Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2429/2023 16.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X3 iclas katibliyi, X1 və müdafiəçisi “Femida” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, X1 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 barəsində tərtib edilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, ləğv edilməsini və onun barəsində inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətçi və onun müdafiəçisi şikayəti onunla əsaslandırdı ki, o, xx.xx.2019-cu il tarixdən əlavə iş yeri kimi ‘'Dokta” Məhdud Məsuliyyətli Cəmiyyətində əczaçı kimi çalışır. Onun həmin şirkətdə hər hansı inzibati təsərrüfat və sərəncamverici səlahiyyəti yoxdur. Sadəcə işçi kimi ona tapşırılan işləri icra edir və əlavə iş yerinə xas olan formada əmək münasibətlərini davam etdirir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin əməkdaşları tərəfindən onun işlədiyi aptekdə yoxlama keçirilmiş, buna dair 17 may 2023cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin həmin protokol əsassız olduğundan o, işçi kimi həmin protokolda yoxlama predmeti olan malların yoxlayıcı orqan tərəfindən verilmiş müvafiq sertifikatlara malik olmasını bildirmiş və qeyd etmişdir ki, necə ola bilər ki, özlərinin verdiyi sertifikat əsasında dövriyyəyə buraxılmış məhsulların satışı qadağan ola və ya həmin mallar standartlara uyğun olmaya bilər? Lakin səlahiyyətli orqan tərəfindən əsassız olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. Həmin protokolda pozuntu faktı kimi "Alteya" əmtəə nişanlı yağın üzərində qanunvericiliyin tələblərinə uyğun olmayaraq xəstəliklərin müalicəsi, profilaktikası qeydlərinin aparılmaması, həmçinin sözügedən yağların və "7 stick" əmtəə nişanlı saqqız məhsulunun üzərində Azərbaycan dilində məlumatların olmaması" qeyd edilmişdir. Tərtib edilmiş protokol və onun əsasında qəbul edilmiş 30 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar aşağıdakı səbəblərə görə tamamilə qanunsuz və əsassızdır: 1. Azərbaycan Respublikasının "Qida təhlükəsizliyi haqqında” Qanununun 10-cu maddəsinə əsasən təhlükəli qida və yem məhsullarının ilkin istehsalı, emalı və dövriyyəsi qadağandır. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində istehsal və emal edilməmişdən, dövriyyəyə buraxılmamışdan əvvəl qida məhsullarının həyat və sağlamlığa təsirinin qiymətləndirilməsi, təhlükəsizliyinin və minimum keyfiyyətinin, etiketlənmə və qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktlarla müəyyənləşdirilmiş digər tələblərə uyğunluğunun müəyyən edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tədqiqi (sınağı) aparılır və məhsulların xüsusiyyətlərindən asılı olaraq həmin Qanunun 25.8-ci maddəsinə uyğun olaraq qeydiyyata alınır. Həmin Qanunun 31.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmuş qida və yem məhsulu, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar qida təhlükəsizliyi sahəsində tələblərə cavab verdikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) idxal sağlamlıq aktı tərtib edir və məhsul üzərində sərəncam vermək üçün idxalatçıya təqdim edir. Yəni, hər hansı məhsulların idxalı zamanı qeyd edilən standartlar və texniki tələblər əsasında qida məhsulları yoxlanılır bundan sonra həmin məhsulların sərbəst dövriyyəyə buraxılması üçün müvafiq icazə (sertifikat) verilir. O halda ritorik sual ortaya çıxır ki, yoxlayıcı səlahiyyətli orqanın qeyd edilən məhsulların standartlara cavab verməsini təsdiq edən özünün təqdim etdiyi sertifikat (icazə) olduğu halda özü özünün ziddinə inzibati tənbeh tətbiq edə bilir? Dolayı yolla səlahiyyətli orqan məhsulun standarta uyğun olduğunu özü təsdiq etdiyi halda həmin məhsulun üzərində profilaktik yazının və ya Azərbaycan dilində tərcümənin olmamasını məhsulun standartlara uyğun olmaması kimi qiymətləndirmişdir. Halbuki iş materiallarında bir dənə belə olsun malın qüsurlu istehsalı və idxalı, həmin proseslərdən sonra istifadə müddətinin keçməsi və s. haqqında dəlil və ya sübut yoxdur. O halda malın qüsurlu olması və standandartların tələblərinə cavab verməməsi səlahiyyətli orqan tərəfindən necə müəyyən edilib? İnzibati xəta materiallarından da aşkar şəkildə görünür ki, həmin məhsullar qanuni yolla ölkəyə idxal edilmiş və satışa çıxarılmışdır. Məhsulun özünün keyfiyyəti ilə bağlı heç bir problem yoxdur. Səlahiyyətli orqanın nümayəndəsi də tərtib etdiyi protokolda məhsulun özü ilə bağlı yox, üzərindəki etiketləmə ilə bağlı “nöqsan ”lar qeyd etmişdir. Həmin mövqeyin davamı olaraq qeyd edilməlidir ki, Qanunun 17.2.1-ci (qida və yem məhsullarının qablaşdırılması və etiketlənməsi zamanı onların təhlükəsizliyinə dair tələblər) maddəsinə əsasən istehlakçıya qida məhsullarının adı, qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, saxlanma şəraiti, tərkibindəki allergenlər, mənşəyi, istehsalçının adı və ünvanı, istehsal üsulu və istifadə qaydaları barədə dolğun məlumatlar verilməlidir. Göründüyü kimi, yoxlama predmeti olan mallar müvafiq sertifikat əsasında dövriyyəyə buraxılmışdır və onlar standartların və digər normativ sənədlərin tələblərinə tam şəkildə cavab verir. Səlahiyyətli orqan isə özünün tərtib etdiyi protokolda da məhz yoxlama predmeti olan 2 məhsulun etiketləmə tələblərinə cavab verməməsini pozuntu kimi qeyd etmişdir. O halda səlahiyyətli orqan nəyə görə etiketləmə ilə bağlı pozuntu nəzərdə tutan Məcəllənin 453- cü maddəsini yox, məhz Məcəllənin 447.03-cü maddəsini hazırki hala tətbiq etmişdir? Yoxlama predmeti olan məhsulların adı, qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, saxlanma şəraiti, tərkibindəki allergenlər, mənşəyi, istehsalçının adı və ünvanı, istehsal üsulu və istifadə qaydaları barədə dolğun məlumatlar mövcuddur və məhsulun üzərində və ya satıcıda vardır. Qeyd edilənlərin məntiqi sonluğu ondan ibarətdir ki, məhsulun etiketinin və ya hansısa məlumatlandrıcı hissəsinin standarta uyğun olmaması məhsulun özünün standarta uyğun olmaması (yararsız olması) demək deyil. Əgər məhsullar keyfiyyətsiz və istifadəyə yararsız idisə, nəyə görə səlahiyyətli orqan tam əksinə olaraq həmin məhsulların sərbəst dövriyyəyə buraxılması barədə sertifikat vermişdir? Yoxlama zamanı heç bir tədqiqat və laborator müayinə aparılmadan səlahiyyətli orqanın nümayəndəsi “gözayarı” məhsulların keyfiyyət göstəricisini müəyyən edə bilirsə, o halda həmin orqanın bütün laboratirayalarmı ləğv edib büdcəyə qənaət etməsi və bu cür “uzaqgörən” əməkdaşlarını laboratoriya avadanlıqları əvəzinə əmək fəaliyyətinə cəlb etməsi daha məqsədəmüvafiq olmazdımı? Nəticə olaraq, məhsulun etiketlənməsi ilə bağlı tələblərin pozulması üzrə inzibati araşdırma aparıla bilərdi ki, səlahiyyətli orqan bu hal üzrə araşdırma aparmamış və nəticədə qanunsuz inzibati tənbeh tədbiri tətbiq etmişdir. 2. O, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində əlavə iş yeri kimi əvəzçilik qaydasında əczaçı kimi çalışır. Onun həmin şirkətdə inzibati xətalar qanunvericiliyi baxımından vəzifəli şəxs hesab edilə biləcək heç bir səlahiyyəti yoxdur. Bu barədə nə onun əmək müqaviləsi inzibati araşdırma materiallarının predmeti olmuş, nə də vəzifəli şəxs olmağına əsas ola biləcək digər sənədlər (vəzifə təlimatı, daxili əmr, etibarnamə, maddi məsul şəxs olma barədə sənədlər və s.) araşdırılmamışdır. Məcəllənin 17-ci maddəsinin qeyd hissəsinə əsasən dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilati-sərəncamverici və ya inzibati- təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər vəzifəli şəxs hesab edilirlər. Göründüyü kimi normanın tələblərinin mənə heç bir aidiyyəti yoxdur. Buna görə də pozuntu faktı olsa belə müvafiq protokol və inzibati tənbeh tədbiri mənim barəmdə tətbiq edilə bilməzdi. Bu barədə qərar yalnız "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxs hesab edilən işçiləri barəsində tətbiq edilə bilərdi. Digər tərəfdən Məcəllənin 18.2.4-cü maddəsinə əsasən Məcəllənin 18.2.1-18.2.3cü. maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisinin törətdiyi inzibati xətalara görə həmin hüquqi şəxs və (və ya) onun vəzifəli şəxsi məsuliyyətə cəlb edilir. Göründüyü kimi hazırkı halda xəta tərkibi olsa idi belə məsuliyyətə cəlb edilməli şəxslərin dairəsinə mən daxil deyiləm. Ümumiyyətlə səlahiyyətli orqan yoxlama üzrə "qarşısına ilk çıxan insan” barəsində inzibati tənbeh tətbiq etmişdir. Qanunvericiliyə əsasən isə səlahiyyətli orqan hüquqi şəxsin vəzifəli şəxsinin kimlər olmasını, hansı əsasla bu statusa malik olmalarını müəyən etməli, araşdırmanı da bunun üzərində aparmalı idi. Lakin inzibati xəta materiallarında “Dokta’' Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinin dairəsinin müəyyən edilməsi istiqamətində səlahiyyətli orqan tərəfindən əldə edilmiş bir dənə belə olsun sənəd və ya sübut, sorğu və ya digər prosessual hərəkət mövcud deyil. Bu səbəbdən qeyd edilən inzibati tənbeh tətbiq edilməsi barədə qərar tamamilə qanunsuz və əsazssızdır. Məlumat üçün qeyd edilir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 30 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ona xx.xx.2023-cü il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə İdarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfi dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X5 Azərbaycan Respublikası İXM-nin 447.0.3-cü maddəsi ilə təqsirli bilinib 1500 manat cərimə edilmişdir. Pozuntu faktı kimi "Alteya" əmtəə nişanlı yağın üzərində qanunvericiliyin tələblərinə uyğun olmayaraq xəstəliklərin müalicəsi, profilaktikası qeydlərinin aparılmaması, həmçinin sözügedən yağların və "7 stick" əmtəə nişanlı saqqız məhsulunun üzərində Azərbaycan dilində məlumatların olmaması" qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş sertifikatlardan görünür ki, Alteya" əmtəə nişanlı yağ və 7 stick" əmtəə nişanlı saqqız məhsuluna Agentlik tərəfindən sertifikat verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 6050 saylı əmək müqaviləsinin surətindən görünür ki, X5 "xxxx" MMC-də 0.5 ştatla satıcı vəzifəsinə qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 447.0.3-cü maddəsinə görə istehlakçıların hüquqlarının pozulmasına, yəni andartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. İş materiallarından görünür ki, “Alteya" əmtəə nişanlı yağ və 7 stick" əmtəə nişanlı saqqız məhsuluna Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sertifikat verilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, protokolda törədildiyi qeyd edilən inzibati xəta pozuntusu törədilməmişdir. Məhkəmə bu qənaətini onunla əsaslandırır ki, xx.xx.2022-ci il tarixdə həmin məhsullara sertifikat verilən zaman protokolda qeyd edilən pozuntular mövcud olmuş olsaydı inzibati orqanın səlahiyyətli nümayəndələri tərəfindən bu fakt elə həmin vaxt aşkarlana bilərdi. Digər tərəfdən məhkəmə qeyd edir ki, X5 vəzifəli şəxs kimi inzibati qaydad məsuliyyətə cəlb edilsə də o faktiki olaraq vəzifəli şəxs olamış, onun vəzifə səlahiyyətləri məhsulların satışını həyata keçirtməkdən ibarət olmuşdur. Yəni, onun həmin şirkətdə hər hansı inzibati təsərrüfat və sərəncamverici səlahiyyəti olması iş materiallarından görünmür. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsinə görə dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İş materiallarında olan sənədlərdə X4 VÖEN-i qeyd edilsə də faktiki olaraq onun yuxarıda qeyd edilən səlahiyyətləri hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğu müəyyən edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Çünki İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-1343-cü maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-2429/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2429/2023
16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver