Məhkəmə qərarları › İş №3(001)-2417/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2417/2025

06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2417/2025 06.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, "X8 LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti, AZ1153, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, ev cənub hissəsi, VÖEN ********** Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən daxil olmuş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsinin inspektoru X2 tərəfindən hüquqi şəxs "X8 LTD” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 01 aprel 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 01 aprel 2025-ci il tarixdə saat 11:20 radələrində Binəqədi rayonu, İ.Dadaşov küçəsində "X8 LTD” MMC-yə məxsus yük daşıma yerinə yetirən “İsuzu” markalı 77JG122 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılmaması və nəqliyyat vasitəsinin sürücüsünün tibbi müayinədən keçməməsi aşkar edilmişdir. Məhkəmə iclasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X3 01 aprel 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə edərək, hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin bildirmişdir ki, şirkət daxili aparılan texniki və tibbi yoxlamalar hər hansı huquqi nəticə doğurmur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokola razılaşmayaraq bildirmişdir ki, şirkətə məxsus 250-dən nəqliyyat vasitəsi var ki, onların hər gün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində texniki yoxlanılması, sürücülərinin isə tibbi müayinədən keçirilməsini təmin etmək mümkün deyil. Şirkətdaxili prosedurla hər bir nəqliyyat vasitəsi reysqabağı texniki yoxlanılır, həmçinin sürücülər də tibbi müayinədən keçirilir. Bu qaydaya tam şəkildə riayət olunur. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "X8 LTD” MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən cəmiyyət inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: CD diskdə olan videogörüntüdən müəyyən olunur ki, "X8 LTD” MMC-yə məxsus olan “İsuzu” markalı 77JG122 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə nəqliyyat vasitəsinin reysqabağı texniki müayinədən, sürücünün isə tibbi müayinədən keçirilməsinin qanunvericiliyin tələbi olduğu bildirilmişdir. Avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında 01 aprel 2025-ci il tarixli aktdan görünür ki, "X8 LTD” MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nın 2.2 və 2.3-cü bəndlərinin tələbləini pozmuşdur. Belə ki, MMC-yə məxsus yük daşıma yerinə yetirən “İsuzu” markalı 77JG122 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi reysqabağı texniki yoxlanılmamış və nəqliyyat vasitəsinin sürücüsü X4 tibbi müayinədən keçməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nın: 1.2-ci bəndinə görə bu Qaydanın müddəaları avtomobil nəqliyyatı ilə kommersiya məqsədli müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarını, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını, habelə beynəlxalq və ölkədaxili yük daşımalarını yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlara şamil edilir. 2.2-ci bəndinə görə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını təmin etməlidirlər. 2.3-cü bəndinə görə Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə qanunvericiliyə uyğun olaraq həyata keçirilir. 3.4-cü bəndinə görə müvafiq tibb müəssisələri tərəfindən sürücülərin reysqabağı tibbi müayinəsi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə aparılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinə əsasən Sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs “"X8 LTD” MMC-yə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu "X8 LTD” MMC-yə istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə hüquqi şəxsin mövqeyi ilə bağlı qeyd edir ki, qanunun tələbinə görə reysqabağı texniki və tibbi yoxlamalar yalnız qanunla müəyyən edilmiş səlahiyyətli orqan və şəxslər tərəfindən, sənədləşdirilmiş və təqib edilə bilən formada həyata keçirilməlidir. Bu proses şirkətin daxili təşəbbüsünə və ya qeyri-rəsmi prosedurlarına buraxıla bilməz, çünki nəqliyyat vasitələrinin və sürücülərin istismara buraxılması birbaşa ictimai təhlükəsizliklə bağlıdır. Ona görə də daşıma fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin nəqliyyat vasitələrinin say çoxluğu, qanunvericiliklə müəyyən edilmiş texniki və tibbi yoxlama tələblərini yerinə yetirməməsinə əsas verə bilməz. Əksinə, bu sayın çoxluğu təhlükəsizlik öhdəliklərinin daha ciddi və sistemli şəkildə icrasını tələb edir ki, daxili qeyrirəsmi nəzarət də bu öhdəliyin əvəzləyicisi hesab oluna bilməz. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, "X8 LTD” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, habelə digər sübutlarla tam sübuta yetirilmiş və əməl düzgün olaraq İXM-in 326-cı maddəsi ilə tövsif edilmişdir. Hüquqi şəxsin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsir tam sübuta yetirildiyinə görə cəmiyyət inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Eyni Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Məhkəmə sözügedən Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxs "X8 LTD” MMC barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alır. Məhkəmə hüquqi şəxs "X8 LTD” MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs "X8 LTD” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə 2000 (iki min) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar