Məhkəmə qərarları › İş №3(001)-2368/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2368/2024

16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2368/2024 16.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Şikayət verən X4 iştirakı ilə, X4 X7 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X9 məhkəməyə müraciət edərək, X7 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X9 şikayətini onunla əsaslandırmışdır ki, X7 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsilə 4000 manat cərimə edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, guya o, vəzifəli şəxs olaraq vətəndaş X3 işə götürmüşdür və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən sürücü kimi işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Əməlində sözügedən inzibati xətanın tərkibi yoxdur, ümumiyyətlə o, heç kimi işə götürməmişdir, özü həmin vaxt şirkətdə sürücü işləmişdir. Belə ki, o, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək, yəni ona istinad olunan inzibati xətanın törədildiyi ərəfədə "xxxx" MMC-də sürücü işləmişdir. Şirkət Qəbələ rayonunda yolların inşaası fəaliyyəti ilə məşğul olmuş və o da orada sürücü olmuşdur.Təxminən 2023-cü ilin iyun-iyul aylarında Qəbələ rayonunun bəzi kənd sakinləri orada işlədiyi və yollarda davamlı olaraq onu gördükləri üçün yaxınlaşaraq əkin sahələrinə gedən yolların düzəldilməsi üçün çınqıl, qrabil gətirməsini istəmişlər. O da razılaşaraq kənd sakinlərinə çınqıl, qrabil daşımağa başlamışdır. Lakin sonradan çınqıl, qrabil istəyən kənd sakinləri çoxaldığından, həmçinin şirkətin də materiallarını daşıdığı üçün digər sakinlərin sifarişlərini çatdıra bilməyəcəyini anlamışdır. Belə olan halda kənd sakinləri ondan bu işi görəcək əlavə sürücü tanıyıb-tanımadığını soruşmuşlar və onun da ağlına sürücü işləyən tanışı İsmayıl Səmədov gəldiyi üçün ona zəng edərək belə bir iş olduğunu bildirmişdir. İsmayıl Səmədov əraziyə gəlib kənd camaatı ilə özü danışdıqdan sonra onlarla razılaşıb işi götürmüş və çınqıl, qrabil daşımağa başlamışdır. O, işəgötürən olmamış, İsmayıl Səmədovu işə götürməmiş, ona iş saatı, iş şəraiti barədə tapşırıq verməmiş, əmək haqqı ödəməmişdir. Özü də İsmayıl Səmədov kimi kənd sakinlərinin göstərdikləri yerə çınqıl töküb pulunu onlardan almışdır. Çınqılın töküldüyü torpaq sahəsi, çınqıl, İsmayılın idarə etdiyi maşın ona məxsus olmamışdır, nədə ki, İsmayıla “çınqıl gətir filan yerə tök” deyə bir tapşırıq verməmişdir. Belə olan halda niyə görə məsuliyyətə cəlb edilməlidir? Hər reysinə 15-30 manat arası məsafəyə görə pul aldığı halda niyə 4000 manat məbləğində cərimə ödəməlidir? 450 manat əmək haqqı aldığı şirkətdən, yolüstü düşəndən-düşənə sifarişlə çıngıl boşaldıb 15-30 manat qazanc edir. İnsanlıq naminə, dədə-babadan bütün sürücülər bir-birinə əl tutub, iş böyük olanda, tələbat olanda bildiyi, tanıdığı adamlara zəng edib 3-5 manat da o qazansın deyə düşünürlər. İsmayıl Səmədov onun maşınında günəmuzd işləməyib, onun çınqıllarını daşımayıb, işini görməyib, sadəcə iş çox olub, evinə 5-10 manat aparsın deyə ona demişdir ki, burada belə bir iş var. O da gəlib camaat ilə danışıb razılaşıb pulunu alıb işini görmüşdür. Əməlində hər hansı bir inzibati xətanın tərkibi yoxdur. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsini, X7 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət verən X9 verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona aid ********** VÖEN nömrəsi olsa da, onu bir neçə il bundan qabaq xatırlamadığı zərurətlə əlaqədar yaratmışdır, uzun müddətdir ki, aktiv şəkildə istifadə olunmur.Heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul deyil. Sonradan ona məlum olmuşdur ki, İsmayıl Səmədovla çınqıl, qrabil daşıdığı yük avtomobilinin sahibi arasında ödənişlə bağlı narazılıq yaranmış, buna görə yük avtomobilinin sahibi qərəzli olaraq ondan X7 Xidməti Bakı şəhər İdarəsinə şikayət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə X7 Xidməti Bakı şəhər İdarəsinə təkrarən bildiriş göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətə X7 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: X7 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X1 Xətalar Məcəlləsinin 192.1-ci maddəsilə 4000 manat cərimə edilmişdir ondan ötrü ki, “vəzifəli şəxs kimi vətəndaş X3 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən sürücü kimi işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Əmək müqaviləsi bildirişindən görünür ki, X9 xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək "xxxx" MMC-də sürücü vəzifəsində işləmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçinin hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilməsi İXM-in 192.1-ci maddəsi ilə inzibati məsuliyyət yaradır. Halbuki, məhkəmə araşdırmaları zamanı barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X9 tərəfindən işəgötürən vəzifəli şəxs qismində vətəndaş X2 işçi kimi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilməmişdir. Bununla bağlı A.Qasımov bildirmişdir ki, özü xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək "xxxx" MMC-də sürücü vəzifəsində işləmişdir. İşi Qəbələ rayonunda yolların təmiri ilə bağlı olmuşdur. Həmin işi yerinə yetirərkən bəzi kənd sakinləri ona müraciət edərək, idarə etdiyi yük avtomobili ilə əkin sahələrinə gedən yolların hamarlanması üçün çınqıl gətirməsini istəmişlər. O da razılaşaraq ödəniş qarşılığında kənd sakinlərinə çınqıl daşımışdır. Sonradan belə müraciətlər çoxalmış və o çatdıra bilmədiyindən kənd sakinləri ondan bu işi görəcək əlavə sürücü tanıyıb-tanımadığını soruşmuş, o da sürücü kimi tanıdığı İsmayıl Səmədovla onları tanış etmişdir. İsmayıl Səmədov kənd camaatı ilə özü danışıb razılaşdıqdan sonra özünə aid yük avtomobili ilə çınqıl daşımış və buna görə zəhmət haqqını kənd sakinlərindən almışdır. O, işəgötürən olmamış, İsmayıl Səmədovu işə götürməmiş, ona iş saatı, iş şəraiti barədə tapşırıq verməmiş, əmək haqqı ödəməmişdir. Özü də İsmayıl Səmədov kimi kənd sakinlərinin göstərdikləri yerə çınqıl töküb pulunu onlardan almışdır. Belə olan halda aydın olur ki, X7 Xidməti Bakı şəhər idarəsi X9 barəsində vəzifəli şəxs qismində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokolu onun adına VÖEN olduğu üçün tərtib etmişdir. Belə ki, iş materiallarından görünür ki, X9 2021-ci ildə vergi ödəyicisi kimi uçota alınmış və ona vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilmişdir. Məhkəmə hesab edir ki, vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə malik olduğu üçün X4 barəsində işəgötürən vəzifəli şəxs qismində vətəndaş X2 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən sürücü işinin yerinə yetirilməsinə cəlb edildiyini iddia etmək və buna görə vəzifəli şəxs qismində X5 cəriməsi kifayət qədər yüksək olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh etmək qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə görə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, qeyd olunanlar vəzifəli şəxs qismində X9 tərəfindən inzibati xətanın törədilməsində və inzibati xəta törətməkdə vəzifəli şəxs qismində X4 təqsirinin sübut olunmasında yaranan ciddi şübhələrdir, həmin şübhələr inzibati tənbeh vermə haqqında qərarın mötəbərliyini şübhə altına alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İşin təsvir edilmiş qeyd edilən mübahisəsiz hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, vəzifəli şəxs qismində X9 tərəfindən ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) əməl (hərəkət və ya hərəkətsizlik) törədilməsi məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X4 X7 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsaslı olduğundan təmin edilməli, həmin qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. X7 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar