Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2375/2024 04.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – (borclu) Şəxs, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4, X1, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X3 iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Binəqədi rayon icra şöbəsinin icra məmuru tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokola əsasən məlum olur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4774/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 120 manat,cəmi 360 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq X5 xeyrinə tutulması qət edilmişdir. Şəxs tərəfindən 2610 manat ödənilməmiş aliment borcu vardır. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bildirdi ki, icra sənədini icra etməyə maddi imkanı yoxdur. İşləmir. Maddi imkanı olmamasının nəzərə alınmasını xahiş etmişdir.İki dəfə 100-100 ödəniş etdiyini demişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs maddi vəziyyətini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən tələbkar borclunun borcu qəsdən ödəmədiyini qeyd edərək o, bildirmişdir ki, 6 uşağını təkbaşına özü işləyərək saxlayır. X6 əxlaqsız qadınlara və spirtli içkiyə pul xərclədiyini, gəliri olmasına baxmayaraq alimenti ödəməkdən imtina etdiyini bildirmişdir.Məhkəmədən X10 barəsində həbs qətimkan tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Binəqədi rayon icra şöbəsinin icra məmuru borclunun icra sənədini qəsdən icra etmədiyini və bunun nəticəsində tələbkarın çoxsaylı şikayətlərini və protokolda göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Şəxs icra sənədini ödəməkdən boyun qaçıraraq gizləndiyini, 2610 manat ödənilməmiş aliment borcu olduğunu bildirmişdir. Məhkəmə (borclunun) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, müdafiəçini, icra məmurunun və tələbkarın çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min maanatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları və onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması və məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnaməsinin, qərarının və qərardadının vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab edilir. Qərarın icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülkiprosessual, cinayət və inzibati qanunvericilikdə və bir sıra beynəlxalq normativ aktlarda öz izahatıni tapmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında qanuni qüvvəyə minmiş qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, «məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi və məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə bağlı məsələlərə baxarkən Avropa Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar». Avropa Konvensiyasının 6-cı maddəsində izahını tapan «ədalətli məhkəmə baxışına olan hüquq» qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra etmə vəzifəsini özündə ehtiva edir. Həmin hüququn pozulması icranın tam yerinə yetirilməməsində və qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının gecikdirilməsində də təzahür edə bilər. Məhkəmə hesab edir ki, qüvvəyə minmiş məhkəmə qərarın icraya yönəldiyi vaxtdan bu günə kimi hərəkətsiz qalması, tələbkarın dövlət tərəfındən təminat verilən “ədalətli məhkəmə baxışına olan hüququ”nun pozulmasına gətirib çıxara bilər. Belə olan halda, inzibati xətanı törətmiş şəxsin təqsirindən məhkəmənin qərarı əsasında icra sənədi qanunla müəyyən edilmiş müddətdə icra olunmamış və icra edilməməsi üçün üzürlü səbəb olmamışdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, icra sənədi üzürsüz səbəbdən uzun müddət icra olunmamış, borclunun icra sənədinin icra edilməməsində təqsiri sübuta yetirilmişdir. Həmçinin borc ödənişindən qərəzli olaraq yayınması məhkəmə iclasında təsdiq edilmişdir. Belə ki, o yüngül həyat tərzi yaşamaqla yanaşı, pulunu spirtli içkilərə və digər pis vərdişlərə xərcləməklə məhkəmə qərarını vaxtı vaxtında icra etməmişdir. Bu hal onun məhkəmədə verdiyi ifadənin səmimi olmadığını sübut edir. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, inzibati xətanın pul borcu ilə əlaqədar olduğunu, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. Buna görə də, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs şəxsiyyətini, yaşını, məhkəmə qərarının uzun müddət qərəzli olaraq icra olunmadığını və nəticədə bunun tələbkarın çoxsaylı əsaslı şikayətlərinə səbəb olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən borclu Şəxs inzibati qaydada həbs edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 202 saylı 03 may 2018-ci il tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Məhkəmə işin həcmini nəzərə alaraq hesab edir ki, X11 müdafiəçi qismində məhkəmə iclasında iştirak edərək ümumilikdə inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsinə 05 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi 05 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X9 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 11.1, 31.2, 528.1ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 20 (iyirmi) gün müddətində inzibati həbs təyin olunsun. Həbsetmənin əvvəli, onun inzibati qaydada tutulduğu – 04.04 2024-cü il tarixdən, saat 17:40 dəqiqədən hesablansın. Şəxs saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə Bilavasitə tabe olan İnzibati Qaydada həbs edilənlərin saxlama Mərkəzinə yerləşdirilsin. Şəxs göstərdiyi 05 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X9 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-2375/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2375/2024
04.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver