibin elan saytında yerləşdirdiyi elan linkindəki fotoşəkillərlə müqayisə edildikdə müəyyən edilir ki, X2 tərəfindən “JEEP GRAND CHEROKKE” minik markalı 99BB078 dövlət qeydiyyat nişanlı avtomobilin mübahisəli avadanlığı dəyişdirilməmiş, yəni duman əleyhinə led işıqlar quraşdırılmamışdır. Çünki əvvəlki sahibin elan saytında yerləşdirdiyi elan linkindəki fotoşəkillərdə avtomobildə duman əleyhinə led işıqlar olduğu görünür. Belə olan halda məhkəmə şikayətin o dəlillərilə də razılaşır ki, “JEEP GRAND CHEROKKE” minik markalı 99BB078 dövlət qeydiyyat nişanlı avtomobildə icazəsiz quraşdırılmış avadanlıq olduğu halda bu pozuntu avtomobil texniki baxışdan keçirilərkən, habelə X1 adına qeydiyyata alınarkən müəyyən edilərdi. Belə ki, “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə X4 nəzarəti Qaydaları” barədə Təlimatın 5.3-cü bəndinə görə Nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək, qanunla müəyyən edilmiş hallarda texniki baxışları həyata keçirmək, konstruksiyası və ya texniki vəziyyəti “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı əlavəsində göstərilən tələblərə, müəyyən olunmuş standartlara uyğun gəlməyən, habelə konstruksiyalarında özbaşına dəyişiklik aparılmış və icazəsiz yenidən quraşdırılmış nəqliyyat vasitələrinin istismarını qadağan etmək X4 vəzifəsidir. Təlimata 1 saylı əlavədə avtomobilləri müayinə vərəqi nəzərdə tutulmuş və vərəqə doldurulan zaman vərəqi dolduran zaman nəqliyyat vasitəsinin texniki vəziyyəti qeyd edilməli, nasaz və ya çatışmayan konstruksiya hissələrinin, əlavə qurğuların olmasını göstərən nöqsanlı parametrlər isə xətlənməlidir. 19-cu qrafada xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejiminin nəqliyyat vasitəsinin konstruksiyasının tələblərinə uyğunluğunun yoxlanılması qeyd olunmuşdur. Belə olan halda aydın olur ki, “JEEP GRAND CHEROKKE” minik markalı 99BB078 dövlət qeydiyyat nişanlı avtomobil texniki baxışdan keçirilərkən, habelə X1 adına qeydiyyata alınarkən avtomobildə qanunsuz avadanlığın dəyişdirilməsi aşkar edilməmişdir. Digər tərəfdən əvvəlki sahibin elan saytında yerləşdirdiyi elan linkindəki fotoşəkillərdə avtomobildə duman əleyhinə led işıqlar olduğu göründüyündən X2 tərəfindən sözügedən qayda pozuntusuna yol verilməsi istisna olunur. Azərbaycan Respublikasının İnzinati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, X1 Azərbaycan Respublikası İXM-in 342.5 və 342.2.2-ci maddəsində təqsirli olması sübuta yetirilmədiyindən onun həmin maddə təqsirli bilinib cərimə edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-in 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1-ci və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X1 Baş Dövlət Yol Polisi İdarəsinin Xüsusi X5 Xidmətinin inzibati tənbeh vermə haqqında 01 iyun 2023-cü il tarixli TP ******* saylı qərarından verdiyi şikayət əsaslı olduğundan təmin edilməli, həmin qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D I: Şikayət təmin edilsin. Baş Dövlət Yol Polisi İdarəsinin Xüsusi X5 Xidmətinin inzibati tənbeh vermə haqqında 01 iyun 2023-cü il tarixli TP ******* saylı qərarı ləğv edilsin. X1 Azərbaycan Respublikası İXM-in 342.5 və 342.2.2-ci maddəsi ilə təqsirli bilinib 150 (yüz əlli) manat məbləğində cərimə edilməsi ilə bağlı iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar