Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2422/2023 05.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X4 nümayəndəsi “Güvən” vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, X4 X9 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X9 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X7 Azərbaycan Respublikası İXM-in 555.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 2.200 (iki min iki yüz) manat cərimə edilmişdir. Qərardan narazı qalan X7 məhkəməyə şikayət vermiş, X9 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən barəsində tərtib edilmiş MN №1497413. xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolun və onun əsasında qəbul edilmiş MN №1291655 saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 nümayəndəsi Vəkil şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" QSC-in işçisi X6 xx.xx.2022-ci ildə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin baş vermə faktı barədə X9 Xidmətinə məlumat verilməyərək gizlədilməsi əsas gətirilərək X9 Xidməti Bakı şəhər idarəsi tərəfindən X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsi ilə MN №1497413 saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol və onun əsasında MN №1291655 saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmiş və nəticədə o, 2200 manat inzibati cərimə edilmişdir. Qeyd edilən hadisə ilə əlaqədar X3 Əmək Müfəttişliyi Xidmətinə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etmişdir. Həmçinin baş vermiş bədbəxt hadisənin Binəqədi rayon prokurorluğu tərəfindən araşdırılması aparılmış və xx.xx.2022-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Eyni zamanda xx.xx.2022-ci ildə baş vermiş bədbəxt hadisə müəssisənin fəaliyyətə başladığı andan həmin tarixədək baş vermiş ilk belə hadisə olmuşdur. Qeyd edilən tarixədək istehsalatda hər hansı bu kimi bədbəxt hadisə olmamış və olmadığı üçün də belə hallarda işəgötürənin müvafiq icra hakimiyyəti orqanına hadisənin baş verdiyi gün məlumat vermək, həmçinin bu və ya qanunvericiliklə tənzimlənən digər öhdəliyinin mövcudluğundan məlumatı olmadığı üçün baş vermiş bədbəxt hadisə haqqında X9 Xidmətinə hər hansı məlumat verilməmişdir. X9 Xidməti inzibati tətbeh tətbiqi üçün əsas hesab etdiyi inzibati xətanın uzanan inzibati xətalar kateqoriyasına aid olduğunu və AR İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi ilə əlaqədar müəyyən edilmiş müddət anlayışının qeyd edilən inzibati xətaya şamil edilmədiyini hesab edir. Belə ki, AR İnzibati Xətalar Məcəlləsinin “Müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə”nin müəyyən edildiyi 38-ci maddəsinin 38.1-ci bəndinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən, bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Qanunvericiliyin tələbinə əsasən inzibati tənbeh hər bir halda qanunvericiliklə müəyyən olunmuş müddət aralığında tətbiq edilir. AR İnzibati Xətalar Məcəlləsinin 555-ci maddəsi ilə müəyyən olunan inzibati xətanın idarəçilik qaydaları əleyhinə olan inzibati xətalar kateqoriyasına aid olduğunu və Xidmətin qeyd edilən inzibati xətanı uzanan xarakterli hesab etməsi faktını nəzərə alsaq, inzibati tənbeh inzibati xətanın aşkara çıxarıldığı tarixdən etibarən ən geci 4 ay keçənədək verilə bilərdi. xx.xx.2023-cü ildə tərtib edilmiş inzibati xəta haqqında protokoldan göründüyü kimi protokolun tərtib edilməsinə əsas olaraq X6 xx.xx.2022-ci il tarixli müraciət ərizəsi və Binəqədi rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli 467-C-22 nömrəli məktubu göstərilmişdir. X6 X9 Xidmətinə xx.xx.2022-ci il tarixli müraciətindən əlavə, Xidmət baş vermiş bədbəxt hadisənin araşdırılması məqsədilə ərizə və müvafiq materialları Binəqədi rayon prokurorluğuna göndərmiş və xx.xx.2022-ci ildə materiallar prokurorluq tərəfindən qeydiyyata alınaraq araşdırılmasına başlanılmışdır. Xidmət araşdırmanın nəticəsi barədə məlumat almaq məqsədilə xx.xx.2022-ci ildə **********4 saylı sorğu ilə Binəqədi rayon prokurorluğuna müraciət ünvanlamış və sorğuya cavab olaraq xx.xx.2023-cü il tarixli 467-С-22 nömrəli müşayiət məktubu ilə Xidmətə iş haqqında məlumat verilmiş və xx.xx.2022-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarın surəti təqdim edilmişdir. Qeyd edilən tarixlərə (xx.xx.2022. xx.xx.2022, xx.xx.2022, xx.xx.2023) istinadən belə qənaətə gəlmək olar ki, xx.xx.2022-ci ildə qeyd edilən bədbəxt hadisənin baş verməsi və baş vermiş bədbəxt hadisə barəsində məlumat verilməməsi faktı X9 Xidmətinə məlum olsa da, hətta Xidmət tərəfindən tərtib edilmiş MN №1497413, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsi faktı olaraq xx.xx.2022-ci il tarixli müraciət və Binəqədi rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli 467-C-22 nömrəli cavab məktubu göstərilməsinə baxmayaraq, inzibati tənbeh tətbiq edilməsi haqqında qərar yalnız xx.xx.2023-cü ildə qəbul edilmişdir. AR İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinin tələbinə əsasən, bu Məcəllənin 38.1- ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Belə ki, uzanan inzibati xətalara görə məsuliyyətə cəlb edilməsi üçün müddət axımı aşkar edildiyi tarixdən başlayır və inzibati tənbeh inzibati xətanın aid olduğu kateqoriyadan asılı olaraq 4 ay və ya 1 il müddətində tətbiq edilə bilər. X9 Xidməti tərəfindən inzibati xətanın ona məlum olduğu tarixləri (xx.xx.2022. xx.xx.2022. xx.xx.2023) və qərarın tərtib edildiyi inzibati xətanın idarəçilik qaydaları əleyhinə olan inzibati xətalar kateqoriyasına aid olmasını əsas götürsək, hər bir halda inzibati tənbeh tətbiq edilməsi üçün müddət (4 ay) ötürülmüşdür. Bununla yanaşı inzibati xəta haqqında protokolun tərtib edilməsində iştirak edilməsi məqsədilə X9 Xidməti tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli 3-17-5/2-15199/2023 nömrəli bildirişdə qeyd edilmiş tarix və saatda (xx.xx.2023, saat 09:30) protokolun tərtib olunmasında üzrlü səbəbdən iştirak edilməsinin mümkün olmadığı bildirilmiş və bədbəxt hadisənin təhqiqatını aparan müfəttişlə protokolun tərtibində iştirak edilməsinin təmin olunması məqsədilə fərqli bir saat (12:00) razılaşdırılmışdır. Razılaşdırılmış saatda etibarnamə üzrə nümayəndənin qeyd edilən ünvanda olmasına baxmayaraq, protokol nümayəndənin iştirakı olmadan artıq tərtib edilmişdi. Həmçinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokol üzrə inzibati xəta haqqında işə baxılması xx.xx.2023-cü il tarixli 3- 17-5/2-16941/2023 nömrəli bildirişə əsasən xx.xx.2023-cü il saat 09:30 təyin edilmişdir. Etibarnamə üzrə nümayəndənin qeyd edilən tarixdə, hətta təyin edilmiş saatdan əvvəl ünvanda olmasına baxmayaraq, işə nümayəndənin iştirakı olmadan baxılaraq artıq qərar qəbul edilmişdi. Bununla da, nə protokolun tərtibi, nə də işə baxılması zamanı iş üzrə hər hansı izahat və ya mülahizələrin təqdim edilməsinə şərait yaradılmamışdır. Göstərilənlərə əsasən şikayətin təmin edilməsi, X9 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən X7 barəsində tərtib edilmiş MN №1497413. xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş MN №1291655 saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqana təkrarən bildiriş göndərilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə şikayətə X9 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, X9 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X2 X10 Xidmətinə yazdığı xx.xx.2022-ci il tarixli ərizəsində o, göstərmişdir ki,“xx.xx.2022-ci ildə işlədiyim "xxxx" QSC-də iş zamanı yıxılaraq xəsarət almışam. Amma buna baxmayaraq sənədlərdə iş yeri yox, şəxsi torpağımda baş verdiyini bildiriblər. Adıma heç bir torpaq yoxdur. Xahiş edirəm bu məsələ ilə bağlı mənə yardım edəsiniz.” Bakı şəhəri Binəqədi rayon prokurorluğunun “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 28 dekabr 2022-ci il tarixli qərarından görünür ki, X2 xx.xx.2022-ci ildə "xxxx" fabrikində işləyərkən yıxılaraq xəsarət almasına dair X10 Xidmətinə yazdığı müraciəti cinayət xarakterli olduğundan araşdırılması üçün prokurorluq orqanına göndərilmiş, həmin müraciətin araşdırılması Binəqədi rayon prokurorluğunun müstəntiqi X5 həvalə edilmiş, X2 xəsarət alması faktına dair toplanmış material üzrə cinayət işi başlanması Azərbaycan Respubikası CPM-in 39.1.2-cü maddəsinə əsasən, yəni əməldə cinayət tərkibi olmadığından xx.xx.2022-ci ildə rədd edilmişdir. Bakı şəhəri Binəqədi rayon prokurorluğunun X10 Xidmətinə yazdığı 06 yanvar 2023-cü il tarixli 467-c-22 nömrəli məktubundan (həmin məktub DƏMX-in xx.xx.2022-ci il tarixli **********4 nömrəli sorğusuna cavab olaraq yazılmışdır) görünür ki, X2 xəsarət alması faktına dair toplanmış material üzrə cinayət işi başlanmasının Azərbaycan Respubikası CPM-in 39.1.2-cü maddəsinə əsasən, yəni əməldə cinayət tərkibi olmadığından rədd edildiyi, habelə QSC barəsində Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərar qəbul edilərək baxılması üçün məhkəməyə göndərildiyi X10 Xidmətinə bildirilmişdir. xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X10 Xidməti Bakı şəhər İdarəsi tərəfindən "xxxx" QSC-in rəhbəri X7 barəsində Azərbaycan Respublikası İXM-in 555.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli MN № ******* saylı İnzibati tənbeh vermə haqqında Qərardan görünür ki, "xxxx" QSC-in rəhbəri X7 bədbəxt hadisənin baş vermə faktını gizlədərək bu barədə DƏMX-yə məlumat vermədiyinə görə Azərbaycan Respublikası İXM-in 555.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2.200 (iki min iki yüz) manat cərimə edilmişdir. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, vətəndaş X8 xx.xx.2022-ci ildə "xxxx" fabrikində işləyərkən yıxılaraq xəsarət almış, baş vermiş hadisə barədə "xxxx" QSC tərəfindən hüquq-mühafizə orqanlarına, habelə X10 Xidmətinə məlumat verilməmiş, hadisənin baş vermə faktı işəgötürən tərəfindən gizlədilmişdir. xx.xx.2022-ci ildə vətəndaş X3 Əmək Mütəttişliyi Xidmətinə yazılı müraciət edərək, xx.xx.2022-ci ildə "xxxx" fabrikində işləyərkən yıxılaraq xəsarət alması, hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə dair məlumat vermişdir. Bundan sonra həmin müraciət X10 Xidməti tərəfindən prokurorluq orqanına göndərilmiş, Binəqədi rayon prokurorluğunun “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 28 dekabr 2022-ci il tarixli qərarı əsasında toplanmış material üzrə cinayət işi başlanması Azərbaycan Respubikası CPMin 39.1.2-cü maddəsinə əsasən, yəni əməldə cinayət tərkibi olmadığından rədd edilmiş, bu barədə 06 yanvar 2023-cü il tarixli 467-c-22 nömrəli məktubla X10 Xidmətinə məlumat verilmişdir. İşin sonrakı gedişatı ondan ibarətdir ki, X10 Xidməti Bakı şəhər İdarəsi tərəfindən "xxxx" QSC-in rəhbəri X7 barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-in 555.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında xx.xx.2023-cü il tarixdə "xxxx" QSC-in rəhbəri X7 bədbəxt hadisənin baş vermə faktını gizlədərək bu barədə DƏMX-yə məlumat vermədiyinə görə Azərbaycan Respublikası İXM-in 555.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2.200 (iki min iki yüz) manat cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin müddətin keçməsinə görə məsuliyyətdən azad etməni nəzərdə tutan 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Dairəsi həmin maddədə müəyyən edilmiş bəzi inzibati xətaların törədilməsinə görə isə bu müddət bir il təşkil edir. Göründüyü kimi, inzibati tənbehin tətbiq edilməsi qanunvericilikdə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlbetmə müddəti ilə şərtləndirilmişdir. Baxılan işdə inzibati xəta hadisəsi (bədbəxt hadisənin baş vermə faktının gizlədilməsi) uzanan inzibati xəta olmaqla xx.xx.2022-ci ildə başlamış və Binəqədi rayon prokurorluğunda X2 "xxxx" fabrikində işləyərkən yıxılaraq xəsarət alması faktına dair aparılan araşdırma üzrə yekun qərar qəbul edilənədək, yəni müəyyən müddət ərzində fasiləsiz törədilmişdir. Çünki, vətəndaş X3 Əmək Mütəttişliyi Xidmətinə xx.xx.2022-ci ildə yazdığı ərizədə xx.xx.2022-ci ildə "xxxx" fabrikində işləyərkən yıxılaraq xəsarət almasına dair məlumat versə də, nəzərə alınmalıdır ki, hər bir belə məlumat xüsusi araşdırma tələb edir və araşdırma aparılmadan şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün şərtsiz əsas kimi çıxış edə bilməz. Odur ki, Z.T.Sultanovun xx.xx.2022-ci il tarixli ərizəsində cinayət xarakterli məlumat olduğundan X10 Xidməti həmin müraciəti prokurorluq orqanına göndərərək, "xxxx" QSC-in rəhbəri X7 barəsində Azərbaycan Respublikası İXM-in 555.3cü maddəsi ilə dərhal inzibati xəta haqqında protokol tərtib etməməkdə və araşdırmanın nəticəsini gözləməkdə haqlı olmuşdur. X2 xx.xx.2022-ci ildə yazdığı ərizəsindəki məlumatların əsaslılığı Binəqədi rayon prokurorluğunda aparılmış araşdırmanın nəticəsi olaraq qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 28 dekabr 2022-ci il tarixli qərarda öz təsdiqini tapdığından təqsirli şəxsin inzibati məsuliyyətinin təmin olunması üçün şərait də məhz həmin andan yaranmışdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Eyni Məcəllənin 38.2-ci maddəsində müddətlərin uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanmalı olması nəzərdə tutulsa da, nəzərə alınmalıdır ki, bu halda İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsi xüsusi norma kimi çıxış edir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 10.4-cü maddəsinə görə eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, X1 inzibati xətanı törətdiyinə görə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək, yəni xx.xx.2023-cü ilədək inzibati məsuliyyətə cəlb edilə bilərdi. Binəqədi rayon prokurorluğunun “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 28 dekabr 2022-ci il tarixli qərar barədə 06 yanvar 2023-cü il tarixli 467-c-22 nömrəli məktubla X10 Xidmətinə məlumat verdiyini nəzərə aldıqda, X10 Xidmətinin təqsirli şəxsin inzibati məsuliyyətinin təmin olunması üçün kifayət qədər vaxtı olmuş, lakin həmin orqan bu məqamı nəzərə almamış, müddət ötdükdən sonra şəxsin inzibati tənbeh edilməsinə dair qərar qəbul etmişdir. Bu məqamda məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb etmə müddətləri şəxsin inzibati məsuliyyətdən azad edilməsinə əsas verən və inzibati xətanın törədildiyi gündən hesablanan müddətlərdir. Törədilmiş inzibati xəta ilə həmin inzibati xətaya görə şəxsin məsuliyyətə cəlb edilməsi arasında müddət nə qədər çox uzanarsa, şəxsin tənbeh edilməsi də bir o qədər lüzumsuz olur və tənbeh istər xüsusi, istərsə də ümumi xəbərdarlıq baxımından əhəmiyyətini itirir. Bu cür müddətləri nəzərdə tutarkən və onların hesablanması qaydalarını müəyyən edərkən qanunverici Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsindən irəli gələn insan və vətəndaş hüquq və azadlıqlarının hüquqi tənzimlənməsi zamanı şəxsi və publik maraqlar arasındakı tarazlığın gözlənilməsi tələbini rəhbər tutaraq inzibati məsuliyyətin qaçılmazlığının təmin olunması üçün şərait yaratmaqla yanaşı, eyni zamanda inzibati xəta törətmiş şəxslərin əsassız olaraq uzun müddətə inzibati təqib və inzibati tənbehin tətbiqi təhlükəsi altında qalmasının qarşısını almaq məqsədini güdmüşdür. Odur ki, məhkəmə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi tam sübuta yetirilmiş, onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar mövcud olmasa da, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə görə aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir:....53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda. Həmin Məcəllənin 134.1-ci və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X4 X9 Xidmətinin xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsaslı olduğundan təmin edilməli, həmin qərar ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şikayətin X9 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən tərtib edilmiş MN №1497413 nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolun ləğv edilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi inzibati xəta haqqında protokolun mövcudluğunu da aradan qaldırır. Bu səbəbdən inzibati xəta haqqında protokolun ləğv edilməsi üçün ayrıca qərar qəbul edilməsinə ehtiyac qalmır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. X9 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və həmin qərar əsasında X4 Azərbaycan Respublikası İXM-in 555.3-cü maddəsilə 2.200 (iki min iki yüz) manat cərimə edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-2422/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2422/2023
05.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver