Məhkəmə qərarları › İş №3(001)-2376/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2376/2024

04.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2376/2024 04.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Aygün Arzu qızının sədrliyi, X4 iclas katibliyi, Protokolu tərtib etmiş İnzibati orqan Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə inspektoru, polis mayoru X5, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X6, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Bərdə rayonunda doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı,orta təhsilli,fərdi əməklə məşğul olan, əvvəllər məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 227-ci maddələri ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 14:30 radələrində ünvan 2 ünvanında yerləşən “Şirinlər” uşaq bərbərxanasından X2 məxsus 450 manat dəyərində Samsung-J4 markalı mobil telefonu stolun üstündən gizli ələ keçirib oğurlamışdır. Şəxs xx.xx.2024-cü il tarixdə saat 14:30 radələrində ünvan 3 ünvanında yerləşən “Şirinlər” uşaq bərbərxanasından X2 məxsus 450 manat dəyərində Samsung-J4 markalı mobil telefonu stolun üstündən gizli ələ keçirib oğurlamaqla xırda talama inzibati xətası törətmişdir. Onun barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Bölməsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərara əsasən X1 müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Protokol tərtib etmiş polis əməkdaşı məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs protokollarda göstərilən əməli törətmişdir. Onun barəsində həmin əməllərə görə cinayət işinin başlanılması rədd edilmişdir, həmin qərarlar əsasında hazırkı inzibati xəta haqqında protokollar tərtib etmişdir. Həmin qərara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokoldakı əməlin törədilməsi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 izahatında göstərmişdir ki, ünvan 4 ünvanında yerləşən “Şirinlər” uşaq bərbərxanasını işlədir. Təxminən 5-6 aydır ki, taksi fəaliyyəti ilə məşğul olan Şəxs onun tanış olaraq onunla münasibət saxlayırmış. Bir müddətdən sonra onun evli olduğunu öyrənmiş və o, Ayaz ilə münasibətini pozmaq istəyirmiş və ona görə onunla bır daha danışmamaq qərarına gəlmişdir. Şəxs isə ondan əl çəkmir və onun işlədiyi bərbərxanaya da gələrək onu narahat edir. Ayazın onunla münasibətdə olduğunu yaxın qohumları da bilirlər. 19 mart 2024-cü il tarixdə, saat 14:30 radələrində bərbərxanada olan zaman Ayaz ora gələrək onunla söhbət etmiş və o, Ayaza bir daha onunla münasibət saxlamaq istəmədiyini bildirmişdir. Onun 2019-cü ildə 450 manata aldığı Samsung J4 markalı, imey kodunu bilmədiyi mobil telefonu stolun üstündə olmuş, Ayaz bərbəxananın içərisində yanında olmuş və Ayaz bərbərxanadan çıxıb gedəndən sonra o, baxmışdır ki, həmin mobil telefonu stolun üstündə yoxdur, bilmişdir ki, telefonunu Ayaz götürmüşdür. Belə ki. Ayaz ilə yazışmaqları hamısı həmin telefonda olmuşdur. O. sonra Ayaza zəng edib telefonunu qaytarmasını demiş. Ayaz isə onun zənglərinə cavab verməmişdir. Ona görə də şikayət etmək qərarına gəlib DİN-in 102 xidmətinə məlumat vermişdir. Bundan sonra Ayaz instqram sosial şəbəkəsində onu söyərək onun haqqında təhqiredici ifadələr paylaşmışdır. Özünəməxsus mobil telefon ona Şəxs tərəfindən geri qaytarılmışdır. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində kirayədə yaşayır, əvvəllər evli olmuş, bir azyaşlı uşağı var. 2021-ci ildə boşanmışdır. Özü də icarəyə avtomobil götürüb taksi fəaliyyəti ilə məşğul olur. 2023-cü ilin dekabr ayında Rəfsanə adlı qadın ilə tanış olmuş və Rəfsanə də əvvəlki ərindən ayrılmışdır və bir az yaşlı uşağı var. O, Rəfsanə ilə danışıb görüşərək onunla ailə qurmaq istəmişdir. Buna görə də Rəfsanə üçün hədiyyələr almış və onu lazım olan yerə avtomobillə aparıb-gətirirmiş. Rəfsanə Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən uşaq bərbərxanasında işləyir. 2024-cü ilin mart ayının ortalarında Rəfsanə ilə Novxanı qəsəbəsinə dəniz kənarına getmək istəmiş, lakin Rəfsanə demişdir ki, dəniz kənarına getmək istəmir, o, isə avtomobili dəniz kənarına sürmüş və bundan sonra da Rəfsanə ilə aralarında narazılıq olmuş, ondan sonra Rəfsanəni xalasının evinə aparmış, orada da gözləyərək onu evlərinə aparmışdır. Həmin günün səhərisi Rəfsanə ilə telefonda da mübahisə etmiş və ondan ayrılmaq qərarına gəlmiş, xx.xx.2024-cü il tarixdə Rəfsanənin işlədiyi bərbərxanaya getmişdir ki, ona aldığı hədiyyələri ondan alsın. Rəfsanə bərbərxanada olmuş, o, aldığı hədiyyələri almış, bu zaman bərbərxanada stolun üstündə olan Rəfsanənin Samsung markalı mobil telefonunu götürmüş və bunu da Rəfsanə görməmişdir.O, oradan gedəndən sonra Rəfsanə ona zəng edib telefonunu ondan soruşmuş, o, da telefonunu götürdüyünü demişdir. Rəfsanə də demişdir ki, ondan polisə şikayət etmişdir. O, da bir neçə gün Rəfsanənin telefonunda olan yazışmaqlarına baxmış və görmüşdür ki, Rəfsanə müxtəlif şəxslərlə yazışaraq sevgi münasibətlərini yaşamışdır. Bir neçə gündən sonra telefonu aparıb Rəfsanəyə qaytarmışdır. Bundan başqa o, instaqram sosial şəbəkəsində Rəfsanəni söyərək, onun haqqında təhqiredici ifadələr yazmışdır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Şəxs əməlindən peşman olmasının nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama əməli inzibati xəta kimi müəyyən edilmişdir. Belə ki, İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol ilə İXM-nin 510-cu maddəsinə əsasən təqsiri sübuta yetirilmir. İş materialalrında olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Bölməsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmiş şəxsin məhkəmə iclasında verdiyi ifadə ilə Şəxs tərəfindən inzibati xəta törədilməsi halı müəyyən edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilən məlumata əsasən Şəxs himayəsində xx.xx.2015-ci il tarixdə doğulmuş X9 adlı bir azyaşlı uşağı vardır. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Aparılan məhkəmə araşdırmasında Şəxs əməlindən səmimi peşman olmasını, himayəsində 01 azyaşlı uşağının olmasını nəzərə alaraq bu halları onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə araşdırması zamanı onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokollar, özünün məhkəməyə verdiyi izahatı, məhkəməyədək verdiyi yazılı izahatı ilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə şəxsə barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, o cümlədən ona təyin ediləcək inzibati tənbehin islah üçün kifayət edib-etməyəcəyini mütləq şəkildə müəyyən etməlidir. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də 160 saat müddətində ictimai işlər növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 202 saylı 03 may 2018-ci il tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi 5 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X7 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 160 (yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi olmadığından, iş üzrə icraata həmin hissədə xitam verilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Şəxs inzibati qaydada tutulmadan azad edilsin. İnzibati tənbeh tədbirinin əvvəli Şəxs ictimai işlərə cəlb olunduğu vaxtdan saatla hesablansın. Qərarın icrası Şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Şəxs göstərdiyi 5 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X7 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 (otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar