Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2499/2024 08.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi ilə, inzibati xəta haqqında icraat başlayan Bakı şəhəri Binəqədi rayon prokurorluğunun nümayəndəsi X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 198.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi rayon prokurorluğundan Şəxs barəsində İXM-in 198.3-cü maddəsi ilə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” xx.xx.2024-cü il tarixli qərar materialla birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs "xxxx" MMC-nin kran operatoru kimi 12 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi İİ Mədən ərazisində yük daşıma işləri görərkən “Neftqazçıxarma sənayesində təhlükəsizlik Qaydaları”nın 1.14.1.7 və 1.14.3.16-cı bəndlərinin tələblərini pozmaqla “X8” şirkətinin Azərbaycan Respublikasındakı filialından quyuların təmirə hazırlanması üzrə operator vəzifəsində işləyən X2 iş yerində sağlamlığa az ağır zərərvurmaya aid xəsarət almasına səbəb olduğu, bununla da, İXM-in 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında icraat başlayan Binəqədi rayon prokurorluğunun nümayəndəsi X3 bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs İXM-in 198.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi rayon prokurorluğu tərəfindən toplanmış materialla tam sübuta yetirilmişdir. Bu səbəbdən Şəxs İXM-in 198.3-cü maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, törətdiyi əməldən peşmandir. Ona görə də, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən İXM-in 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 xx.xx.2024-cü il tarixli, 33 saylı rəyindən görünür ki, X2 bədən səthində aşkar edilmiş xəsarətlər-sol tərəfli hemopnevmotoraksla müşayiət olunan sol tərəfli lll-İX qabırğaların sınıqları, sol mil və dirsək sümüklərinin, sol kürək sümüyünün qanadının sınıqları bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün “Ak.M.Ə.Mİrqasımov adına Respublika Knilik Xəstəxanası” PHŞ-nə müraciət etdiyi xx.xx.2023-cü il saat 17:56-dan bir qədər əvvəl əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığı uzun müddətə pozan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Yalçın Əliyevin bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və zərərçəkənin təsvir etdiyi şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə qoşqunun qolunun onun sol qoluna və döş qəfəsinə zərblə dəyməsi nəticəsində əmələ gələ bilərdilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/1430 nömrəli rəyindən görünür ki, Su çəninin qaldırıcı kran vasitəsi ilə yük maşınına yükləmə-boşaltma işi düzgün təşkil edilməmiş, kran qolundan asılmış su çəninin yellənərək yük avtomobilinin sol körpücüyünə dəyməsi körpücüyün zəncirinin qırılmasına və yükləyici körpücüyün sərbəst tərəfinin yerə (operator Yalçın Əliyevin üstünə) düşməsinə səbəb olmuşdur. İriqabaritli (uzun ölçülü) su çəninin yükləmə-boşaltma işləri müəssisənin rəhbərliyi tərəfindən əmrlə təyin edilmiş (bu işlərin təhlükəsizliyinə cavabdeh) şəxsin rəhbərliyi altında yerinə yetirilməmiş, qaldırılmış yük altında və onun hərəkəti istiqamətində adamların olmasının qarşısı alınmamış, bu əməliyyatların yalnız siqnal üzrə yerinə yetirilməsi təmin edilməmişdir ki, bununla da baş vermiş hadisə ilə əlaqədar “Neftqazçıxarma sənayesində təhlükəsizlik Qaydaları”nın 1.14.1.2, 1.14.1.7, 1.14.3.16 bəndlərinin tələbləri pozulmuşdur. Yükləmə-boşaltma işinin təhlükəsiz üsullarla və nəzarət altında aparılması təşkil edilmədiyinə görə “Neftqazçıxarma sənayesində təhlükəsizlik Qaydaları”nın 1.14.1.2, 1.14.1.7, 1.14.3.16 bəndlərinin tələbləri bu işlərin təhlükəsizliyinə cavabdeh olan (müəssisə rəhbərinin əmri ilə təyin edilmiş) şəxs tərəfindən pozulmuşdur. Yükləmə-boşaltma işləri siqnal üzrə aparılmadığına və yükün hərəkəti istiqamətində adamların olmasına baxmayaraq bu işləri yerinə yetirildiyinə görə “Neftqazçıxarma sənayesində təhlükəsizlik Qaydalarının 1.14.1.7 və 1.14.3.16 bəndlərinin tələbləri "xxxx" MMC-nin kran operatoru Şəxs tərəfindən pozulmuşdur. “X8” şirkətində quyuların təmirə hazırlanması üzrə operator X5 yükqaldırıcı kranın qolundan asılmış yükün hərəkəti istiqamətində dayandığına görə “Neftqazçıxarma sənayesində təhlükəsizlik Qaydalarının 1.14.1.7-ci bəndinin tələbləri onun özü tərəfindən pozulmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsinin tərkib əlamətləri mövcud olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. İXM-in 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; İXM-in 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 15 aprel 2024-cü il tarixli qərar və inzibati materialda olan digər sənədlərlə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs tərəfindən İXM-in 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə İXM-nin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanı etiraf edərək səmimi peşmançılıq çəkməsini inzibati məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Şəxs əməlində İXM-in 33-cü maddəsinə nəzərdə tutulan inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların olmaması nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-2499/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2499/2024
08.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver