Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2456/2024 16.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, Məhkəmə iclas katibi Novruzova Cəmilə Davud qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 inzibati tənbeh edilməsinə dair Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 01 aprel 2024-cü il tarixli, EQ 20291988 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 məhkəməyə müraciət edərək, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən 01 aprel 2024-cü il tarixli, EQ 20291988 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətində göstərmişdir ki, ona məxsus olan 77M0736 dövlət qeydiyyat nişanlı, KİA SPORTAGE markalı nəqliyyat vasitəsini idarə edərkən, xx.xx.2024-cü il tarixdə, saat 09:04-də Bakı şəhəri, Ziya Bünyadov köməkçi yolda 327.1-ci maddə ilə “5.9 Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq” nişanının tələbinə riayət edilməməsinə" görə 40 manat (protokol EQ********) cərimə olunmuşdur. 1. Bu yolda, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolağa saat 07:00dan, saat 10:00-a kimi daxil olmaq qadağandır. Cərimə olunduğu vaxt 09:04 göstərilsə də o, bu yoldan 10:04-də keçmişdir. Ona məlum olmayan səbəbdən bu vaxt 09:04 göstərilmişdir. DYP-nin sürət ölçən radarları, qazanalizatorları, alkotesterləri (alkoqol təyin edən) və s. texniki vasitələri, düzgün işlədiyinə əmin olmaq üçün yoxlamadan keçirlər. Yoxlamadan keçmədən, xüsusi texniki vasitərin istifadəsi qanunla qadağandır və onlar ilə alınmış ölçmələrin nəticələrinin heç bir hüquqi əsası yoxdur. DYP bu qayda pozuntusunu TŞ8-249 saylı texniki vasitə ilə qeydə almışdır. Göründüyü kimi TŞ8- 249 saylı texniki vasitə 1 saat fərqlə işləyir (o, bu yoldan 10:04 də keçmişdir). Əgər DYP-nin xüsusi texniki vasitəsi yoxlamadan keçmişsə, onun sənədini (Şəhadətnaməsini) təqdim edilməsini xahiş etmişdir. O, bu texniki vasitənin yoxlamadan keçmədiyinə əmin olduğunu bildirmişdir. Əks halda bu qədər fərqlə (1 saat) işləməz. 2. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununa əsasən sağa dönməmişdən əvvəl sürücü sağ zolağı tutmalı sonra dönmə əməliyyatını həyata keçirməlidir. Təqdim etdiyi xəritədə də (cərimədə təqdim olunan şəkillərdə bu görünmür). Ziya Bünyadov köməkçi yolda sağa məhəlləyə girmək üçün yol görünür. O, məhləyə girmək üçün Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əvvəlcədən sağ zolağa keçmişdir. Bu zaman onun “ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolağa keçməsini” tam qanuni olduğunu və buna görə cərimə olunmağını qanunsuz hesab etmişdir. EQ20291988 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 verdiyi izahatında şikayətin əsaslı və qanuni olduğundan təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, qərarından şikayət verilmiş şəxs məhkəmə iclasına gəlməmiş və səbəblərini məhkəməyə açıqlamamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X1 inzibati tənbeh edilməsinə dair Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 01 aprel 2024-cü il tarixli, EQ 20291988 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə saat 14:32-də “KİA Sportage minik” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. İXM-in 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X2 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və İXM ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, şikayətçi nəqliyyat vasitəsi ona məxsus olsa da inzibati xətanı başqa şəxsin (nəqliyyat vasitəsinin sazlığını yoxlayan usta tərəfindən törədilməsi) törətdiyini qeyd etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X1 inzibati tənbeh edilməsinə dair Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 01 aprel 2024-cü il tarixli, EQ 20291988 saylı qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə əlavə araşdırılması və yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qisməın təmin edilsin. X1 inzibati tənbeh edilməsinə dair Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 01 aprel 2024-cü il tarixli, EQ 20291988 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-2456/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2456/2024
16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver