Məhkəmə qərarları › İş №3(001)-2479/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2479/2024

08.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2479/2024 08.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X4 Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.6-cı maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X4 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, şikayət vermiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X4 Xidmətinin nümayəndəsi X5 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi Əlbala Fərzəliyevin xəsarət alması barədə hadisədən X4 Xidmətinin Bakı şəhər İdarəsinin gec məlumatının olmasını əsas gətirərək qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın şəxsin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra qəbul edilməsini etiraf etmişdir. Məhkəmə, səlahiyyətli orqanın nümayəndəsini dinləyib, şikayəti və iş materiallarını əhatəli şəkildə araşdıraraq hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi, yəni "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi Fərzəliyev Əlbala eynulla oğlunun xəsarət alması faktı öz təsdiqini tapmış və inzibati xətanın törədilmə 28 avqust 2023-cü il tarixi olaraq müəyyən eidlmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 barəsində xx.xx.2024-cü il tarixdə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.3-cümaddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 2000 manat məbləğində inzibati cərimə edilmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsi həmin Məcəllənin “İdarəçilik qaydaları əleyhinə olan inzibati xətalar” fəslinə aiddir və həmin fəsil üzrə müəyyən edilmiş inzibati xətalar üzrə təyin ediləcək inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Göründüyü kimi, qanunvericiliyin tələblərinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsi ilə nəzərdə tutulmuş məsuliyyət inzibati xətanın törədildiyi gündən 4 ay müddətində verilə bilər. Hazırkı halda isə inzibati xətanın törədildiyi gündən, yəni 28 avqust 2023-cü il tarixdən, inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinədək 4 aydan artıq müddət keçmişdir ki bu da şəxsin inzibati məsuliyyətə cəlb edilmə müddətinin keçməsindən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 barəsində tənbeh vermə haqqında qərarın qəbul edilməsini göstərir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar şəxsin inzibati məsuliyyətə cəlb edilmə müddəti keçdikdən sonra tərtib edildiyindən ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 tərəfindən verilmiş şikayət təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar