Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2463/2021 13.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X3, şikayət vermiş şəxs X4 və onun nümayəndəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, X4 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 06.11.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X6 müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 06.11.2020ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 06.11.2020-ci il tarixli, MN ******* nömrəli qərarla X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 2500 (iki min beş yüz) manat miqdarında cərimə edilmişdir. Aşağıda göstərilən əsaslara görə hesab edirlər ki, İ.İbadov barəsində inzibati xəta haqqında protokol tərtib edilməsində və həmin protokola baxılmasında ifadə olunan hərəkətlər qanunsuz və əsassızdır. İlk öncə qeyd olunmalıdır ki, həmin qərar qəbul edilərkən iştirakları təmin edilməmiş, nəticə etibarı ilə onun xəbəri olmadan və birtərəfli qaydada qanunsuz qərar qəbul edilmişdir. Belə ki, İ.İbadov barəsində inzibati xəta haqqında protokolun surətindən görünür ki, qeyd olunan protokolun tərtib edilməsində heç bir sübut və işi mahiyyəti üzrə həll edə biləcək əsaslar qeyd edilməmişdir. Vəzifəli şəxs barəsində tərtib edilən inzibati protokolda İ.İbadov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsiləndirilsə də faktın nədə ifadə olunduğu protokolda göstərilməmiş, habelə xətanı əsaslandıran heç bir sübut qeyd edilməmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli şəxs məhz V.Cavadov vəzifəli şəxs olaraq hansı vəzifəsini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyini əsaslandırmalıdır. Göründüyü kimi, nə protokolda, nə də inzibati tənbeh qərarında belə bir əsaslandırma yoxdur. İş materiallarında, protokolda və qərarda ümumiyyətlə, inzibati xəta hadisəsinin olmasına, hətta, belə hadisənin olduğu təqdirdə, təqsirli hesab edilən şəxsin təqsirinin nədə ifadə olunmasına dair hər hansı bir sübut faktoru mövcud deyildir. İnzibati xəta hadisəsinin mövcudluğu və İ.İbadovun təqsirli olmasını sübut etmək vəzifəsi birmənalı olaraq inzibati xətaya dair icraat aparmış səlahiyyətli şəxsin vəzifəsidir. İ.İbadov özünün təqsirsiz olduğunu sübut etməyə borclu deyildir. Bu vəzifə inzibati xətaya dair protokolu tərtib etmiş səlahiyyətli şəxsin üzərinə düşür ki, işdən göründüyü kimi, səlahiyyətli şəxsin tərtib etdiyi protokolda və digər səlahiyyətli şəxsin tərtib etdiyi qərarda belə sübutlar məcmusu mövcud deyildir. Hazırkı iş üzrə inzibati qərar eyni orqanın vəzifəli şəxsi tərəfindən tərtib olunmuş protokolda göstərilənlər əsasında çıxarılmışdır. Yəni, inzibati qərarın mənbəyi tərtib olunmuş inzibati xəta haqqında protokoldur və inzibati xəta protokolun qanunsuz sübutlara əsaslanılmışdır. Nəzərə çatdırılması zəruridir ki, Azərbaycan Respublikasında aparılan yoxlamaların məqsəd və prinsipləri, təşkili və aparılması qaydaları, eləcə də yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələri, həmçinin sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələblər “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir (dərci 29.08.2013-cü il “Azərbaycan” qəzeti). Sözügedən Qanunun 37-ci maddəsinə əsasən bu qanun 01.03.2014-cü ildə qüvvəyə minmişdir. Qeyd edilməlidir ki, istinad olunan Qanunun “qanunun tətbiq dairəsi” adlanan 2.1 -ci maddəsinin tələbinə görə bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Yoxlamaların qanuniliyini ehtiva edən, yuxarıda sözügedən Qanunun 3-cü maddəsinin tələbinə görə yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. İstinad olunan Qanunun 5.1 -ci maddəsində ehtiva olunmuşdur ki, sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər Azərbaycan Respublikasının qanunları və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktlarla müəyyən edilir. Yoxlamanın predmeti sahibkarın məcburi tələblərə riayət etməsinin qiymətləndirilməsidir. Sözügedən Qanunun 8.4-cü maddəsinin tələbinə görə isə yoxlayıcı orqan məcburi tələblərin tətbiqi ilə bağlı səlahiyyətlərinə aid məsələlər üzrə sahibkara yazılı və şifahi şəkildə izahatlar verməyə, habelə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına dair metodiki köməklik göstərməyə borcludur. Bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalara, müayinələrə, monitorinqlərə, müşahidələrə, təftişlərə, nəzarətlərə, xronometrajlara, reydlərə, baxışlara və digər bu cür tədbirlərə şamil edilməklə bu növ yoxlamaların aparılmasını tənzimləyən, yuxarıda sözügedən Qanunun 19.1 -ci maddəsində təsbit olunmuşdur ki, yoxlama aktının tərkib hissəsi olan yoxlama suallarının siyahısının forması və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir (bax Qanunun 19.2 və 19.8-ci maddələri). Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2014-cü il tarixli, 143 nömrəli qərarı ilə təsdiq olunmuş “Yoxlama suallarının siyahısının forması və tətbiqi qaydası"nın tələblərinə əsasən yoxlama suallarının siyahısına daxil edilən tələblər sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən aktlara (o cümlədən texniki normativ hüquqi aktlara) uyğun formalaşdırılmalı və hər bir tələblər qarşısında sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən normativ hüquqi aktın adı, tarixi, nömrəsi və struktur elementi göstərilməli, tələblərdə qeyri-müəyyən ifadələrdən istifadə olunmasına yol verilməməlidir. Yuxanda göstərilənlərlə yanaşı onu da xüsusi ilə qeyd etməyi zəruri hesab edirik ki, Azərbaycan Respublikasının Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi və Milli Məclis tərəfindən qəbul olunmuş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə sahibkarlıq subyektlərində aparılan yoxlamalar 2021-ci ilin noyabr ayınadək dayandırılmışdır. Məlum olduğu kimi 2021-ci ilin noyabr ayınadək yalnız Azərbaycan Respublikasının Prezidentinin 26 oktyabr 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların siyahısına əsasən Azərbaycan Respublikasının Səhiyyə, Kənd Təsərrüfatı. Fövqəladə Hallar və Maliyyə Nazirliklərinə, eləcə də Azərbaycan Respublikasının Mərkəzi Bankına bu siyahıda göstərilən hallarda yoxlamalar aparılmasına icazə verlmişdir. Hesab edirlər ki, idarənin əməkdaşları tərəfindən, həmçinin yuxarıda sözügedən maddi hüquq normalarının tələbləri də kobud şəkildə pozulmaqla qanunsuz yoxlama aparılmış və qanunsuz yolla əldə olunmuş məlumatlar əsasında 20.09.2020-ci il tarixli protokol, qanunsuz sənədlər əsasında isə inzibati tənbehin tətbiqinə dair qərar qəbul olunmuşdur. Ona görə də İ.İbadov barəsində qəbul olunmuş qərarın qanuniliyindən söhbət gedə bilməz, bu qərarın qanunauyğunluğu onu qəbul etmiş səlahiyyətli şəxs tərəfindən əsaslandırılmamış, hazırki işdə də sübut olunmamışdır. İXM-in 6, 12, 17-ci maddələrinin tələblərinə istinadla qeyd edilir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulan bu və ya digər inzibati xəta hadisəsi baş vermədiyi, aşkar olunmuş əmillərdə inzibati xəta tərkibi olmadığı halda, İ.İbadov barəsində 20.09.2020-ci il tarixli protokolun tərtib olunması, onun əsasında 16 gündən sonra inzibati xəta haqqında qərarın qəbul edilməsi qanunsuz və əsassızdır. Çünki ehtimal olunan inzibati xətanın nədən ibarət olması izah edilmir və nəzarət orqanı tərəfindən əsaslandırılmamışdır. Belə ki, 20.09.2020-ci il tarixli protokola istinadən görünür ki, protokoldaki tələblər yoxlayıcı orqanın əməkdaşlarının subyektiv mülahizələrinə əsaslanmaqla, məsuliyyətə əsas olan normativ və ya texniki normativ hüquqi aktların tələbləri ilə əsaslandırılmamış, və sadəcə olaraq maddənin dispozisiya hissəsi protokola köçürülmüşdür. Qərarda ümumiyyətlə qeyd edilən ərazi bəlli deyil göstərişdəki sadəcə Binəqədi gölü ərazisi bildirilməklə qeyri müəyyənliyə yol verilmişdir. Hesab edirik ki, təsərrüfat şəhər ərazisində yerləşir və şəhər ərazisində çoxlu sayda insanlar yaşayır və bu insanlar da öz evlərində sudan istifadə edirlər. Fərdi evlərdə istifadə olunan su ancaq bu insanlar tərəfindən məişət (əl-üz yumaq və zəruri tələbatını ödəmək) məqsədilə istifadə edilir. Məlumdur ki, təsərüfatda istifadə edilən əhəng daşının heç bir radioaktiv və digər zərərli təsirlərə malik deyildir. Beləliklə də təsərrüfatda insanların yaşayış evlərində sudan istifadə etdiyi kimi istifadə edilir. Yalnız ümumi ifadələrlə təvsir olunan məcğuri göstəriş protokolda sadalanan subyektiv mülahizələr əsasında təkrar qanunsuzluğa yol verilərək inzibati protokol tərtib olunması və qərar qəbulu yalnız inzibati-nəzarət orqanının qərəzli, səriştəsiz və qanunsuz davranışının nəticəsidir. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasına görə Azərbaycan dövləti hüquqi dövlət olmaqla Respublikamızda hüququn aliliyi təmin olunmuşdur, inzibati xəta haqqında protokol və qərar qəbul etmiş səlahiyyətli şəxslər isə qanunun aliliyini pozmuş, öz qərəzli niyyətləri ilə qanunsuz hərəkət etmişlər. Bütün yuxarıda qeyd olunanlarla yanaşı, hesab edirlər ki, inzibati xəta haqqında protokolun və qərarın mahiyyətcə qanunsuz və əsassız olması ilə yanaşı, prosessual cəhətdən də İXM-in tələblərinə əməl olunmadığı nəzərə alınmalıdır. Belə ki, İXM-in 100-cü maddəsinin tələbinə görə, (İnzibati xəta haqqında protokol 100.1. Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İşdən göründüyü kimi, Protokolun tərtib olunmasında İXM-in 100-cü maddəsinin yuxanda sadalanan bütün tələbləri pozulmuşdur. Əlavə olaraq onu da qeyd etmək zəruridir ki inzibati xəta haqqında bu qədər kobud pozuntularla tərtib edilmiş protokol vəzifəli şəxsə inzibati xəta haqqında qərarın qəbul edilməsi üçün göndərildikdə vəzifəli şəxs İXM-in 109.1.6-cı maddəsi ilə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədiərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalı olduğu halda bunu etməmiş və ciddi prosessual pozuntuya yol vermişdir. Yuxarıda göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən aparılan icraat eyni zamanda yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Məhkəmə iclasında şikayət vermiş şəxs X6 şikayətin məzmununa uyğun izahat verib, əlavə olaraq bildirmişdir ki, kənd Binəqədi ərazisində yerləşən göldən 200 metr aralıda yerləşən ona məxsus daş sexi vardır. Həmin sexin ünvanı olmadığı üçün “xxxx” ASC ilə müqavilə bağlaya bilməmişdir. Həmin ərazidə yerləşən baş bir sexin yerində yerləşən su quyusundan istifadə olunur və çirkab suları da həmin quyuya yığılır. Həmin sular heç yerə axıdılmır. Təbii buxarlanma getdikdən sonra quyu yenidən doldurulur. Quyunun dibində olan tullantılar və daş qırıntıları isə ev tikən şəxslərə pay olaraq verilir. Bu proses təxminən 8 aydan bir təkrarlanır. 2020-ci ilin may ayında ekologiya işçiləri gələrək sexə baxış keçirmiş və heç bir söz demədən çıxıb getmişdir. Təxminən 6-7 ay sonra ona barəsində protokol tərtib edilməsi və cərimələnməsi müəyyən edilmişdir. Hesab edir ki, inzibati tənbeh edilməsinə dair qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Ona görə də, barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 06.11.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxsin nümayəndəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X5 şikayət ərizəsini müdafiə edərək, X6 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 06.11.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X7 bildirmişdir ki, idarənin monitorinq şöbəsinin əməkdaşları mütəmadi olaraq monitorinq keçirilir. X4 Binəqədi rayonu Binəqədi gölünün kənarında yerləşən obyektinə 23 sentyabr 2020-ci il tarixdə baxış keçirilmişdir. Həmin zaman əməkdaşlar tərəfindən qeyd olunan obyektdə “xxxx” ASC-nin su sayğacının quraşdırılması və suyun gölə axıdılması müəyyən edilmişdir. Sonra həmin fakt üzrə inzibati araşdırma başlanmış, X6 araşdırma zamanı dəvət olunmasına baxmayaraq, iştirak etməmişdir. Pozuntu aşkar edilən zaman vətəndaş izahat verərək pozuntunu etiraf etmişdir. X6 barəsində inzibati xəta haqqında protokol və onun əsasında qərar qəbul edildikdən sonra X6 idarədə iş materialları ilə tanış olmaq istəyən zaman izahatını götürüb cırmışdır. Bu barədə isə müvafiq akt tərtib edilmişdir. Protokolun gec tərtib edilməsinə səbəb isə müvafiq araşdırmanın aprılmasının çox çəkməsi olmuşdur. Araşdırma sonunda isə X6 tərəfindən çirkab sularının gölə axıdılması faktı öz təsdiqini tapmışdır. Məhkəmədən verilmiş şikayətin əsassız olduğunu və təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: 06.11.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Binəqədi rayonu, Binəqədi gölünün kənarındakı üzlük daş sexində çirkab suların daşınması ilə əlaqədar müqavilənin olmaması sambolardan sitifadə edilərək tullantıların (çirkab suyunun) qurğu olmadan istismar edilməsi faktı müəyyən edilmişdir. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 2500 manat məbləğində inzibati cərimə olunmuşdur. 06.11.2020-ci il tarixli aktdan görünür ki, 06 noyabr 2020-ci il tarixdə X6 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində iş materialları ilə tanış olaraq yaşayış yeri ilə bağlı ərizə yazdıqdan sonra 09.10.2020-ci il tarixdə inzibati araşdırma zamanı “inzibati xəta faktının etiraf olunması ilə bağlı” izahatını cırıb yararsız vəziyyətə salmış, kağız qırıntılarını özü ilə aparmışdır. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X6 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 06.11.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış və iş üzrə X4 təqsirli bilindiyi inzibati xəta haqqında kifayət qədər sübutlar toplanmadan sonuncunun əsassız olaraq, inzibati qaydada məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən toplanmış X4 qeyd olunan inzibati xətanı törətməsinə toplanmış sübutlar da sonuncunun əməlində həmin inzibati xəta tərkibinin olmasına şübhə yaradır. Çünki inzibati xətanın keçirilmiş monitorinq nəticəsində aşkar olunması müəyyən edilsə də, keçirilmiş həmin monitorinqi təsdiq edəcək, eləcə də X6 tərəfindən obyektin sularının məhz Binəqədi gölünə axıdılmasına dair heç bir sübut məhkəmədə müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmədə qeyd olunan obyektin çirkab sularının Binəqədi gölünə deyil, həmin ərazidə olan başqa sexə məxsus quyuya axıdılması müəyyən edilmişdir. Bundan başqa qeyd edilməlidir ki, səlahiyyətli orqan tərəfindən X4 daş sexindən qonşu obyektin quyusuna axıdılan suların həmin quyu vasitəsilə gölə qarışması ehtimalı əsas götürülsə də, həmin ehtimalı sübuta yetirə biləcək, eləcə də qeyd olunan yerdə olan gölün çirklənmiş olması barədə heç bir yoxlama aparılmamışdır. Belə olan vəziyyətdə X4 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 246.0.1-ci maddəsinin tərkib əlamətlərinin olması az inandırıcıdır. Bununla yanaşı qeyd edilməlidir ki, iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən, eləcə də ona hansı səbəbə barəsində icraat aparılması haqqında məlumat verilmədən, inzibati xəta haqqında aparılan araşdırmada iştirak edərək müvafiq sübutların təqdim edilməsi və araşdırmanın obyektiv aparılması məqsədi ilə şəxsin icraatda iştirak etməsi, eləcə də müvafiq sübutu varsa təqdim etməsi üçün şərait yaradılmadan şəxs barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin əsası məhkəmə iclasında iştirak edən nümayəndə təkzib etmək üçün verdiyi izahatında X4 barəsində aparılan inzibati icraata dəvət edilməsinə baxmayaraq iştirak etmədiyini göstərsə də, sonuncunun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata dəvət edilməsinə və ya sonda qərar qəbul edilərkən öz sübutların təqdim etməsi üçün çağırılmasına dair məhkəməyə heç bir əsaslı dəlil gətirə bilməmişdir. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə nəticələnən qərar qəbul etmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X6 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayətçi X4 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X6 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 06.11.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 06.11.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün qərar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-2463/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2463/2021
13.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver