Məhkəmə qərarları › İş №3(001)-2501/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2501/2025

29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2501/2025 29.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X1, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət üzrə inzibatının xətanın törədilmə yerinin müəyyən olunması zamanı müəyyən etdim: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Abşeron rayon Məhkəməsinə verdiyi şikayət həmin məhkəmənin xx.xx.2025-ci il tarixli, 3(012)-621/2025 saylı qərardadı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi Binəqədi rayonu ərazisində yerləşdiyi üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-2501/2025 saylı qərardadı ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət üzrə Abşeron Rayon Məhkəməsindən daxil olmuş işin ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(103)-924/2025 saylı qərardadı ilə X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair qəbul edilmiş 21 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə dair material inzibati xətanın törədilmə yerinin müəyyən olunması və sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X3 bildirmişdir ki, inzibati xəta Bulvarda, yəni Bakı şəhərinin Səbail rayonu ərazisində törədilmişdir. Cəmiyyətin hüquqi ünvanı Xətai rayonu ərazisindədir. Lakin təhqiqat aktından görünür ki, iş üzrə ilkin araşdırma Səbail rayon prokurorluğunda aparılmışdır. Belə olan halda, inzibati xətanın Səbail rayonu ərazisində törədilməsi təsdiqini tapır. Şikayətin Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsinə etirazı yoxdur. Məhkəmə iclasında X5 izahatında bildirmişdir ki, o, Abşeron rayonu ərazisində yaşadığı üçün şikayətini Abşeron rayon məhkəməsinə göndərmişdir. Həmin məhkəmə tərəfindən ona bildirilmişdir ki, şikayəti Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Hadisə Səbail rayonu ərazisində baş vermiş vermişdir. Cəmiyyətin hüquqi ünvanı Xətai rayonu ərazisində olsa da, onlar Səbail rayonu ərazisində çalışmışlar. O, nəzarəti “Formula 1” qran prisinin keçiriləcəyi ərazidə, yəni Səbail rayonunda həyata keçirməli idi. Bu iş üzrə ondan başqa cəmiyyətin özünə hüquqi şəxs qismində, həmçinin cəmiyyətin rəhbəri və briqadiri barəsində cərimə tətbiq edilmişdir. X10 Sumqayıt şəhərində yaşadığı üçün həmin Sumqayıt şirkəsinə müraciət etmiş, lakin Sumqayıt Şəhər Məhkəməsi tərəfindən şikayət Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmədə də baxılmışdır. Göstərilənlərə əsasən, məhkəmədən şikayətinin inzibati xəta hadisəsinin törədildiyi yer üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş X6 Xidmətinin Bakı şəhər İdarəsinin baş məsləhətçisi - baş əmək müfəttişi X8 tərtib edilmiş təhqiqat aktından görünür ki, Səbail rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında X5 ərizə ilə müraciət edərək təqdim etdiyi şikayətinin aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə edilən sənədləri, həmçinin X2 məhkəmə iclasında təqdim etdiyi ərizəni nəzərdən keçirərək hesab edirəm ki, həmin ərizə təmin edilməli, şikayət icraata qəbul edilməsinin və baxılmasının mümkünlüyü məsələsinin yoxlanılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1 və 129.1.3cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Göründüyü kimi, qanunvericilik səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət vermə qaydasını fiziki şəxsə münasibətdə fiziki şəxsin yaşayış yeri, hüquqi şəxsə münasibətdə isə hüquqi şəxsin ünvanının olduğu yer üzrə müəyyən etsə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydalara əsasən verilməlidir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" ASC-nin elektrik ustası X4 xx.xx.2024-cü il tarixdə saat 17:50 radələrində Səbail rayonu, Bulvar ərazisində əmək funksiyalarının icrası zamanı ölümü ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı zamanı texniki təhlükəsizlik nəzarətçisi X5 tərəfindən əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsi müəyyən edilmişdir. Həmçinin baş vermiş hadisə ilə bağlı araşdırma da Səbail rayonun prokurorluğunda aparılmış və müvafiq qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Göründüyü kimi törədilməsi ehtimal edilən inzibati xəta Bakı şəhəri, Səbail rayonunda Bulvar ərazisində törədilmişdir. Belə olan halda və şikayət vermiş şəxs şikayət ərizəsinə yaşayış yeri üzrə baxılması barədə vəsatət təqdim etmədiyindən hazırki şikayətə baxılması Bakı şəhəri Səbail Rayon Məhkəməsinin səlahiyyətlərinə aiddir. Odur ki, hazırkı halda X5 şikayətinin inzibati xətanın törədildiyi yer üzrə məhkəmədə baxılmasına dair vəsatət verdiyi üçün xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 132.1 və 131.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aid olubolmaması həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Beləliklə, təsvir olunanlara əsasən hesab edirəm ki, X2 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət iş materialları ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 110 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət iş materialları ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar