Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2367/2022 30.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, X1 iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Gürcüstan, Marneuli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ 10781435 saylı qərardan verdiyi şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, EQ 10781435 saylı qərar qəbul edilmişdir. X2 həmin qərarın ləğv edilməsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayətlə müraciət etmişdir. X4 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində, saat 11:46da Yevlax-Zaqatala yolunun 7.8-ci km Ərəbbəsrə kəndi yaxınlığında Baş Dövlət Yol Polisi İdarəsinə məxsus yol kənarında quraşdırılmış xüsusi texniki vasitəsi olan VVC-MC800P saylı Smart Radar tərəfindən idarə etdiyi **-UC-*** nömrəli avtomobilinə cərimə yazılmışdır. Radarın göstəricilərinə əsasən həmin vaxt onun hərəkət sürəti 82 km/s təşkil edir, radarın quraşdırıldığı yer isə nişan və yol hərəkəti qaydalarına əsasən sürət limiti 90 km/s təşkil etməlidir. Lakin Radarın sürət limiti 60 km/s təyin edilmişdir kı, bu da ərazidə olan qaydalarla ziddiyyət təşkil edir. Maşında quraşdırılmış videoregistratora nəzər salsaq, sonuncu yaşayış məntəqəsinin "AŞAĞİBULAQ" olması və həmin məntəqənin qurtaracağını bildirən 5.23 nişanının olmasını görürük (video 00:12-cı saniyə). Həmin nişan, yaşayış məntəqələrində hərəkət qaydalarını tənzimləyən müvafiq tələblərin tətbiq olunduğu sahənin bitməsini bildirir. Yol hərəkəti haqqında qanunun 50-cı maddəsinin 2-ci bəndində nəqliyyat vasitələrinin müəyyən olunmuş sürət hədləri göstərilmişdir. Yaşayış məntəqələrində bütün avtomobillər 60 km/s-dan çox olmayan sürətlə, çəkisi 3.5 tondan artıq olmayan minik avtomobilləri başqa yollarda 90 km/s dan çox olmayan sürətlə, avtomagistrallarda isə 110 km/s-dan çox olmayan sürətlə hərəkət edə bilərlər. Belə olan halda yaşayış məntəqəsi bitdiyindən və avtomagistral işarəsi olmadığından həmin yol 90 km/s təşkil edir. Qaydalara əsasən yollarda sürətin məhdudlaşdırılması üçün 3.24 nişanı qoyula bilər (video 01:44-cü saniyə). Eyni zamanda 3.24 nişanından 20 metr sonra 2.3.2 yəni ikinci dərəcəli yolun bitişməsi üstünlük nişanı da qoyulub (video 01:50-ci saniyə). Yol hərəkəti haqqında qanunun 64-cü maddəsinin yəni qadağan nişanlarının 6-cı bəndinə əsasən 3.16. 3.20. 3.22. 3.24. 3.26-3.30 nişanlarının qüvvəsi nişanın qoyulduğu yerdən ən yaxın yol ayrıcına qədərdir (video 02:08-ci saniyə). Yol ayrıcı isə yol hərəkəti haqqında qanunun 1-ci maddəsınm yəni əsas anlayışlar bölməsinin 11-cı bəndinə əsasən yolların bır səviyyədə hər hansı kəsişməsi, birləşməsi və va şaxələnməsi o cümlədən bunların əmələ gətirdiyi ərazidir. Belə olan halda 60 km/s sürəti həmin kəsişmədən sonra öz qüvvəsini itirir. Yol kəsişməsindən sonra hər hansı başqa bir məhdudlaşdırıcı nişan olmadığından və eyni zamanda həmin ərazi sonuncu "Aşağıbulaq" yaşayış məntəqəsinin ərazisindən kənarda olduğundan yuxarıda qeyd etdiyi qaydalara əsasən sürət həddi 90 km/s qəbul edilir. Lakm avtomobilin sürəti həmin kəsişmədən sonra 60 km/s sürətdən 82 km/s sürətə qaldırdıqdan sonra yol kənarında quraşdırılmış stasionar radar vasitəsi ilə cərimə olunmağı qanuna ziddir (video 02:40-cı saniyə). Cərimənin başqa yerdə deyil məhz həmin radar vasitəsi ilə həmin zamanda çəkilməsini sübut edən fakt qarşıdan gələn avtomobilin nömrəsinin həm onun həm də radarın çəkdiyi videoda yer almasıdır (video 02:34-cı saniyə). Bundan əlavə radarı keçəndən sonra azı 3 km boyunca yaşayış məntəqəsinə aid olan heç bir tikilinin və ya digər nişanların da olmaması həmin yolun 60 km/s olmasını şübhə altına salır (video 02:42-ci saniyədən sonadək). Radarın sürət limitinin tənzımlənməməsinə və yol nişanları ilə ziddiyət təşkil etməsinə cavabdeh olan şəxslərin məsuliyyətsizliyinə görə inzibati məsuliyyətə cəlb olunmağı ədalətsizdir. Onun şikayətinin əsas səbəbi, haqqında çıxarlan qərarın hüquqi əsaslarının olmamasıdır. Belə ki, radarın sürət limitinin yol nişanları ilə ziddiyət təşkil etməsinə görə o məsuliyyət daşımır. Belə olan halda qanunvericiliyə zidd olaraq inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası DİN Baş Polis Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada dəfələrlə məlumat verilmiş, lakin tərəfin nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmanın təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası DİN Baş Polis Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında şikayətçi X4 ərizəsində qeyd etdiyi xüsusatları təkrarlayaraq əlavə olaraq qeyd etmişdir ki, heç bir əsası olmadan tərtib edilmiş xx.xx.2022-ci il tarixli EQ № 10781435 saylı qərarın tamamilə ləğv edilməsini, ödəniş sisteminə yerləşdirilmiş cərimə məbləğini və tətbiq olunmuş balın silinməsini, cavabdeh olan DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfi dinləyib iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X3 şikayəti qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli EQ № 10781435 saylı qərardan məlum olur ki, X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli, EQ 10781435 saylı qərardan görünür ki, X4 xx.xx.2022-ci il tarixdə “MERCEDES BENZ E320” minik markalı, ** UC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 22 km/saat həddində aşmağa görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-2367/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, X1 Azərbaycan Respublikası DİN Baş Polis Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ 10781435 saylı qərardan verdiyi şikayəti və toplanmış material baxılması üçün aidiyyəti üzrə Yevlax rayon Məhkəməsinə göndərilmişdir. Yevlax Rayon Məhkəməsinin 3(039)-784/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, X1 Azərbaycan Respublikası DİN Baş Polis Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ 10781435 saylı qərardan verdiyi şikayəti və toplanmış material N.Ələkbərova tərəfindən şikayətinə yaşadığı yer üzrə məhkəmədə baxılması ilə əlaqədar teleqram daxil olduğudan baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, X4 barəsində aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələbləri pozularaq işə baxılmasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə lazımi qaydada məlumat verilmədən qəbul edilmiş və nəticədə, sonuncu inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək kimi hüquqlarından məhrum edilmişdir. Qeyd edilən qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2022-ci il tarixli, EQ 10781435 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən prosessual pozuntulara yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Polis Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ 10781435 saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana göndərilməlidir. Eyni zamanda şikayətin ödəniş sisteminə yerləşdirilmiş cərimə məbləğini və tətbiq olunmuş balın silinməsini, cavabdeh olan DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminin üzərinə qoyulması hissəsində məhkəmənin səlahiyyət pedmetinə aid olmadığından həmin hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin olunsun. Azərbaycan Respublikası DİN Baş Polis Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ 10781435 saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərardan 10 (on) gün müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-2367/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2367/2022
30.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver