Məhkəmə qərarları › İş №3(001)-2351/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2351/2023

06.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2351/2023 06.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Şikayət verən X4 Ebrahimin müdafiəçisi “Femida” vəkil bürosunun vəkili Vəkil, Qərarından şikayət verilən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, X4 Ebrahimin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin MN № ******* nömrəli xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X4 Ebrahim məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin MN № ******* nömrəli xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 Ebrahimin müdafiəçisi “Femida” vəkil bürosunun vəkili Vəkil şikayətini onunla əsaslandırmışdır ki, Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi barədə qərarı ilə X4 Ebrahim Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.6cı maddəsi ilə 400 manat məbləğində cərimə tətbiq edilməklə, ölkədən inzibati qaydada çıxarılmış və ölkəyə gəlmək hüququ 5 il müddətinə məhdudlaşdırılmışdır. Lakin çıxarılmış qərar X4 Ebrahimin hüquqlarını kobud surətdə pozur və əsassızdır. Belə ki, X4 Ebrahim sonuncu dəfə xx.xx.2021-ci il tarixli icazə əsasında xx.xx.2021-ci il tarixədək ölkədə yaşama hüququ əldə etmişdir. Daha sonra karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar əcnəbilərin ölkədə qalmasına icazə verilmişdir. X4 Ebrahim isə Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti məşğul olmaq və karantin rejimi bitdikdən sonra ölkədə bu əsasla qalmaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Həmin müraciətin təmin edilməsindən formal olaraq imtina edilmişdir. X4 Ebrahim bütün digər əcnəbilər kimi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkədən məcburi qaydada çıxarılmasını ayrı-seçkilik və bərabərlik hüququnun pozuntusu hesab edir. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən koronavirus (COVİD-19) infeksiyasını ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 sentyabr saat 06:00-dək uzadılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Həmin Məcəllənin 53.1.3-cü maddəsinə əsasən şəxs son zərurət vəziyyətində hərəkət etdikdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin MN № ******* nömrəli xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X2 şikayəti əsassız hesab etməklə yanaşı bildirmişdir ki, İran İslam Respublikasının vətəndaşı, xx.xx.1958-ci il təvəllüdlü ********* nömrəli pasporta malik olan X4 Ebrahimin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli qərar qəbul edilmiş və onun üzərinə 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyi qoyulmuşdur. Qərarın surəti xx.xx.2023-cü ildə X4 Ebrahimə şəxsən təqdim edilmişdir. O, qərarı almasına dair müvafiq qeydiyyat kitabında imza etmişdir. Şəxsə 10 gün ərzində (sonuncu tarix xx.xx.2023-cü ilə qədər) üzərinə ölkə ərazisini tərk etmək öhdəliyi qoyulmasına baxmayaraq ölkədən getməkdən boyun qaçırdığından Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 575.1.6-cı maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilməklə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılaraq Azərbaycan Respublikasında gəlmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmışdır. Bununla yanaşı, inzibati tənbeh vermə haqqında qərar xx.xx.2023-cü il tarixdə şəxsə təqdim edilmiş, sonuncu isə təyin olunmuş inzibati cərimənin ödənişini təmin etmədən xx.xx.2023-cü il tarixdə saat 15:42 radələrində ölkəni tərk etmişdir. Miqrasiya Məcəlləsinin 79.5.2-ci maddəsinə əsasən kənara çıxarma haqqında qərar əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə təqdim edildiyi vaxtdan müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi ləğv edilmiş, habelə qaçqın statusu verilməsindən imtina edilmiş şəxslərin üzərlərinə 10 gün ərzində ölkəni tərk etmək öhdəliyi qoyur. İnzibati Xətalar Məcəlləsinin 575.1.6-cı maddəsinə əsasən ölkədə olma və ya yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçırmasına əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Qeyd olunanlara əsasən şikayətin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 24 fevral 2023-cü il tarixli ******* nömrəli “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında” qərarından görünür ki, xx.xx.1958-ci il təvəllüdlü, ********* nömrəli pasporta malik olan X4 Ebrahim 05 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək, Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsinə əsasən ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsini xahiş etmişdir. Təqdim olunmuş sənədlərə əsasən aparılmış icraat nəticəsində şəxsin rəhbəri olduğu şirkətin fəaliyyətinin olmadığı müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, İran İslam Respublikasının vətəndaşı, xx.xx.1958-ci il təvəllüdlü, ********* nömrəli pasporta malik olan X4 Ebrahimin 05 fevral 2023-cü il tarixli müraciəti təmin edilməmiş, onun üzərinə 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyi qoyulmuş, qərardan hüquqi qüvvəyə mindiyi gündən 30 gün müddətində inzibati və ya məhkəmə qaydasında şikayət (inzibati iddia) vermək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Forma №18 qeydiyyat kitabından çıxarışdan görünür ki, İran İslam Respublikasının vətəndaşı olan X4 Ebrahim Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 24 fevral 2023-cü il tarixli ******* nömrəli “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında” qərarını xx.xx.2023-cü ildə qeydiyyat kitabına imza etməklə şəxsən almışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, İran İslam Respublikasının vətəndaşı olan X4 Ebrahimin üzərinə 10 gün ərzində (sonuncu tarix xx.xx.2023-cü il) ölkə ərazisini tərk etmək öhdəliyi qoyulmasına baxmayaraq o, ölkədən getməkdən boyun qaçırdığından İnzibati Xətalar Məcəlləsinin 575.1.6-cı maddəsi ilə təqsirli bilinərək ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilmiş, Azərbaycan Respublikasında gəlmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən təqdim edilmiş sərhədkeçmə haqqında məlumatdan görünür ki, İran İslam Respublikasının vətəndaşı olan X4 Ebrahim xx.xx.2023-cü ildə saat 15:42:51-də Biləsuvar DSBM-dən ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmışdır. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin: 44.1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar. 79.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı aşağıda göstərilən hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində kənara çıxarma haqqında qərar qəbul edir:79.1.1. vizası və ya müvəqqəti olma müddətinin uzadılması barədə qərarı, yaxud müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi ləğv edildikdə. 79.5-ci maddəsinə görə kənara çıxarma haqqında qərar əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə təqdim edildiyi vaxtdan həmin şəxslərin üzərinə aşağıdakı müddətlərdə ölkəni tərk etmək öhdəliyi qoyur: 79.5.2. müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi ləğv edilmiş, habelə qaçqın statusu verilməsindən imtina edilmiş şəxslər – 10 gün ərzində. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 575.1-ci maddəsinə görə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, yaşama və ya Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçmə qaydalarını pozmasına, yəni: 575.1.6. ölkədə olma və ya yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçırmasına görə - əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Göstərilənlərə əsasən məhkəmə şikayət verən şəxs X4 Ebrahimə istinad edilən inzibati xətaya inzibati-xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət etmiş və onun əməli düzgün olaraq İXM-in 575.1.6-cü maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X4 Ebrahimin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİ: X4 Ebrahimin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar