Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2484/2024 15.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Balakən rayonu, Tülü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Balakən rayonu, Tülü ərazi dairəsi, Tülü kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu, fərdi tikilidə yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə görə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB tərəfindən Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə toplanmış materiallar daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü polis şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X3 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23.15 radələrində Binəqədi rayonu, DSK yolu, 1-ci Mədən adlanan ünvanda yerləşən X4 məxsus yarım tikiliyə daxil olmuş və tikilidə olan elektrik naqillərini kəsərək oğurlamağa cəhd etmişdir. Lakin mülkiyyətçi mənzilini Binəqədi RPİ-nin mühafizə xidmətinə qoşdurmuşdur. Mülkiyyətçiyə mühafizə xidmətindən zəng gəlmiş, mülkiyyətçi də dərhal ünvana getmişdir. Mülkiyyətçi ilə yanaşı mühafizə xidmətinin əməkdaşları da həmin ünvana getmişlər. Şəxs hadisə yerində naqilləri tam ayırmaq istəyən zaman evin darvazası açılmış və mülkiyyətçi X5 həyətə daxil olmuşdur. Şəxs evin həyətinə kiminsə daxil olduğunu gördükdən sonra hasarın üzərindən aşaraq oradan qaçmışdır. Lakin hadisə yerinə gəlmiş polis əməkdaşları onu küçənin sonunda saxlayaraq Binəqədi RPİ-nin 4-cü polis şöbəsinə gətirmişlər. Hadisə üzrə araşdırılma aparılmış, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, lakin Şəxs əməlində İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmişdir. Odur ki, sonuncu barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, şəxsin bölmədə nə qədər saxlanılmasından məlumatlı deyildir, bu gün ona şəxsin məhkəməyə təqdim edilməsi ilə bağlı tapşırıq verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 23 radələrində Binəqədi rayonu, DSK yolu, 1-ci Mədən adlanan ünvanda axşam saatlarında tanımadığı yarım tikiliyə daxil olmuşdur. Elektrik dirəyindən evə gedən naqilləri görmüş və həmin naqilləri tutub dartmışdır. Naqillər yerə düşmüşdür, naqilləri tam ayırmaq istəyən zaman həyətə kiminsə daxil olduğunu görmüşdür. Bundan sonra hasardan aşaraq hadisə yerindən qaçmışdır. Lakin küçənin sonunda polis əməkdaşları tərəfindən saxlanmışdır. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, zərər çəkmiş şəxsə hər hansı bir ödəniş etməmişdir, niyyəti naqilləri oğurlayıb satmaq olmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 23:30-da saxlanılmış və həmin tarixdən polis bölməsində saxlanılmaqdadır. Daha əvvəllər də oğurluq cinayətinə görə məhkumluq həyatı yaşamışdır, həmçinin bir neçə dəfə xırda talama ilə də məsuliyyətə cəlb olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş X2 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Lakin əməldə İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. xx.xx.2024-cü il tarixli, AZA 019182 nömrəli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 15:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə olan inzibati xəta haqqında protokollar əsaslıdır. Belə ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi istər özünün etiraf edici izahatı, istərsə də iş materialları ilə tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə tətbiq ediləcək inzibati həbs növündə tənbeh tədbirinin müddətinə münasibətdə qeyd edir ki, İXM-nin 227-ci maddəsinin sanksiyasında üç ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Həmçinin İXM-in 31.4-cü maddəsinin tələbləri nəzərə alındıqda qeyd olunan tənbeh tədbirinin aşağı həddi normanın sanksiyasında göstərilmiş 3 ayadək inzibatı həbs tənbeh tədbirinin dörddə birindən az olmamalıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara əsasən Şəxs barəsində 23 (iyirmi üç) gün müddətinə inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsi yolu ilə inzibati tənbehin məqsədlərinə nail olunacağı qənaətinə gəlir. Göstərilənlərə yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2024-cü il tarixli, AZA 019182 nömrəli “İnzibati qaydada tutma haqqında” protokolda Şəxs xx.xx.2024-cü il tarixdə, saat 15:30-da inzibati qaydada tutulması qeyd olunsa da, sonuncu məhkəmə iclasında verdiyi izahatında xx.xx.2024-cü il tarixdə, saat 23:30-da saxlanıldığını və həmin tarixdən azad olunmadığını bildirmişdir. İş materiallarından da müəyyən edilmişdir ki, Şəxs hadisə yerindən qaçarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Qeyd olunan hallar Şəxs izahatının həqiqətə uyğun olduğuna, sonuncunun xx.xx.2024-cü il tarixdən, saat 23:30-dan saxlanılmasına dəlalət edir. Faktiki olaraq həmin müddətdən sonra barəsində inzibati xəta haqqında iş üzrə aparılan şəxs azad edilməmiş, məhkəmə iclasına da polis əməkdaşlarının müşayiəti ilə gətirilmişdir. Odur ki, tətbiq edilmiş inzibati həbs müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 23:30-dan hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, 23 (iyirmi üç) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 23:30-dan hesablansın. Qərar dərhal icra edilsin və icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-2484/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2484/2024
15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver