Məhkəmə qərarları › İş №3(001)-2482/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2482/2022

09.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2482/2022 09.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, Novruzova Cəmilə Davud qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 327.2 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə “VAZ 21074 minik” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə və yol ayrıcını keçmə qaydalarını pozaraq idarə etmişdir. Buna görə də Şəxs barəsində İXM-nin 333.1 və 327.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyətı üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Ona görə də məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməmiş, həmin gün içkili vəziyyətdə olmadığını bildirərək məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Şəxs sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə edilmiş və sonuncunun qəbul etdiyi alkoqolun 2.450 % promil olması aşkar edilmişdir. İş materiallarında olan Sərxoşluq vəziyyətini müəyyən etmək üçün texniki vasitədən istifadə edilməsi haqqında İXP ******* saylı protokoldan görünür ki, Şəxs VAZ2107 markalı maşını yüngül dərəcəli spirtli içki (1 bakal pivə) qəbul edərək idarə etdiyini və bir daha sərxoş halda avtomobil idarə etməyəcəyinə dair qeyd etmişdir. Əvvəlki məhkəmə iclasında Şəxs tərəfindən təqdim edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 2/25663 saylı, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün özü Azərbaycan Respublikası Narkoloji Publik Hüquqi şəxsinə müraciət etmişdir. Aktdan görünür ki, Şəxs xx.xx.2022-ci il saat 12:30 dəqiqədə müyinə edilmiş və onda sərxoşluq vəziyyəti müəyyən edilməmişdir. Məhkəmə tərəfindən iş materiallarında olan sənədlərdə təzadların aradan qaldırılması və işin obyektiv araşdırılması üçün Azərbaycan Respublikası Narkoloji Publik Hüquqi şəxsinə xx.xx.2022-ci il tarixdə sorğu ünvanlanmışdır. Azərbaycan Respublikası Narkoloji Publik Hüquqi şəxsin xx/xx-11917 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə 2 saylı X1 Məntəqəsində müayinədən keçmiş və 2/25663 saylı akt tərtib olunmuşdur. Ayıq müəyyən edilmişdir. Orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq alkoqolun miqdarı orta hesabla 1 saata 0,1-0,2 promil təmizlənir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilən Şəxs gənc və gümrah olması kimi fərdi fiziki xüsusiyyətinə görə məhkəmə hesab edir ki, onun tərəfindən qəbul edilmiş spirtli içkinin təsiri xx.xx.2022-ci il tarixdə həkim müayinəsində olan zaman artıq mövcud olmamışdır. Həmçinin onun barəsində xx.xx.2022-ci il tarixdə saat 07:30 dəqiqədə protokol tərtib edilməsinə baxmayaraq onun həkim müayinəsinə həmin gün dərhal deyil, daha gec saatda müraciət etməsini məhkəmə şübhəli hal kimi qiymətləndirir. Odur ki, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-nin 327.2 və 333.1-ci maddələri ilə əsaslı olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə məhkəmədə, Şəxs İXM-nin 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və ona əlavə edilmiş sənədlərdə öz təsdiqini tapmışdır. Lakin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tənbeh olunarkən barəsində İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən inzibati tənbeh tətbiq ediləcəkdir. Belə ki, İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Məhkəmə araşdırması zamanı Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsi sübuta yetirilmişdir. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsa haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əvvəllər onun tərəfindən inzibati xəta hadisəsi törədilməmişdir. Məhkəmə bu halı inzibati xəta törətmiş şəxsin əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Bu səbəbdən, məhkəmə, törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, ilk dəfə inzibati xəta törətdiyini, inzibati tənbehin məqsədlərinə nail olacağını nəzərə alaraq ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-nin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar