Məhkəmə qərarları › İş №3(001)-2496/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2496/2024

14.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2496/2024 14.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən vəzifəli şəxs qismində Şəxs barəsində tərtib edilmiş 03 aprel 2024-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokola əsasən o, ünvan 1 ünvanda yerləşən “Üzeyir Hall” adlı obyektin üzərində xx.xx.2024-cü il tarixdə saat 16:14-də müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsinin nümayəndəsi X2 izahatında bildirmişdir ki, Şəxs ünvan 1 ünvanda yerləşən “Üzeyir Hall” adlı obyektin üzərində xx.xx.2024-cü il tarixdə saat 16:14-də müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirmişdir. Bu görə onun barəsində vəzifəli şəxs qismində inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə göndərilmişdir. 03 aprel 2024-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında bildirmişdir ki, qanunla müəyyən edilmiş rüsumu ödəmiş və müvafiq sənədləri Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinə təqdim etmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, Şəxs vergi ödəyicisi kimi (fiziki şəxs) qeydiyyatdan keçmişdir: VÖEN **********. Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair xx.xx.2024-cü il tarixli Aktdan və fotoşəkillərdən görünür ki, ünvan 1 ünvanda yerləşən “Üzeyir Hall” adlı obyektin üzərində xx.xx.2024-cü il tarixdə saat 16:14də müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirmişdir. Ödəniş sənədlərindən görünür ki, Şəxs qanunla müəyyən edilmiş rüsumu vaxtında ödəmişdir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun: 26.1-ci maddəsinə əsasən açıq məkanda reklam avtomobil yollarının torpaq sahəsində, şəhər, kənd, qəsəbə və digər yaşayış məntəqələrində olan reklam daşıyıcıları üzərində yerləşdirilir. Açıq məkanda ölçülərindən asılı olmayaraq reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum verir. 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin bir ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə verilərkən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum reklama dair texniki şərtlər pasportunu hazırlayaraq reklam yayıcısına təqdim edir və reklam yayıcısı ilə icazə müqaviləsini bağlayır. İcazə müqaviləsi bağlanılmadıqda, açıq məkanda reklam yerləşdirmək üçün verilmiş icazə və texniki şərtlər pasportu hüquqi nəticələr yaratmır. 26.8-ci maddəsinə görə birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 2 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam daşıyıcıları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. 34.2-ci maddəsinə görə Azərbaycan Respublikasında reklam (açıq məkanda reklam istisna olmaqla) fəaliyyətinə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı, açıq məkanda reklam sahəsində nəzarət isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən həyata keçirilir. 39.1-ci maddəsinə görə reklamverici təqdim etdiyi məlumatın məzmununa və həqiqiliyinə, reklam istehsalçısı reklamın bu Qanunun tələblərinə uyğun hazırlanmasına, reklam yayıcısı reklamın bu Qanunla müəyyən edilmiş yerdə, vaxtda, vasitələr və üsullarla yayımlanmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar. İşin müəyyən edilmiş mübahisəsiz hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Şəxs qanunla müəyyən edilmiş rüsumu vaxtında ödədiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəzifəli şəxs Şəxs barəsində tərtib edilmiş 03 aprel 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. HAKİM Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar