Məhkəmə qərarları › İş №3(001)-2429/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2429/2020

25.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2429/2020 25.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin sahə inspektoru, polis leytenantı X2, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Dəvəçi rayonu, Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində ondan ötrü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, o, xx.xx.2020-ci il tarixində Binəqədi rayonu Binəqədi qəsəbəsi DSK yolu X5 X3 məxsus “VAZ 2107” markalı avtomobildən oğurluq etmişdir. Törədilmiş inzibati xəta ilə əlaqədar Bakı şəhəri Binəqədi rayon Pİ-nin 4-cü PŞ-nin sahə inspektoru, polis leytenantı X4 tərəfindən inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli MN №0696999 saylı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin sahə inspektoru, polis leytenantı X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati məsuliyyətə cəlb edilməklə barəsində inzibati həbs tənbeh tədbiri tətbiq olunmasını xahiş etmişdir. İnspektor bildirmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə Binəqədi rayonu Binəqədi qəsəbəsi DSK yolu X5 X3 məxsus “VAZ 2107” markalı avtomobilin ön sağ qapısının pəncərəsini sındıraraq “Pioneer” markalı maqnitafonu oğurlamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Bakı şəhəri Binəqədi rayonu 4-cü PŞ-nin sahə inspektoru, polis leytenantı X4 tərəfindən qeyd edilən əşyanı oğurladığını etiraf etmişdir. Ona qarşı polis şöbəsində heç bir təzyiq və təsir göstərilməmişdir. Törətdiyi oğurluğu maddi imkansızlıq səbəbindən törətmişdir. Əməlindən peşmandır, nəzərə alınmasını məhkmədən xahiş etmişdir. Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs yüngül cəza təyin edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Nürəddin Firudinli tərəfindən qəbul edilmiş X1 müraciəti əsasında toplanmış material üzrə xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Şəxs Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəisi polis polkovnik-leytenantı cənab Rahib Mirzəyevə verdiyi yazılı izahatından görünür ki, o, xx.xx.2020-ci il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolunda, X5 yerləşən fərdi yaşayış evinin yanında dayanmış, “VAZ 2107” markalı avtomobilin sağ qapısının pəncərəsini sındıraraq “Pioneer” markalı maqnitafonu oğurlamış, 8-ci km bazarında 50 manata satmışdır. Əməlindən peşmandır, bir daha belə səhvlərə yol vermiyəcəyini bildirmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli MN №0696999 saylı İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli AZA № 001046 saylı İnzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 06:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan məlum olur ki, cinayət işinin başlanması rədd edilmişdir, əməldə İXM-nin 227-ci maddəsinin tərkibi olduğu üçün təqsirkar şəxsin inzibati məsuliyətə cəlb olunması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən Şəxs inzibati qaydada tutulduğu müddət onun həbs müddətinə daxil edilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi əməldən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam sübuta yetirilir. Ona görə də, Şəxs Azərbaycan Respubliaksı İXM-nin 227-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. İnzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsini, eləcə də inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm onun, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə Şəxs inzibati həbs növündə tənbehin təyin edilməsi inzibati tənbehin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 01 (bir) ay, müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli tutulduğu xx xxxxxx 2020-ci il tarixdən saat 06:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların müvəqqəti saxlama mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar