Məhkəmə qərarları › İş №3(001)-236/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-236/2022

28.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-236/2022 28.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Laçın rayonu, Şəlvə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, xxxxxxxFİN-ə malik olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 329.1 və 333.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdim: Məhkəmənin icraatına Bakı şəhəri Baş Polis İdarəsi X4 İdarəsinin Yol patrul xidməti baş inspektoru, polis leytenantı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri tərtib edilmiş 16.12.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə, inzibati xəta haqqında işlər üzrə X3 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, barəsində Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nin polis əməkdaşı tərəfindən 16.12.2021-ci il tarixdə, səhər saatlarında sərxoş halda avtomobil idarə etməsi ilə əlaqədar protokol tərtib edilmişdir. O, kafe işlədir, kafedə olarkən müştərilər narazılıq etdiyindən nümunə üçün bir bakal içki içmişdir. İçkili vəziyyətdə yola çıxmasına səbəb məcbur qalaraq həyat yoldaşını xəstəxanaya aparması olmuşdur. Ona görə də, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 16.02.2021-ci il tarixli sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokol və ona əlavə edilmiş qəbzdən görünür ki, Şəxs sərxoşluq vəziyyətinin müayinəsi məqsədi ilə xüsusi texniki vasitədən istifadə edilmiş və onun bədənində 0,354 promil miqdarında alkoqol aşkar edilmişdir. Həmçinin həmin protokoldan müəyyən edilmişdir ki, Şəxs qeyd olunan protokolun izahat hissəsinə müayinə məqsədi ilə həkimə ehtiyacının olmadığını və spirtli içki qəbul etdiyini etiraf etməsinə dair qeyd əlavə etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 16.12.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 16.12.2021-ci il tarixdə təhlükəsizlik kəməri bağlamadan, eyni zamanda sərxoş halda nəqliyyat vasitəsini idarə etmiş, nəticədə İXM-in 329.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır, lakin İXM-in 329.1-ci maddəsi ilə araşdırmanın aparılması Bakı şəhəri Baş Polis İdarəsi X4 İdarəsinə həvalə olunmalıdır. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, Şəxs törətməsi ehtimal edilən İXM-in 329.1ci maddəsi ilə olan xətaya münasibət bildirmək məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin maddə üzrə məhkəmə araşdırmasının aparılması qanunvericiliyin tələblərinə ziddir. Bununla yanaşı, iki və ya daha çox inzibati xəta törətmiş şəxs barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbehin tətbiq edilməsinə dair qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə XM-in 329.1-ci maddəsi ilə araşdırmanın aparılması Bakı şəhəri Baş Polis İdarəsi X4 İdarəsinə həvalə olunması qənaətinə gəlmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. İş materiallarından da göründüyü kimi, Şəxs 16.12.2021ci il tarixdə nəqliyyat vasitəsini sərxoş halda idarə etməsi faktı sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokol ilə yanaşı ona əlavə edilmiş qəbzlə sübuta yetirilmişdir. Həmçinin sözügedən müayinə protokolunun qeyd hissəsində Şəxs spirtli içki qəbul etməsini etiraf etmişdir. Beləliklə, Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 333.1-ci maddələrinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs əməli düzgün olaraq İXM-in 333.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri iş materialları ilə tam sübuta yetirildiyinə görə İXM-in 333.1-ci maddəsi ilə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 333.1-ci maddəsi ilə inzibati cərimə növündə tənbeh təyin edilməli, İXM-in 329.1-ci maddəsi ilə olan xətaya münasibət bildirmək məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin maddə üzrə araşdırmanın aparılması Bakı şəhəri Baş Polis İdarəsi X4 İdarəsinə həvalə olunmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. 16.12.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair hissəsi üzrə araşdırmanın aparılması Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar