Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2481/2022 16.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Rzayev Abbas Əhəd oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş iş materiallarını nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdə, saat 04.00 radələrində avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov prospekti ilə M.K.Atatürk prospekti istiqamətində düzünə hərəkətdə olarkən yuxulamış, idarə etdiyi avtomobili Atatürk prospekti ilə kəsişmədə sağa doğru idarə etmədən düzünə hərəkətini davam etdirmişdir.Nəticədə o, bardura dəyərək parkın içərisinə daxil olmuşdur. Bu əməli ilə o, İXM-nin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar xx.xx.2022-ci il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edirəm ki, protokol və digər sənədlər düzgün tərtib olunmamış, təqdim edilmiş materiallar natamam olmuşdur.Bunlar aşağıdakılardan ibarət olmuşdur:
1. Tərtib edilmiş həmin protokolda inzibati xətanın törədildiyi yer və bu xətanın mahiyyəti tam olaraq göstərilməmişdir. Halbuki, İXM-in 100.1.4-cü maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti protokolda göstərilməlidir.
2. AR İXM-nin 333.3-cü maddəsinə əsasən xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.Lakin, iş materialları məhkəməyə natamam şəkildə göndərilmiş, iş materiallarına sürücülük vəsiqəsinin əsli əlavə edilməmişdir.Bundan başqa, AR İXMnin 333.3-cü maddəsində cəza növü kimi həbs də nəzərdə tutulduğundan, barəsində icraata aparılan şəxs Şəxs məhkəmədə iştirakı təmin edilməmişdir. Beləliklə, məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, materiallar və digər sənədlər düzgün tərtib olunmamış, təqdim edilmiş materiallar natamam olmuşdur, kifayət qədər sübut toplanılmamışdır. Həmin pozuntular işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə prosessual pozuntular kimi qiymətləndirilir. Həmin pozuntular protokol tərtib edilənədək yol verilmiş pozuntulardır.Həmin pozuntuları protokol tərtib etmiş səlahiyyətli orqan aradan qaldırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə hakim işə baxılmağa hazırlanması zamanı qərardad qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini tələbləri pozulduğundan və təqdim edilmiş materiallar natamam olduğundan onu tərtib etmiş orqana qaytarılmalıdır.Belə ki, tərtib edilmiş protokolda baş vermiş inzibati hadisənin yeri və mahiyyəti göstərilməmiş və eyni zamanda iş materiallarına sürücülük vəsiqəsinin əsli əlavə edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq,
QƏRARAALDİM:
Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 333.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər həmin protokolu tərtib etmiş inzibati orqana geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Hakim: Abbas Rzayev