Məhkəmə qərarları › İş №3(001)-2498/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2498/2024

24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2498/2024 24.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin baş məsləhətçisi X4, X1 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 18 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 18 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o ölkə ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olur və Cəlilabad rayonu, Göytəpə şəhəri, Peşə Təhsil mərkəzinin yeməkxanasının idarəetməsini həyata keçirir, X3 Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinə ərizə ilə müraciət edərək onu rəsmi müqavilə hüquqi qüvvəyə minmədən işə cəlb etməsi ilə bağlı şikayət edib. X12 ilə 2013-cü ildən hərbi xidmət dövründən dostluq münasibətləri olub. X14 bazarında satıcı kimi fəaliyyət göstərmişdir. Yusiflə hər görüşəndə işindən narazı olduğunu bildirmiş və o da Yusifə birlikdə biznes qurmağı təklif etmişdir. 2023-cü ilin sentyabr ayında Yusiflə görüşlərinin birində Peşə Məktəblərində yeməkxanaların idarəetməsini həyata keçirmək mümkün oluduğunu bildirmişdir. Yusif bu işi sərmayənin onun tərəfindən qoyulacağı şərti ilə birlikdə həyata keçirə biləcəyini bildirmiş, nəticədə Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən Peşə Təhsili Mərkəzinin daxilində yerləşən yeməkxanada xx.xx.2023-cü il tarixindən işə başlamışlar. İlkin vaxtlarda hər şey normal getsə də, sonradan istər məktəb rəhbərliyi, istərsə də tələbələrdən şikayətlər gəlmiş, dekabr ayında satışlar və il sonuna olan qalıq borcu müqayisə etdikdə kifayət qədər borc yarandığını görmüşdür. Səbəbini Yusifdən öyrəndikdə ona işdən kənarlaşacağı və işi ona verəcəyi təqdirdə borcu ödəyəcəyini bildirmişdir. O isə bununla razılaşmamış və onunla daha birlikdə işləyə bilməyəcəyini bildirmişdir. 3 (üç) ay ərzində şəxsi vəsaiti hesabına yaranmış 17 000 (on yeddi min) manat borcu ödəmiş, hal-hazırda bəzi şirkətlərlə razılaşmaya əsasən hissəli formada borcu ödəməkdə davam edir. Daha sonradan ona məlum olmuşdur ki, Yusif barəsində şikayət edib. Nəticədə xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən o, AR İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. Barəsində tətbiq edilmiş cərimə və qərar əsassızdır və qərar ləğv edilməlidir. Belə ki, X12 ilə şərik olmuş və birlikdə iş qurmaq niyyəti olan zaman ona işə götürəcəyi barədə söz verməmiş və elə bir niyyəti də olmamışdır. Birlikdə qurduqları biznesdə fəaliyyət göstərdikləri müəsisənin daxili qaydalarına əməl etmədiyindən, külli miqdarda maliyyə kəsiri və borc yarandığından Yusiflə birlikdə qurduqları işdə şirkətlərlə aralarında olan bütün müqavilələr və Cəlilabad Peşə Təhsil müəsisəsi ilə olan müqavilə onun adına olduğundan yarana biləcək ciddi məsuliyyəti dərk edərək Yusifi potensial təhlükə mənbəyi kimi fəaliyyətdən uzaqlaşdırmışdır. Odur ki, Dövlət Peşə Təhsil müəsisəsində istər təhsil işçiləri, istərsə də tələbələr arasında kütləvi problemin olmaması məqsədi ilə Yusiflə aralarında olan birgə fəaliyyət münasibətini bitirmişdir. Məhkəmə iclasında şikayətçi X5 şikayətin dəlillərinə uyğun çıxış edərək, verilmiş şikayətin təmin edilməsini və barəsində qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin baş məsləhətçisi X8 tərəfindən ona verilən suallara cavab olaraq bildirmişdir ki, Yusiflə birgə biznes fəaliyyəti ilə məşğul olmaq barədə razılığa gəlmişlər, bu barədə onlar arasında hər hansı bir yazılı müqavilə imzalanmamışdır. Yusif özü də Bakı şəhərində yaşayır, o idarəetmə ilə bağlı bəzi işləri həyata keçirtmişdir. Belə ki, Sədərək bazarında satıcı işlədiyindən, bununla bağlı təcrübəsi olduğundan o həmin məktəbdə yeməklərin hazırlanması üçün ərzaqları almışdır. Həmin peşə təhsili müəssisəsi rayonda yerləşdiyindən, həmin bufetin işçilərinin çoxunun kart hesabları olmadığından ola bilər ki, o digər şəxslərə təqdim edilməsi üçün kart hesabından Yusifin kart hesabına müəyyən məbləğdə pul göndərmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin baş məsləhətçisi X8 şikayətin dəlillərinə münasibət bildirərək, şikayətçi X6 əmək müqaviləsi hüquqi qüvvəsini almadan işə cəlb edildiyini, bununla bağlı faktın şikayətlə bağlı araşdırma materialına əlavə edilmiş sənədlər ilə təsdiq edildiyini bildirərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək,4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. Aktın surətindən görünür ki, 19 oktyabr 2023-cü il tarixdə Cəlilabad Peşə Təhsil Mərkəzinin yeməkxanasında yolxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə profilaktiki dezinfeksiya işləri aparılmışdır. Sözügedən akt təlimatçı İ.Quliyev, dezinfektor A.Həsənov, yeməkxananı idarə edən Y.Əkbərov tərəfindən imzalanmışdır. 24 dekabr 2023-cü il tarixli çıxarışdan görünür ki, Məmmədov Anar tərəfindən 50 manat Yusif Əkbərova əmək haqqından avans ödənişi edilmişdir. Beləliklə, məhkəmə iclasında X2 şikayət ərizəsi iş materiallarına əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, X12 fərdi sahibkar X5 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Belə ki, bu hal X7 izahatı, onun tərəfindən yeməkxananı idarə edən şəxs kimi imzalanmış 19 oktyabr 2023-cü il tarixli akt, əmək haqqı avansının ödənilməsinə dair çıxarış və digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X2 şikayətdə göstərdiyi xüsusatlar barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 18 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, sözügedən qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X5 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 18 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayət təmin edilməməli, həmin protokol əsasında qəbul edilmiş inzibati cərimənin tətbiq edilməsi barədə qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 18 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar