Məhkəmə qərarları › İş №3(001)-2454/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2454/2022

12.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2454/2022 12.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X11 katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X6 izahat verərək bildirmişdir ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-464/2022 nömrəli icra sənədində xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməsi göstərilmişdir. Qeyd olunan icra sənədi Binəqədi rayon İcra şöbəsinə daxil olmuş və tərəfindən xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş qəbul edilmişdir. Şəxs bu günədək icra sənədi üzrə aliment borcundan 2100 manat ödəniş etmişdir. Hazırda icra sənədi üzrə 700 manat aliment borcu vardır. İcra sənədinin icrası ilə əlaqədar tərəfindən zəruri icra tədbirləri görülməsinə baxmayaraq, Şəxs borcunu icra etmədiyi üçün, sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyildir. Belə ki, o, “online” kitab satışı ilə məşğul olur. Zərəçəkmiş şəxsin qardaşı ilə razılığa gələrək hə ay 200 manat aliment ödənişi etmişdir. Təkcə may ayında ödəniş edə bilməmiş, iyun ayında isə may ayında ödəniş edə bilmədiyi üçün 400 manat məbləğində ödəniş etmişdir. O, uşaqlara aliment ödəməklə kifayətlənmir, belə ki, həftənin şənbə və bazar günləri uşaqlar onun yanında qalırlar, bu zaman onlara geyim, oyuncaq və digər ehtiyaclarını da alır. Uşaqlarla olan görüşü zamanı zərərçəkmiş şəxs onları həmişə köhnə və cırılmış geyimlərdə göndərir. Onun hər dəfəsində onlara yeni geyimlər almağına baxmayaraq, uşaqları ilə növbəti görüşlərində zərərçəkmiş onları yenə köhnə geyimlərdə göndərir. Hazırda icra sənədi üzrə icra məmurunun da dediyi kimi 700 manat aliment borcu yaranmışdır. Hazırda imkanı olmadığı üçün aliment ödənişini tam şəkildə olmasa da, hər ay mütəmadi olaraq müəyyən məbləğdə ödəyir. Sonuncu dəfə isə bu gün aliment borcundan 450 manat məbləğində ödəniş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona verilən suallara icra vərəqi üzrə aliment borcunu ödəməkdən yayınmadığını, sonuncu dəfə bu gün aliment borcundan 450 manat məbləğində ödəniş etdiyini bildirmişdir. Eyni zamanda hazırda da ödənilməmiş qalan 700 manat aliment borcundan 120 manat ödəyə biləcəyini, əgər zərərçəkmiş şəxs həmin məbləği qəbul etməkdən imtina edirsə “e-manat” ödəniş sistemi vasitəsi ilə onun kart hesabına ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək bildirmişdir ki, borclu Şəxs 1050 manat aliment borcu yaranmışdır. Bu günki tarixə 450 manat ödəniş edilməsindən məlumatı yoxdur. Çünki aliment borcundan ödənişləri hər ay Şəxs onun adına “Kapital bank” da açılmış kart hesabına ödəyir, həmin kart isə qardaşındadır, aliment məbləğlərinin ödənilməsi haqqında o məlumatlı olur. Şəxs uşaqlara ancaq müəyyən edilmiş aliment məbləğini ödəyir, uşaqlara hər hansı geyim almamışdır. Aliment borcunun tam şəkildə ödənilməsini istəyir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 ona verilən suallara cavab olaraq bildirmişdir ki,qardaşı ilə telefon vasitəsi ilə əlaqə saxlamış, qardaşı bu günki tarixdə-yəni 12 avqust 2022-ci il tarixdə kart hesabına 450 manat məbləğində pulun gəlməsini təsdiqləmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən məhkəmə iclasında ödənilməsi təklif edilən 120 manat məbləği qəbul etmir, ödənilməmiş qalan 700 manat pulun tam şəkildə ödənilməsini tələb edir. Əgər ödənilməzsə Şəxs inzibati qaydada həbs edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 464/2022 nömrəli icra sənədindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2020ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşağa görə 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməsi qərara alınmışdır. Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəxs barəsində olan icra sənədi üzrə icraata başlanmış və sonuncuya borcunu dərhal ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yazdığı xx.xx.2022-ci il tarixli iltizamın surətindən görünür ki, o, iyun ayının sonuna kimi aliment borcundan 600 manat ödəniş edəcəyinə dair öhdəlik götürmüşdür. Zərərçəkmiş şəxs X2 Binəqədi rayon icra şöbəsinin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsinin surətindən görünür ki, borclu Şəxs icra sənədi üzrə bu günədək 1200 manat aliment ödəniş etmiş, 1200 manat isə aliment borcu qalmışdır. Həmin ayın sonuna kimi aliment borcunu ödəmədiyi halda onun barəsində inzibati qaydada tədbir görülməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 464/2022 nömrəli icra sənədi üzrə yaranmış aliment borcu ödənilməyərək icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan “Birbank” mobil tətbiqi vasitəsi ilə “kartdan karta köçürmə” üsulu ilə köçürməni təsdiq edən qəbzlərin surətindən görünür ki, borclu Şəxs bu günədək 2100 manat, xx.xx.2022-ci il tarixdə 450 manat ödəniş edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclasında isə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-464/2022 nömrəli icra sənədi üzrə Şəxs yaranmış aliment borcunu üzrsüz səbəbdən icra etməməsi və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi sübuta yetirilməmişdir. Məhkəmədə toplanmış sübutlarla müəyyən edilmişdir ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 464/2022 nömrəli icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icra məmuru tərəfindən Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi göstərir ki, borclu Şəxs mütəmadi olaraq hər ay müəyyən məbləğdə aliment ödənişlərini etmişdir. Bu günə qədər aliment ödənişlərindən 2100 manat ödəniş etmiş, sonuncu dəfə isə, barəsində inzibati xəta haqqında protokol tərtib edilən gün, yəni xx.xx.2022-ci il tarixdə 450 manat ödəniş etmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs icra sənədi üzrə borcunu ödəməkdən yayınmayaraq aliment borcundan hissə-hissə olmaqla, ümumilikdə 2100 manat ödəniş etmişdir. Belə ki, onun tərəfindən yanvar, fevral, mart, aprel ayında 200 manat, iyun ayında 400 manat, iyul ayında 450 manat ödəniş edilmişdir. Sonuncu dəfə isə 12 avqust 2022-ci il tarixdə, yəni barəsində inzibati xəta haqqında protokol tərtib edildiyi gün aliment borcundan 450 manat ödəniş etmişdir. Borclu Şəxs icra sənədi üzrə olan aliment borcundan ödəniş etməsi onun tərəfindən borcun üzrsüz səbəbdən icra edilməməsi və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirilməməlidir. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar