Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2447/2024 08.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Şəxs nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən Şəxs 11704 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 11704 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi X2 bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi, inzibati qaydada məsuliyyətə cəlb edilməsinə dair Bakı Binəqədi rayon məhkəməsinə müraciət etmişdir. Şəxs MMC ilə Çin Xalq Respublikasında yerləşən “ZHEJİANG MİPAO X3., Ltd.” şirkəti arasında xx.xx.2021-ci il tarixdə alğı-satqı müqaviləsi bağlanmışdır. Qeyd edilən müqavilə bağlı 11704 ABŞ dolları xx.xx.2022-ci il tarixdə "xxxx" ASC vasitəsilə Çin Xalq Respublikasında yerləşən “ZHEJİANG MİPAO X3., Ltd.” şirkətinin hesabına köçürülmüşdür. xx.xx.2021-ci il tarixdə müqavilədə nəzərdə tutulmuş mallar hisssə-hissə Azərbaycan Respublikasına daxil olmuş və qeyd edilən mallara dair MMC tərəfindən gömrük orqanına gömrük bəyannamələri verilmişdir. “ZHEJİANG MİPAO X3., Ltd.” şirkətinin hesabına köçürülmüş 11704 ABŞ dollarının müqabilində alınmış bütün mallar isə həmin şirkətdə baş vermiş texniki problemlərə görə hələ də Azərbaycan Respublikasına göndərilməmişdir. Bununla bağlı həmin şirkət tərəfindən . Şəxs MMC-yə müraciət olunaraq malların tezliklə göndəriləcəyi bildirilmişdir. Qeyd edilən mallarının Azərbaycan Respublikasına daxil olmamasında Şəxs MMC-nin heç bir təqsiri yoxdur. Qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Şəxs MMC ilə “ZHEJİANG MİPAO X3., Ltd.” şirkəti arasında alğı-satqı müqaviləsı bağlanmışdır. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs MMC tərəfindən "xxxx" ASC-də olan hesabdan 11704 ABŞ dolları məbləğində olan vəsait “ZHEJİANG MİPAO X3., Ltd.” şirkətinin hesabına "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Şəxs tərəfindən 11704 ABŞ dolları məbləğində olan vəsait bank hesabından Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, lakin ödəniş aparıldığı gündən iki il müddətində 11704 ABŞ dolları dəyərində malların ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmişdir. “ZHEJİANG MİPAO X3., Ltd.” şirkəti tərəfindən Şəxsnə ünvanlanmış məktubdan görünür ki, 11704 ABŞ dolları dəyərində mallar texniki problemlərə istehsal edilmədiyindən MMC-nin ünvanına göndərilməmiş, həmin malların tezliklə göndəriləcəyi bildirilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə təqsiri müəyyən edilmədiyindən başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İXM-in 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırki iş üzrə Şəxs təqsiri müəyyən olunmur. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs tərəfindən "xxxx" ASC-də olan hesabdan xx.xx.2022-ci il tarixdə ilə “ZHEJİANG MİPAO X3., Ltd.” şirkətini hesabına 11704 ABŞ dolları məbləğində olan vəsait köçürülmüş, lakin 11704 ABŞ dolları məbləğində vəsait hesabına alınmış mallar 2 il ərzində ölkəyə idxal edilməmiş, qeyd edilən məbləğ əsasında alınmış malların Azərbaycan Respublikasına daxil olmamasının səbəbi texniki problemlərə görə malların istehsal edilməməsi olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Göründüyü kimi, Şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-də olan hesabdan köçürülmüş 11704 ABŞ dolları dəyərində olan malların ölkəyə gec gətirilməsində Şəxs təqsiri müəyyən edilməmişdir. Qeyd olunan hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş materiallarla öz təsdiqini tapır. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə təqsiri müəyyən edilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs İXM-in 430.4-cü maddəsi üzrə təqsiri müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə təqsiri müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-2447/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2447/2024
08.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver