Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2351/2025 04.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin sahə inspektoru, polis mayoru X1, müdafiəçi “Fides” Vəkil Bürosunun vəkili X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Gədəbəy rayonu, Pərizamanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, Gədəbəy rayonu, Pərizamanlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin sahə inspektoru, polis mayoru X4 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin sahə inspektoru, polis mayoru X4 tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin sahə inspektoru, polis mayoru X4 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi yol patrul xidmətinin əməkdaşlarının tərtib etdiyi raport onu icraatına daxil olmuşdur. O, raport üzrə araşdırma aparmış, Şəxs izahatını almış və nəticədə Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin mövcud olduğu müəyyən edilmişdir. Bu səbəbdən Şəxs barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmiş və protokol baxılması üçün məhkəməyə təqdim edilmişdir. Şəxs eyni zamanda polisin ünvanına təhqirli ifadələr də işlətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, qaynatasının evinə qonaq gəlmiş, daha sonra oradan çıxıb evə getdiyi zaman, yolda polis avtomobili onunla üzbəüz gəlmiş və onun avtomobilinin bərabərliyinə çatan zaman əli ilə işarə etdi ki, avtomobilini saxlasın. Daha sonra polis əməkdaşı avtomobildən enmiş və onun avtomobilinə yaxınlaşaraq özünü təqdim etmişdir. Birbaşa ona içkili olduğunu bildirmişdir. Onun da avtomobilində ailə üzvləri - yoldaşı, 3 yaşlı və 3 aylıq uşaqları avtomobilin arxa hissəsində oturmuşar. O polislərə bildirmişdir ki, içki içən deyildir və içki içməmişdir. Polis əməkdaşları isə ona yoxlamalı olduqlarını bildirmişlər. O, etiraz etməmiş və bildirmişdir ki, cihazın şəhadətnaməsini təqdim etdikdən sonra yoxlaya bilərlər. Lakin, polis əməkdaşları bunu etməmiş və daha sonra bildirmişlər ki, onu yoxlamaq üçün testə aparacaqlar. O isə yenə etiraz etməmiş, testdə içkili olmadığı müəyyən edilərsə onu yenidən geri qaytarıb-qaytarmayacaqları soruşdmuşdur. Bundan sonra polislər ona geri qaytarmayacaqlarını bildirmişlər. 40 dəqiqəyə yaxın avtomobilidə uşaqları ağlamışdır. Bu şəkildə polislər ona təzyiq edərək tabesizlik etdiyi üçün post patrul əməkdaşları çağıracaqlarını bildimişlər. O, etiraz etməmiş, bu vaxtı o 902 çağrı mərkəzinə zəng etmiş, avtomobilin nömrəsini deməyə çalışırarkən polis əməkdaşları qapını açıb, onu avtomobilindən çölə çıxarmağa çalışmışlar. O, artıq telefonu ilə polis əməkdaşlarını çəkməyə başlamış, bundan isə polislərin xəbəri olmuşdur. Bu zaman polis əməkdaşı özünə məxsus telefon ilə onu gizlincə çəkməyə başlamış, həmin vaxtı polis əməkdaşı onun telefonunu əlindən almağa cəhd etmiş və ona bildirmişdir ki, o, polislərin işinə mane olur və qeyri-qanuni çəkiliş edir. Telefonu əlindən almış və cibinə qoymuşdur. Post patrul əməkdaşları gəldikdən sonra düşüb özü PPX əməkdaşları ilə getmək istəsə də onu ailəsinin gözü qarşısında avtomobildən çəkib düşürərək sinəsindən və arxasından zərbələr endirmişlər. O, testdən keçməyə imtina etməmiş, sadəcə əgər testdə içkili çıxmasa onu geri qaytarmaqlarını tələb etmişlər. Sonda etdiyi əməldən peşman olduğunu bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid Binəqədi Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi, yol patrul xidməti inspektoru, polis serjantı X2 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə gecə təxmini 23:00 radələrində Sulutəpə qəsəbəsində xidmət apararkən **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobildə sürücünün qabaq oturacaqda az yaşlı sərnişin əyləşməsini müşahidə edib, saxla işarəsi vermişlər. Saxlayandan sonra digər polis əməkdaşı, yəni Qasım Əliyev sürücüyə yaxınlaşıb özünü təqdim etdikdən sonra sürücü avtomobilinin şüşəsini açdığı zaman içəridən kəskin spirt qoxusu gəldiyini hiss edib, sürücünün içkili olduğuna şübhə etmişdir. Sürücüyə ilk öncə alkotestr ilə müayinədən keçməyi təklif etmişlər. Sürücü alkotestrdən imtina etmiş və onlardan alkotesterin şəhadətnaməsini göstərməyi təklif etmişdir. Onlar sürücüyə dəfələrlə alkotestrin şəhadətnaməsi göstərsə də sürücü bundan imtina etmişdir. Sürücüyə əgər alkotestrlə müayinədən imtina edirsə avtomobili yolun kənarında saxlamasını və birlikdə həkim müayinəsinə getməyi təklif etsələr də sürücü bundan da imtina etmişdir. Qeyd etdiyi proseslərin hamısı video çəkiliş aparılaraq qeydə alınmışdır. Şəxs bildirmişdir ki, heç bir yerə getmir və onu heç kimsə avtomobilindən düşürə bilməz. Hətta Şəxs onlara “kimsiniz burada xidmət aparırsınız? deyərək günüz vaxtları bu ərazilərdə onları görmədiyini bildirmişdir. Verilmiş suallara cavab olaraq avtomobili qabaq oturacaqda azyaşlı uşaq olduğu üçün saxladıqlarını, azyaşlı uşağın ön oturacaqda əyləşməsi video çəkilişdə də öz əksini tapdığını, sürücünun daha sonra həmin az yaşlı uşağı arxaya oturacağa keçirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid Binəqədi Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi, yol patrul xidməti inspektoru, polis kiçik serjantı X9 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Sulutəpə qəsəbəsində xidmət apararkən **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobildə sürücünün qabaq oturacaqda az yaşlı sərnişin əyləşdirməsini müşahidə edib, saxla işarəsi vermişlər. Daha sonra sürücüyə yaxınlaşıb özünü təqdim etdikdən sonra qayda pozuntusunu izah etməyə başlamışdır. Avtomobildən spirtli içki qoxusu gəldiyi üçün sürücünün spirtli içki qəbul edib-etməməyini yoxlamaq məqsədi ilə alkotestrdən keçməyi təklif etmişdir. Bu zaman sürücü onu çox aqressiv şəkildə həmin ərazinin onların xidməti ərazisi olmadığını, günortalar bu ərazidə onları görmədiyini, ancaq gecələr xidmət apardıqlarını bildirmişdir. Lakin ona imkan belə verməmişdir ki, 2-ci növbənin əməkdaşları olduqlarını və gecə növbəsinə çıxdıqlarını izah etsin. Şəxs bildirmişdir ki, həmin ərazi məhəllədir, məhəllədə onlar xidmət apara bilməzlər. O, sürücüyə səbəbsiz saxlanılmadığını, ön oturacaqda az yaşlı uşaq əyləşdiyini söyləmişdir. Həmçinin sürücüyə əlavə olaraq bildirmişdir ki, sadəcə spirtli içki içib-içməməyini yoxlayacaqlar. Sürücü isə alkotesterdən keçməkdən imtina etmişdir. Bundan sonra Şəxs alkotester vasitəsi ilə müayinədən imtina etməyin hüququ olduğunu bildirmiş və sonuncunu həkim müayinəsindən keçməyə dəvət etmişdir. Şəxs isə bununla razılaşmamış və onu yenidən geri qaytaracaqlarını soruşmuşdur. Şəxs bildirmişdir ki, sürücünü geri qaytarmaq yol polisinin vəzifəsi deyil, əgər spirtli içki aşkar olunarsa, əlbəttə onu yenidən avtomobilin yanına təmin edəcəklər. Avtomobili də duracağa aparacaqlar. Bundan sonra Şəxs onları video-çəkiliş aparmaqla qeydə almağa başlamışdır. Məhkəmə iclasında “Fides” Vəkil Bürosunun vəkili X5 bildirmişdir ki, videogörüntülərə baxmışlar, video-görüntülərdə hüquqlarını müdafiə etdiyi şəxsin orada müəyyən dərəcədə emosional davranışları görünə bilər. Bu da ailəsinin yanında olması, gecə olması ilə əlaqədar olmuşdur. Polis əməkdaşı orada alkotesterdən keçməyi təklif edir. Lakin, sürücü alkotestrdən keçə də bilər, yaxud keçməyib, müayinəyə də gedə bilər. Bu hissədə heç bir mübahisə yoxdur. Sürücü də alkotesterdən müəyyən əsaslarla imtina edir. Sadəcə sürücü alkotestrdən keçməyərək, müayinədən keçə bilər. Müayinəyə getməkdən də Şəxs imtina etmir və buna qarşı etiraz bildirmir. Polis əməkdaşları tərəfindən raport tərtib edilmişdir, lakin raportda qeyd edilən bəzi məsələlər, yəni sürücünün onları vurması, təhqir etməsi və sair görüntülərdə öz əksini tapmır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. ÖVY 181386 nömrəli şəhadətnamədən görünür ki, 91012597 zavod nömrəli alkometr yoxlamadan keçmiş, növbəti yoxlama tarixi xx.xx.2025-ci il olaraq müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 00:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclası zamanı alkometrə baxış keçirilmiş və alkometrin şəhadətnamə ilə uyğunluq təşkil etdiyi müəyyən olunmuşdur. Elektron məhkəmə informasiya sisteminə baxış zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2022-ci il təvəllüdlü Nilay Rəhimli, xx.xx.2024-cü il təvəllüdlü Ayla Rəhimli adlı azyaşlı övladları vardır. Məhkəmə iclasında təqdim edilmiş 2 ədəd diskdə olan video-görüntülərə baxılaraq müəyyən edilmişdir ki, Şəxs idarə etdiyi nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən saxlanılmışdır. Şəxs həmin zaman hər hansı bir qurumun qaynar xəttinə zəng etmişdir və hadisə barədə məlumat verir. Videonun ilkin dəqiqələrində Şəxs idarə etdiyi avtomobilin ön sərnişin oturacağında azyaşlı uşağın oturması öz təsdiqini tapır. Videolara baxış zamanı əlavə olaraq müəyyən edilir ki, yol patrul xidməti inspektorları Şəxs ondan spirtli içki qoxusu gəldiyini bildirməklə müayinədən keçməyini tələb edirlər, Şəxs isə cihazın sənədinin göstərilməsini tələb edir, inspektor sənədi göstərdiyini bildirməklə Şəxs baxmasını tələb etsə də, Şəxs inspektorun göstərdiyi sənədə baxmır. Həmçinin inspektor tərəfindən Şəxs ondan spirt qoxusu gəldiyi və həkim müayinəsinə getməli olduqları bildirildiyi halda Şəxs ondan spirt qoxusu gələ bilməz deyə cavab verir, lakin həkim müayinəsinə getməyə razı olduğunu bildirmir. Yalnız sonda polis əməkdaşları tərəfindən post-patrul xidmətinə məxsus avtomobilin arxa hissəsinə əyləşdirilən zaman maşında olan şəxsləri evə düşürdükdən sonra gedə biləciyini bildirir və bunun üçün şərait yaradılmasını istəyir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Odur ki, inzibati xəta haqqında protokol düzgün olaraq tərtib olunmuş, şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 23:00 radələrində Binəqədi DYPŞ-nin əməkdaşları tərəfindən Şəxs idarə etdiyi **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilə ön sərnişin oturacağında azyaşlı uşaq əyləşdiyi üçün sürücü Şəxs avtomobilin saxlanılması işarəsi verilmişdir. Bununla bağlı Şəxs barəsində İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol da tərtib edilmişdir. Həmin zaman Şəxs yaxınlaşan inspektor spirt qoxusu hiss etdiyi üçün Şəxs müayinədən keçməyi tələb etmişdir. Lakin Şəxs alkometrin sənədini tələb etməklə müayinədən imtina etmişdir. Həkim tibbi müayinəsinə getmək təklif edildikdə isə polis əməkdaşlarından içkili olmadığı müəyyən edildiyi halda polis əməkdaşlarının onu geri qaytarıb-qaytarmayacağını soruşmuşdur. Həmçinin polis əməkdaşları həkim müayinəsinə getməli olduqlarını bildirdikləri halda Şəxs razılaşaraq müayinəyə getməmiş, yalnız sonda PPX əməkdaşları tərəfindən Şəxs patrul avtomobilinə əyləşdirilən zaman maşında olan ailə üzvlərini ev düşürdükdən sonra həkim müayinəsinə gedə biləcəyini söyləmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 535.1-ci maddəsində polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Normanın dizposiyasından göründüyü kimi qeyd edilən norma ilə inzibati məsuliyyət yaranması üçün ilk növbədə şəxsə yönələn tələb qanuni olmalıdır. Məhkəmə Şəxs yönələn tələbin qanuni olub-olmamasına münasibətdə qeyd edir ki, "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının: 2.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir: 2.1.1. nəfəsindən alkoqollu içki qoxusu gəldikdə; 2.1.2. ayaq üstə sərbəst dayana bilmədikdə; 2.1.3. özünü idarə edə bilmədikdə. 2.2-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. 3.1-ci bəndinə əsasən alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Göründüyü kimi hansı hallarda şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsinin həyata keçirilməsi və bunun prosedur qaydaları konkret olaraq müəyyən edilmişdir. Hazırki iş üzrə də Şəxs idarə etdiyi avtomobildə ön sərnişin oturacağında azyaşlı uşaq əyləşdiyi üçün sonuncuya saxla işarəsi verilmişdir. “Yol hərəkəti haqqında” qanunun 56-cı maddəsinin İX bəndinin 2-ci yarımbəndinə əsasən minik avtomobilinin qabaq oturacağında uşağı saxlayan xüsusi qurğu olmadıqda, 12 yaşınadək uşaqları həmin nəqliyyat vasitələrində daşımaq qadağan edilir. Qeyd edilən qayda pozuntusunu törətdiyinə görə Şəxs YPX əməkdaşları tərəfindən saxlanılmışdır (uşağın ön oturacaqda əyləşməsi video-görüntüyə baxış zamanı müəyyən edilmişdir). Həmin pozuntu ilə bağlı Şəxs barəsində xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Avtomobilə yaxınlaşan inspektor Şəxs nəfəsindən alkoqollu içki qoxusu hiss etdiyi üçün sonuncudan müayinədən keçməyi təklif edən zaman alkotesterlə müayinədən keçməkdən imtina etdiyinə baxmayaraq həkim müayinəsindən keçməyə də getməmişdir. Odur ki, Şəxs sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etməsinə baxmayaraq tibbi müayinəyə getməmiş, bununla da o, polis işçisi ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamış, nəticədə İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, raport, şahid izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-nin 32.2-ci maddəsinə əsasən Şəxs himayəsində az yaşlı övladlarının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, törədilməsi hallarını, yuxarıda göstərilən məsuliyyəti yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, ona inzibati cərimə növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmçinin İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldanda göründüyü kimi Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə xx.xx.2025-ci il tarixdə, saat 00:30-da inzibati qaydada tutulmuş, bundan sonra azad edilməmiş, məhkəmə iclasına da polis əməkdaşlarının müşayəti ilə gətirilmişdir. Ona görə də, məhkəmə Şəxs məhkəmə baxışına qədər inzibati qaydada tutulmasını nəzərə alaraq cərimə cəzasının İXM-nin 31.4-1-ci maddəsinin tələblərinə uyğun tətbiq edilməsi qənaətinə gəlir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin Məcəllənin 31.4-1-ci maddəsinə uyğun olaraq inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protsesti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-2351/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2351/2025
04.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver