Məhkəmə qərarları › İş №3(001)-2483/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2483/2022

08.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2483/2022 08.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi, İnzinbati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi Binəqədi rayon DYPŞ Yol patrul xidməti inspektoru, polis baş serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş 30 iyul 2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 30 iyul 2022-ci il tarixdə “Toyota Prius” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə saxlanılmış, daha sonra alkotester vasitəsi ilə yoxlama zamanı sürücünün sərxoş olduğu müəyyən edilmişdir. Bununla da, Şəxs tərəfindən İXM-in 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Binəqədi rayon DYPŞ Yol patrul xidməti inspektoru, polis baş serjantı X2 çıxış edərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Toyota Prius” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə DYPŞ əməkdaşı tərəfindən saxlanılmış, daha sonra alkotester vasitəsi ilə yoxlama zamanı sürücünün sərxoş olduğu müəyyən edilmişdir. Bundan sonra nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilmiş və şəxs barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sözügedən inzibati xəta hadisəsi ilə bağlı videogörüntüləri də məhkəməyə təqdim edərək, Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, onun barsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyildir. Belə ki, Binəqədi rayon DYPŞ-nin yol patrul xidmətinin əməkdaşı tərəfindən məhkəməyə videogörüntülər tam şəkildə təqdim edilməmişdir. Həmin vaxt yolpatrul xidmətinin əməkdaşları məni saxlayan zaman mən 24 saat bundan əvvəl bir şüşə pivə içmişdim. Belə olan hada necə olur ki, üzərindən 24 saat müddət keçməsinə baxmayaraq, alkotesterlə mənim sərxoş olub-olmadığımı müəyyən edən zaman məndə sərxoşluq aşkar olunur. Onu da qeyd etmək istəyir ki, həmin vaxt alkotesterdən istifadə edən zaman yol-patrul xidmətinin əməkdaşı ondə 0,4 promil sərxoşluğun müyyən edilməsini bildirsə də, məhkəməyə təqdim edilmiş alkotesterin nəticəsində onda həmin 0,642 promil sərxoşluq aşkar edilir. Bundan əlavə məhkəmə iclasında sədrlik edənin icazəsi ilə mobil telefonunda olan fotoşəkli məhkəməyə təqdim edərək, nəqliyyat vasitəsinin 01:24 radələrində artıq mühafizə edilən duracaqda olmasını bildirmişdir. Göstərilənlərə əsasən, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq, alkotesterin nəticələri ilə razılaşmasa da, həmin vaxt həkim müayinəsindən keçmədiyini, iş materiallarına əlavə edilmiş izahatın onun tərəfindən yazıldığını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün texniki vasitədən istifadə etmək haqqında” 30 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə alkoqol sərxoşluğu vəziyyətində olmuş, həmçinin, Şəxs spirtli içki qəbul etdiyini etiraf etmişdir. Protokola əlavə edilmiş 30 iyul 2022-ci il tarixli, İN 642755 nömrəli qəbzdən görünür ki, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs alkoqolun miqdarı 0,642 promilli olmuşdur. “Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə” xx.xx.2022ci il tarixi aktdan görünür ki, “Toyota Prius” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil 30 iyul 2022-ci il tarixdə 01:19 razdələrində öz hərəkəti ilə nəqiyyat vasitəsi mühafiə edilən duracağa gətirilmişdir. Məhkəmə iclasında inzinbati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi Binəqədi rayon DYPŞ Yol patrul xidməti inspektoru, polis baş serjantı X2 tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntülərə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Şəxs sərxoş olduğu barədə izahatı yazmaq təklif edilir, o cavabında “rəis düz yazım amma bircə məni otağa salmayın” deyir, yol-patrul xidmətinin əməkdaşının sualına cavabında “pivə içdiyini, içib gedib evə yatdığını, gündüz də işə çıxmadığını, gecə işə çıxdığını bildirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın: 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir; 2.5-ci bəndinə əsasən şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən İXM-in 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. İXM-nin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə- otuz manat məbləğində cərimə edilir. İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuşəlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 204-208, 221, 227, 229, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 353.5, 361, 363, 363-1, 363-2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2 və 2.2-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından İXM-in 329-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə (inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən Məcəllənin 124.3-cü maddəsinə uyğun olaraq bilavasitə aşkar edildikdə) – Baş X4 İdarəsinin rəisi, onun müavinləri, Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X4 İdarəsinin rəisi, ərazi polis orqanlarının X4 idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri, ərazi polis orqanlarının X4 bölmələrinin rəisləri, ərazi polis orqanlarının X4 qruplarının rəhbərləri baxırlar. Qanunvericiliyin tələblərindən göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. Göründüyü kimi İXM-in 329.3-cü maddəsi ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Belə olan halda, məhkəmə tərəfindən Şəxs İXM-in 329.3-cü maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Məhkəmə Şəxs onun sərxoşluq müayinəsini aparan zaman alkotestrin nəticəsində 0,4 promil olduğuna dair verdiyi ifadəyə tənqidi yanaşaraq Şəxs verdiyi ifadəni inzibati məsuliyyətdən yayınmaq məqsədi daşıdığını hesab edir. Eyni zamanda, inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş 30 iyul 2022-ci il tarixli, İN 642755 nömrəli qəbzdən görünür ki, Şəxs sərxoş olub-olmamasını müəyyən etmək üçün saat 01:27-də alkotesterdən istifadə edilmiş, alkotesterin nəticəsinə əsasən saat 01:35-də inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-nin 96.1.4-cü maddəsinə əsasən dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır. İXM-nin 97.1-ci maddəsinə əsasən bu Məcəllənin 96.1-ci maddəsində göstərilən hallarda nəqliyyat vasitəsi müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın mühafizə olunan duracağında saxlanılır. Şəxs məxsus avtomobilin duracağa yerləşdirilməsinin vaxtı ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs nəqliyyat vasitəsi sərxoş vəziyyətdə idarə etməsinə kifayət qədər əsaslar olduğundan o nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılmış, ona məxsus nəqliyyat vasitəsi müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın mühafizə olunan duracağında saxlanılmış, bu barədə 30 iyul 2022-ci il tarixdə saat 01:19-da akt tərtib edilmişdir. Bundan sonra onun sərxoş olub-olmamasının müəyyən edilməsi məqsədi ilə alkotesterdən istifadə edilmiş, bu barədə protokol tərtib edilmiş, alkotesterin nəticələrinə əsasən şəxsin sərxoş olduğu müəyyən edildikdən sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə inzibatixəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs tərəfindən İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi alkotestrin nəticələrinə dair 30 iyul 2022-ci il tarixli, İN 642755 nömrəli qəbz, özünün etirafedici izahatı, eyni zamanda inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş videogörüntü ilə təsdiq edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs sürücü kimi fəaliyyət göstərməsini, bu fəaliyyət nəticəsində əldə etdiyi pulun yeganə dolanışıq mənbəyi olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və Şəxs İXM-in 329.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə olunsun. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar