Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2421/2023 19.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Şikayət verən X1 iştirakı ilə, X1 inzibati tənbeh vermə haqqında EQ seriyalı № 14942607 saylı, xx.xx.2023-cü il tarixli qərardan verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X2 məhkəməyə müraciət edərək, inzibati tənbeh vermə haqqında EQ seriyalı № 14942607 saylı, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan **-AF-*** dövlət qeydiyyat nişanlı “CHANGAN CS 55 PLUS MİNİK” markalı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2023-cü ildə “ASAN Ödəniş” internet informasiya resursunda yaradılmış elektron kabinetində barəsində inzibati xəta haqqında iş üzrə qərarın qəbul edilməsi haqqında məlumat yerləşdirilmişdir. Həmin qərara əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə) törətməkdə təqsirli bilinərək, barəsində 50 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İnzibati xətanın törədildiyi tarix kimi xx.xx.2023-cü il göstərilmişdir. Həmin qərarın qəbul edilməsi üçün əsas olmuş inzibati xəta haqqında EQ 14942607 №-li protokolun hansı tarixdə və şəraitdə, kim tərəfindən tərtib olunduğu ona məlum deyil. Bununla əlaqədar ona hər hansı xəbərdarlıq və ya bildiriş təqdim olunmamış, inzibati xəta haqqında qərar və ya protokol poçt göndərişi vasitəsilə ona rəsmi təqdim olunmamış, inzibati xəta haqqında məlumat mobil telefon nömrəsinə və ya elektron poçt ünvanına daxil olmamışdır. Ümumiyyətlə, inzibati xəta haqqında protokolun mövcudluğundan heç bir məlumatı olmamışdır. İnzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) xx.xx.2023-cü il tarixdə, yəni inzibati xətanın törədildiyi gündən 102 gün sonra nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetinə yerləşdirilmişdir. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə görə, bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İnzibati Xətalar Məcəlləsinin 53.1.11-ci maddəsinə görə, bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsi, inzibati tənbeh vermə haqqında EQ seriyalı № 14942607 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhər BPİ X4 İdarəsinə rəsmi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətə Bakı şəhər BPİ X4 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: EQ seriyalı № 14942607 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 25 fevral 2023-cü il tarixdə törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXM-in 328.2-ci maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilmişdir. X1 internet informasiya resursunda yaradılan elektron kabinetindən çıxarışdan görünür ki, inzibati tənbeh vermə haqqında EQ seriyalı № 14942607 saylı, xx.xx.2023-cü il tarixli qərar həmin tarixdə onun elektron kabinetinə yerləşdirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 38.6-cı maddəsinə görə bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. 122.1-ci maddəsinə görə bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 53.1.11-ci maddəsinə görə bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1.3-cü maddəsinə görə məhkəmə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, EQ seriyalı № 14942607 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində X1 internet informasiya resursunda yaradılan elektron kabinetinə yerləşdirilmədiyindən o, inzibati məsuliyyətə cəlb oluna bilməzdi. Ona görə də X1 EQ seriyalı № 14942607 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməli, həmin qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət təmin edilsin. İnzibati tənbeh vermə haqqında EQ seriyalı № 14942607 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və həmin iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-2421/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2421/2023
19.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver