Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2350/2025 04.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, FİN: xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokola əsasən Şəxs 03 aprel 2025-ci il tarixdə Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində polisin ünvanına təhqiredici sözlər işlətmiş və polisin işinə mane olaraq tabesizlik etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru X3 izahat verərək bildirmişdir ki, 03 aprel 2025-ci il tarixdə X11 Şöbəsinin əməkdaşları inzibati ərazidə xidmət aparan zaman İlkin Rəhimov adlı şəxs saxlanılmışdır. Saxlanıldığı zaman İlkin Rəhimov polisin tələbinə qəsdən tabe olmamışdır. Bu səbəbdən müəyyən mübahisə yaranmışdır. Hadisə zamanı İlkin Rəhimovun həyat yoldaşı və uşaqları sonuncunun avtomobilində olmuşlar. Mübahisə səbəbindən avtomobildən Şəxs məlumat verilmiş, sonuncu həmin yerə yaxınlaşmışdır. Şəxs İlkin Rəhimovun saxlanıldığı yerə gəlmişdir. Həmin yerdə olan zaman Şəxs polisin fəaliyyətinə müdaxilə etmişdir. Belə ki, sonuncu qanunsuz çəkiliş etmiş, həmçinin polis əməkdaşlarına qarşı bir sıra nalayiq ifadələr işlətmişdir. X12, həm də Şəxs 40-cı polis bölməsinə gətirilmişdir. Tərtib edilmiş raport onun icraatına daxil olmuşdur. Daxil olmuş raport əsasında tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs verdiyi izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə o, yaşadığı evdə olmuşdur. Həmin gün qızı, kürəkəni və nəvələri onlara qonaq gəlmişdir. Uşaqlar daha tez gəlmiş, daha sonra isə İlkin gəlmişdir. Kürəkəni və qızı onun yaxınlığında yaşayırlar. İlkin əvvəlcə qızını və uşaqlarını onlara düşürüb getmiş, daha sonra isə geri qayıtmışdır. Evdə olarkən nə İlkin Rəhimov, nə də o həmin zaman spirtli içki qəbul etməmişlər. Hadisə ilə bağlı qeyd etməlidir ki, qızı, yəni İlkin Rəhimovun həyat yoldaşı ona zəng etmiş, ağlaya-ağlaya İlkinin polis əməkdaşları tərəfindən aparıldığını bildirmişdir. O, da həmin ünvana getmiş, polis əməkdaşları ondan İlkinin avtomobilini təhvil götürməyi tələb etmişlər. O, həmin tələblə razılaşmayaraq həmin avtomobili idarə etmək üçün etibarnaməsinin olmadığını bildirmişdir. Lakin əlavə olaraq da bildirmişdir ki, o, öz avtomobili ilə qızını və nəvələrini oradan götürüb apara bilər. Həmin zaman polis əməkdaşlarına qarşı hər hansı bir müqavimət göstərməmiş və yaxud mübahisə etməmişdir. Polis əməkdaşları onun tərəfindən çəkiliş aparıldığını bildirsə də, o, hər hansı bir çəkiliş aparmamışdır. Onun telefonu hadisədən sonra polis əməkdaşlarına təhvil verilmişdir, telefonunun tədqiq edilməsinə, orada hər hansı bir videonun olub-olmamasının yoxlanılmasına heç bir etirazı yoxdur. Məhkəmə iclasında şahid Binəqədi Rayon Polis İdarəsinin X11 şöbəsi, yol patrul xidməti inspektoru, polis serjantı X2 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə axşam saatlarında İlkin Rəhimov adlı vətəndaş tələbindən qayda pozuntusu törədildiyi üçün saxlanılmışdır. Həmin şəxsdən spirtli içki qoxusu gəldiyi üçün sonuncudan alkotester vasitəsi ilə müayinədən keçməsi tələb edilmişdir. X5i tələbə tabe olmamışdır. Həmin zaman hadisə yerinə Şəxs gəlmişdir. Sonradan bilmişlər ki, Şəxs İlkin Rəhimovun qayınatasıdır. Şəxs avtomobili təhvil almağı xahiş edilmiş, lakin sonuncu etibarnaməsinin olmadığını bildirməklə İlkin Rəhimovun avtomobilini idarə etməkdən imtina etmişdir. Lakin bildirmişdir ki, qızını və nəvələrini öz avtomobili ilə apara bilər. Onlar Şəxs ilə razılaşmışlar və bu qənaətə gəlmişlər ki, İlkin Rəhimovun avtomobilinin açarı özü ilə birlikdə polis bölməsinə təhvil verilər. Lakin həmin zaman Şəxs mobil smartfon vasitəsi ilə video-çəkiliş aparmış, ilk dəfə Şəxs çəkiliş aparmağın qanunsuz olması bildirilərək video-çəkiliş aparmaması bildirilmiş, Şəxs əvvəlcə onunla razılaşmış, bir qədər sonra isə Şəxs yenidən çəkiliş aparmışdır. Bundan sonra Şəxs da İlkin Rəhimovla birgə polis bölməsinə gətirilmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs yalnız video-çəkiliş aparıldığına görə polis bölməsinə gətirilmişdir, sonuncu tərəfindən hər hansı bir müqavimət göstərilməmişdir. Məhkəmə iclasında şahid Binəqədi Rayon Polis İdarəsinin X11 şöbəsi, yol patrul xidməti inspektoru, polis kiçik serjantı X8 şahid X2 ilə oxşarməzmunlu izahat vermişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində AR İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 00:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs tərəfindən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş və inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş raportda ümumi ifadələrə istinad olunmuş, Şəxs polisin hansı qanuni tələblərinə tabe olmaması göstərilməmiş və raportda göstərilən halları təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə inzibati xətanın olub-olmamasını, inzibati xəta törətmiş şəxsin təqsirini sübut edən mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş, işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları məhkəmə iclasında da müəyyən etmək mümkün olmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, polis orqanı tərəfindən Şəxs AR İXM-nin 535.1-ci maddəsi ilə təqsirli olmasını təsdiq edən sənəd kimi yalnız inzibati xəta haqqında protokolun məhkəməyə təqdim edilməsi yetərli hesab olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar şahid ifadələri, hadisənin videogörüntüləri və digər zəruri sübutlarla təsdiq olunmalıdır. Lakin hazırkı materialda Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir sübuta istinad olunmamış və ümumi sözlərlə şəxsin müvafiq inzibati xətanı törətməsi göstərilmişdir. Hazırki iş üzrə isə səlahiyyətli orqan tərəfindən məhkəməyə hər hansı bir başqa sübut təqdim olunmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta törətməsi yalnız şahid ifadəsi ilə təsdiq oluna bilər. Odur ki, məhkəmə iclası zamanı Şəxs tərəfindən törədilməsi istinad edilən inzibati xətanın şahidi olmuş Binəqədi Rayon Polis İdarəsinin X11 şöbəsinın əməkdaşları X2 və X8 məhkəmənin təşəbbüsü ilə çağırılaraq izahatları alınmışdır. Şahidlərin izahatlarında göstərdiyi xüsusatlar isə Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qənaətinə gəlməyə əsas vermir. Belə ki, şahidlərin bildirdiyinə görə, Şəxs ona qanunsuz video-çəkiliş aparılmamağı bildirildiyi halda video-çəkiliş aparmışdır. Buna görə, sonuncu polis bölməsinə gətirilmişdir. Raporta göstərilənlər digər xüsusatlar isə reallığa uyğun olmamışdır. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsinin sübut edilməsi protokol tərtib etmiş orqanın üzərinə düşür. Şəxsin inzibati xətanın törədilməsində təqsirli bilinməsi yalnız sübutlar əsasında müəyyən edilə bilər. Lakin hazırki iş üzrə Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi mötəbər sübutlarla təsdiq olunmur. Nəzərə alınmalıdır ki, Şəxs məhkəmə iclasında verdiyi izahatında mobil telefonunun yoxlanılmasına etiraz etmədiyini, onun telefonu ilə hər hansı bir videonun qeydə alınmadığını bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şahidlərin izahatı əsasında müəyyən edilmişdir ki, Şəxs barəsində protokol çəkiliş apardığı zaman polis əməkdaşlarının ona çəkilişi dayandırması barədə yönələn tələbə tabe olmadığı üçün tərtib olunmuşdur. İXMnin 535.1-ci maddəsində məsuliyyət polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Normanın dizposiyasından göründüyü kimi qeyd edilən norma ilə inzibati məsuliyyət yaranması üçün ilk növbədə şəxsə yönələn tələb qanuni olmalıdır. Məhkəmə əməldə inzibati xəta tərkibinin mövcudluğunun müəyyən edilməsi üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə yönələn tələbinin qanuniliyini yoxlamağı zəruri hesab edir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yolpatrul xidməti haqqında” Təlimatın 4.7-ci bəndində göstərilmişdir ki, YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi dayandırılarkən bütün hallarda patrul avtomobilində və ya postda quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır. Göründüyü kimi, YPX-nin fəaliyyəti tənzimlənən zaman səs və video yazıların aparılması qeyd olunan təlimatda təsbit olunmuşdur. Müvafiq icra hakimiyyəti tərəfindən təsbit olunmuş qaydalar əməkdaşların xidməti fəaliyyəti zamanı şəffaflığın təmin edilməsinə və özbaşınalıq hallarına yolverilməsinin qarşısının alınmasına xidmət edir. Odur ki, YPX əməkdaşının fəaliyyəti hər bir halda təlimata uyğun olaraq qeydə alındığı halda kənardan vətəndaşların çəkiliş aparması qanunsuz hal hesab edilə bilməz, bu həmin çəkilişin dayandırılmasını tələb edən tələb isə qanuni tələb kimi qiymətləndirilməməlidir. Əlavə olaraq qeyd edilməlidir ki, YPX əməkdaşları həmin zaman xidməti fəaliyyətlərini icra edirlər, xidməti fəaliyyət isə şəxsi həyat hesab edilmədiyi üçün xidməti fəaliyyət zamanı polis əməkdaşının qeyd alınması şəxsi həyata müdaxilə kimi nəzərə alınmamalıdır. Bundan başqa məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs çəkiliş aparması öz təsdiqini tapmamışdır. Belə ki, hadisə zamanı Şəxs telefonunun əlində olduğunu təsdiq etmiş, lakin həmin zaman video-çəkiliş aparılmadığını bildirmiş, həmçinin mobil telefonunun tədqiq edilməsinə etiraz etmədiyini söyləmişdir. Lakin məhkəmə şahid izahatlarına əsasən, yaranan situasiyaya hüquqi baxımdan qiymət vermiş və belə nəticəyə gəlmişdir ki, hadisə şahidlərin izahatlarında göstərdiyi şəkildə baş vermiş olduğu halda belə Şəxs yönələn tələb qanuni olmamışdır. Odur ki, Şəxs əməlində inzibati xəta tərkibi yaranmır. Şərh olunan hallara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs təqsiri AR İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş və onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı halda Bakı şəhəri Binəqədi Rayon Polis idarəsinin 40-cı Polis Bölməsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-2350/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2350/2025
04.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver