Məhkəmə qərarları › İş №3(001)-2375/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2375/2022

09.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2375/2022 09.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X9 katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx.xx.1974-cü il tarixdə ünvan 1ində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X3 izahat verərək bildirmişdir ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(046)- 201/2021 nömrəli icra sənədində xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-cu il tarixli, 2(046)-201/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş, 130 manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılmış və Şəxs hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməsi göstərilmişdir. Qeyd olunan icra sənədi Binəqədi rayon İcra şöbəsinə daxil olmuş və xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş qəbul edilmişdir. Borclu tərəfindən hazırki vaxta qədər yaranmış aliment borcundan 200 manat məbləğində ödəniş edilmişdir. Borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilsə də, icra şöbəsinə gəlməkdən boyun qaçırdığı üçün barəsində 28 iyul 2022-ci il tarixdə axtarış elan olunmuşdur. Hazırki dövrə borclunun icra sənədi üzrə 1850 manat məbləğində ödənilməmiş aliment borcu var.İcra sənədinin icrası ilə əlaqədar tərəfindən zəruri icra tədbirləri görülməsinə baxmayaraq, Şəxs borcunu üzrsüz səbəbdən icra etmədiyi üçün, sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, səhhətində olan problemlərlə əlaqədar olaraq maddi cəhətdən sıxıntıları vardır. Bu səbəbdən də, barəsində tərtib edilmiş protokolda göstərilən aliment məbləğini ödəyə bilmir. Lakin məhkəmə iclasında, xx.xx.2022-ci il tarixdə aliment məbləğindən 300 (üç yüz) manat ödəniş edəcəyinə, qalan 1550 (bir min beş yüz əlli) manat məbləği isə 1 ayda ödəyəcəyinə dair söz vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahat verərək Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(046)-201/2021 nömrəli icra sənədi üzrə borclu Şəxs 1850 manat məbləğində aliment borcunun yarandığını bildirmişdir. Zərərçəkmiş şəxs həmçinin, məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, borclu Şəxs təklifi ilə razılaşdığını bildirərək, bununla bağlı məhkəməyə yazılı ərizə təqdim etmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədinin icrası ilə bağlı vaxt verdiyini, bu səbəbdən onun barəsində İXM-nin 528.1-ci maddəsi başlanılmış inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-201/2021 nömrəli icra sənədinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Göyçay Rayon Məhkəməsinin 25 fevral 2020-ci l tarixli qətnaməsi ilə müəyyən edilmiş, 130 manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılmış və Şəxs hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməsi qərara alınmışdır. Binəqədi rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəxs barəsində olan icra sənədi üzrə icraata başlanmış və sonuncuya borcunu dərhal ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, borclu xx.xx.1974-cü il təvəllüdlü Şəxs barəsində axtarış elan edilmişdir. Zərərçəkmiş şəxs X4 məhkəmə iclas zalında təqdim etdiyi ərizəsindən görünür ki, borclu Şəxs aliment borcunu ödəməsi üçün vaxt verilməsini və onun barəsində İXM-nin 528.1-ci maddəsi başlanılmış inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. Borclu Şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, icra vərəqələrinə əsasən yaranmış aliment borcundan 1 (bir) gün müddətinə 300 manat və qalan 1550 (bir min beş yüz əlli) manat məbləği 1 ay müddətində ödəyəcəyinə dair söz vermişdir. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-201/2021 nömrəli və icra sənədi üzrə yaranmış aliment borcu ödənilməyərək icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Məhkəmə iclasında Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)- 201/2021 nömrəli icra sənədi üzrə Şəxs yaranmış aliment borcunu üzrsüz səbəbdən icra etməməsi və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi sübuta yetirilməmişdir. Məhkəmədə toplanmış sübutlarla müəyyən edilmişdir ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-201/2021 nömrəli icra sənədi üzrə xx.xx.2021-ci il tarixdə icra məmuru tərəfindən Şəxs barəsində olan icraata başlamaq haqqında qərar qəbul edilmişdir və tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Borclu Şəxs icra sənədi üzrə borcunundan 2 dəfə 50(əlli) manat, daha sonra isə 100(yüz) manat olmaqla cəmi 200 (iki yüz) manat məbləğində ödəniş etmişdir. Eyni zamanda borclunun məhkəməyə təqdim etdiyi iltizamdan görünür ki, o, aliment borcundan xx.xx.2022-ci il tarixdə 300 manat ödəyəcək, qalan 1550 manat məbləği isə 1 ay müddətinə ödəyəcəkdir. Zərərçəkmişin məhkəmə iclasında təqdim etdiyi ərizədən də görünür ki, o borclunun bu təklifi ilə razılaşaraq, məhkəmədən icra sənədi üzrə borcun ödənilməsi üçün Şəxs vaxt verilməsini və onun barəsində İXM-nin 528.1-ci maddəsi başlanılmış inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu Şəxs icra sənədi üzrə olan aliment borcundan ödəniş etməsi onun tərəfindən borcun üzrsüz səbəbdən icra edilməməsi və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirilməməlidir. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar