Məhkəmə qərarları › İş №3(001)-2486/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2486/2020

24.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2486/2020 24.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şikayət vermiş şəxs Məmmədov Vüqar Sayad oğlunun iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Məmmədov Vüqar Sayad oğlunun Azərbaycan Respublikası DİN Baş Dövlət X4 tərəfindən tərtib edilən İXP ******* saylı, xx.xx.2020-ci il tarixli protokol üzrə qəbul edilmiş TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Məmmədov Vüqar Sayad oğlu Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət X4 tərəfindən tərtib edilən İXP ******* saylı, xx.xx.2020-ci il tarixli protokol üzrə qəbul edilmiş TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. V.S.Məmmədov həmçinin ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə vəsatətlə müraciət edərək şikayət etmək müddətinin ötürülməsini üzrlü hesab edərək müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məmmədov Vüqar Sayad oğlu şikayətini onunla əsaslandırmışdır ki, Koronovirus infeksiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısının alınmasına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən eicazə.gov.az portalında kiçik sahibkar kimi idarə etdiyi ** RK *** dövlət nömrə nişanlı avtomobili də göstərməklə qeydiyyatdan keçmiş, hər gün Bakı şəhəri ərazisində müxtəlif küçələrdə qurulmuş polis postlarından yoxlanıb keçərək hərəkətdə olmuşdur. Növbəti dəfə xx.xx.2020-ci ildən xx.xx.2020 tarixinədək olan müddətdə portaldan qeydiyatdan keçərək icazə almışdır . Operativ Qərargahın müvafiq qərarına əsasən icazələr xx.xx.2020-ci il tarixinədək uzadıldığına görə xx.xx.2020-ci il tarixi saat 00:00 dan portalda icazəsini təsdiqlədərək uzatmışdır. xx.xx.2020-ci il tarixdə 12:55-də Bakı Şəhəri Nizami rayonu Keşlə qəsəbəsində müvəqqəti polis postundan keçərkən yol polisi əməkdaşı sistemdə icazəsinin görsənmədiyini bildirmişdir. Ona isə bu haqda heç bir məlumat verilməməsini və onun bundan xəbəri olmadığını bildirmişdir. Portaldan icazənin təsdiqlənmiş elektron variantını (PDF) təqdim etməyinə baxmayaraq YPX inspektoru Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsini 211-ci maddəsini rəhbər tutaraq ona protokol tərtib etmişdir. O, yenidən e-icazə.gov.az portalından qeydiyyatdan keçmişdir. Asan Xidmətin qaynar xətti ilə əlaqə saxlamış, icazənin portalda dayandırılmasının əsasını ona izah edə bilməmişlər. Protokolun YPX inspektoru tərəfindən yazıldığına görə Daxili İşlər Nazirliyinə müraciət etməyini bildirmiş, protokolun ona haqsız yerə yazıldığına görə asanpay vasitəsi ilə şikayətini bildirmiş və DİN-nin saytından cənab nazirin adına da məktub ünvanlamışdır. Lakin buna baxmayaraq müraciətlərinə cavab almamışdır. Göstərilənlərə əsasən barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət X4 tərəfindən tərtib edilən İXP ******* saylı, xx.xx.2020-ci il tarixli protokol üzrə qəbul edilmiş TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətin baxılmasında iştirak etməsi üçün Azərbaycan Respublikası DİN Baş Dövlət X3 məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, habelə məhkəmə iclasının təxirə salınmasına dair vəsatət verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Məmmədov Vüqar Sayad oğlu şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Nizami rayon DYPŞ Yol patrul xidmətinin inspektoru polis serjantı X1 tərəfindən qəbul edilən TP ******* saylı, xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Məmmədov Vüqar Sayad oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 200 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş “icaze.e-gov.az” portalından çıxarışdan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Məmmədov Vüqar Sayad oğluna sahibkar kimi xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci tarixədək fəaliyyət göstərməsinə icazə verilmişdir. İş materiallarına əlavə olunmuş “icaze.e-gov.az” portalından çıxarışdan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Məmmədov Vüqar Sayad oğluna sahibkar kimi xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci tarixədək fəaliyyət göstərməsinə icazə verilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Məmmədov Vüqar Sayad oğlunun şikayəti təmin edilərək inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş qərarın icrasına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli qərarının 1.2-ci maddəsininin 1.2.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarı ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs və onun işçilərinin hərəkətinə barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir: Nəticədə aydın olur ki, sahibkar qismində fəaliyyət göstərən Məmmədov Vüqar Sayad oğlu o halda İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş hesab olunur ki, “icaze.e-gov.az” portalından qeydiyyatdan keçməyərək icazəsi olmadan epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozmuş olsun. İş materiallarından isə aydın olur ki, Məmmədov Vüqar Sayad oğlu xx.xx.2020-ci il tarixdə “icaze.e-gov.az” portalından qeydiyyatdan keçmiş və onun hərəkətinə xx.xx.2020-ci il tarixədək icazə verilmişdir. Məhkəmə qeyd edir ki, Məmmədov Vüqar Sayad oğlunun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə əsas verən heç bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsində qeyd olunur ki, inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin tələblərinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respubliksası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd olunur ki, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Qəbul edilmiş qərarların qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edirəm ki, şikayətin təmin edilməsi haqqında qərar qəbul edilməlidir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda həmin Məcəllənin 135.1.1-ci və 135.1.6ci maddələrində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsində qeyd olunur ki, hakimin, sələhiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamsı halı müəyyən olunduqda inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını araşdırıb proses iştirakçısını dinləyib belə qənaətə gəlir ki, Məmmədov Vüqar Sayad oğlunun Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında qərardan şikayət vermə müddəti üzrlü səbəbdən buraxıldığından şikayət məhkəmənin icraatına qəbul edilərək baxılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Məmmədov Vüqar Sayad oğlunun şikayəti təmin edilərək Azərbaycan Respublikası DİN Baş Dövlət X4 tərəfindən tərtib edilən İXP ******* saylı, xx.xx.2020-ci il tarixli protokol üzrə qəbul edilmiş TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-131, 133-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin edilsin. Məmmədov Vüqar Sayad oğlunun inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası DİN Baş Dövlət X4 tərəfindən tərtib edilən İXP ******* saylı, xx.xx.2020-ci il tarixli protokol üzrə qəbul edilmiş TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar