Məhkəmə qərarları › İş №3(001)-24/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-24/2022

14.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-24/2022 14.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili X1 iştirakı ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 548.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola dair toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti barəsində İXM-in 548.1-ci maddəsi ilə tərtib edilmiş 01.12.2021-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası protokol tərtib etmiş səlahiyyətli orqana inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası İXM-nin 548.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən 01 dekabr 2021-ci il tarixli, EP № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. 10 sentyabr 2021-ci il tarixdə R.İ.Əliyev tərəfindən cəmiyyətə müraciət olunmuşdur. Müraciətdə cəmiyyətə dair sənədlər, eləcə də mühasibatlıq sənədləri tələb edilmişdir. Bununla bağlı olaraq R.Əliyevə gəlib cəmiyyətdə tələb etdiyi sənədlərlə tanış olması və surətlərinin götürülməsi barədə məlumat verilmişdir. Buna baxmayaraq R.X3 müraciət etmişdir. Mərkəzi Bankdan cəmiyyətə daxil olmuş 04.10.2021- ci il tarixli müraciətə cavab olaraq cəmiyyət tərəfindən Mərkəzi Banka ünvanlanmış 25.10.2021 -ci il tarixli məktubda qeyd olunmuşdur ki, müvafiq məlumatlar 09.07.2021-ci il tarixdə “BDB-8”.az saytında yerləşdirilmişdir. Bundan başqa cəmiyyətin maliyyə hesabatları, audit rəyi haqqında “Respublika” qəzetində elan verilmişdir. Bundan əlavə cəmiyyətin səhmdarlarına ünvanlanan məktublarda maliyyə hesabatları və audit rəyi sənədlər onlara təqdim edilmişdir. Həmçinin səhmdarlara cəmiyyətə gəlməklə müvafiq sənədlərlə tanış olmaları təklif olunmuşdur. Göründüyü kimi barəsində inzibati iş üzrə icraat aparılan "xxxx" ASC-nin əməlində hər hansı bir inzibati təqsirli əməl mövcud olmamışdır. Belə olan halda onun barəsində Azərbaycan Respublikası İXM-nin 548.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Ona görə də, məhkəmədən "xxxx" Açıq Səhmdar Cəmiyyəti barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçısının fikirlərini dinləyib, iş materiallarını və məhkəmədə toplanmış sübutları bir-biri ilə əhatəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti barəsində İXM-in 548.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına həmin maddənin tərkib əlamətləri olmadığından xitam verilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: 22.11.2021-ci il tarixli məktubdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 2018-ci il, 2019-cu il və 2020-ci illərə dair illik hesabatlari, həmçinin onun nizamnaməsinin, səhmdarların reyestrinin, həmin illərin yekunlarına görə, o cümlədən 01 avqust 2021-ci il tarixində keçirilən səhmdarların ümumi yığıncaqlarının protokollarının surətlərini və aidiyyəti şəxslərlə bağlanılan əqdlər və xüsusi əhəmiyyətli əqdlərinin əlavələri haqqında məlumatın verilməsi Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tələb olunmuşdur. 25.10.2021-ci il tarixli məktubdan görünür ki, müvafiq məlumatlar 09.07.2021-ci il tarixdə “BDB-8”.az saytında yerləşdirilmişdir. Bundan əlavə cəmiyyətin səhmdarlarına ünvanlanan məktublarda maliyyə hesabatları və audit rəyi sənədlər onlara təqdim edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti Əliyev Ramizin yazılı müraciətlərini hər zaman cavablandırmış və ASC-yə gəlmək şərti ilə müvafiq sənədlərlə tanış olması təklif olunmuşdur. İXM-in 548.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən yoxlamaların keçirilməsinə maneçilik törədilməsinə yaxud həmin orqanların vəzifəli şəxslərinin qanuni tələbnamələrinin (qərarlarının) və ya icrası məcburi olan göstərişlərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan on min manatadək məbləğdə cərimə edilir Qanunvericiliyin tələblərindən müəyyən edilmişdir ki, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən yoxlamaların keçirilməsinə maneçilik törədilməsinə yaxud həmin orqanların vəzifəli şəxslərinin qanuni tələbnamələrinin (qərarlarının) və ya icrası məcburi olan göstərişlərinin yerinə yetirilməməsinə görə şəxs barəsində məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də həmin əməldə hüquqi şəxsin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırkı iş üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin təqsiri müəyyən olunmur və yuxarıda qeyd olunan bütün bunlar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin təqsirsiz olmasına dəlalət edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 01.12.2021-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməlində İXM-in 548.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 01.12.2021-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar