Məhkəmə qərarları › İş №3(001)-2417/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2417/2022

22.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2417/2022 22.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 347-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin X4 Şöbəsi "xxxx" QSC barəsində İXM-in 347-ci maddəsi ilə AP seriyalı ******* nömrəli, 16 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, "xxxx" QSC tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" QSC-nin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, Binəqədi RPİ-nin DYPŞ tərəfindən şirkətə göndərilmiş müraciət "xxxx" QSC tərəfindən qəbul edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xəbərnamənin surətindən sözügedən məktubu Əliyev Anar adlı şəxs tərəfindən imza edilməklə qəbul edildiyi görünür. Lakin, "xxxx" QSC-da Əliyev Anar adlı işçi fəaliyət göstərməmişdir. Göstərilən faktı təsdiq edən 22 avqust 2022-ci il tarixli məktubu və "xxxx" QSC ilə əmək müqaviləsi bağlanılan işçilərin siyahısını təqdim edərək "xxxx" QSC barəsində İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə iclasının inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi DYPŞ-si tərəfindən tərtib edilmiş AP seriyalı ******* nömrəli, 16 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" QSC tərəfindən balansında olan “Mitsubushi L200” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə etmiş fiziki şəxs barədə rəsmi məlumat 5 gün müddətində verilməmişdir. Buna görə də hüquqi şəxs barəsində İXM-in 347-ci maddəsi ilə protokol tərtib edilmişdir; DİN-in DYP Web Portalından çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə "xxxx" QSC-nin mülkiyyətində olan “Mitsubushi L200” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-in 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Binəqədi RPİ-nin X4 Şöbəsindən "xxxx" QSC-yə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, məktub "xxxx" QSC-nin rəsmi qeydiyyatda olan ünvanına göndərilmiş və xx.xx.2022-ci il tarixdə Əliyev Anar adlı şəxs tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş "xxxx" QSC tərəfindən məhkəməyə ünvanlanmış 22 avqust 2022-ci il tarixli məktubdan görünür ki, sözügedən şirkətdə Əliyev Anar adlı işçi yoxdur. Son 6 ay ərzində də bu adda işçi şirkətdə işdən çıxmamışdır. "xxxx" QSC tərəfindən məhkəməyə təqdim edilmiş ştat cədvəlindən görünür ki, həmin şirkətdə Əliyev Anar adlı işçi yoxdur. İş materiallarından göründüyü kimi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin X4 Şöbəsinin mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat təqdim edilməsi barədə sorğusunun Şəxs QSC-nin səlahiyyətli nümayəndəsi tərəfindən qəbul edilməsi sübut olunmamışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" QSC-nin nümayəndəsi X1 məhkəmə iclası zamanı təqdim etdiyi 22 avqust 2022-ci il tarixli məktubdan və müqavilə bağlanan işçilərin siyahısından göründüyü kimi həmin şirkətdə Əliyev Anar adlı işçi yoxdur. Həmçinin, son 6 ay ərzində də Əliyev Anar adlı işçi işdən çıxmamışdır. İş materiallarında sözügedən məktubun şirkətin səlahiyyətli nümayəndəsi tərəfindən alınmasını təsdiq edən sübut olmadığından barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin təqsiri sübuta yetirilmir. Buna görə də, inzibati xəta haqında protokol tərtib edilmiş "xxxx" QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. İXM-in: 8.3-cü maddəsinin tələbinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 347-ci maddəsinin dispozisiyasına əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Qeyd olunanları rəhbər tutaraq məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığı üçün "xxxx" QSC inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və İXM-in 8, 25, 40.0.1, 43, 48-51, 53, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Əməlində inzibati xəta tərkibi olmadığından AP seriyalı ******* nömrəli, 16 iyun 2022ci il tarixli inzibati xəta haqında protokol üzrə "xxxx" QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar