Məhkəmə qərarları › İş №3(001)-2509/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2509/2025

08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2509/2025 08.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Meğri rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, 3-cü qrup əlilliyi olan, Zəngilan rayonu, Mincivan qəsəbə ərazi idarəsi, Mincivan qəsəbəsi, Nəsimi küçəsi, ev 12 qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur.

2. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X6 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-484/2021 nömrəli icra sənədi üzrə Şəxs 22700 manat aliment borcu yaranmışdır. Şəxs sözügedən icra sənədi üzrə müəyyən edilmiş aliment pulunu aylıq olaraq tam şəkildə ödəmədiyindən borcu yığılmışdır. Şəxs həmin borcu tam şəkildə tələbkara ödəməkdən yayınaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs rəsmi qaydada icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Eyni zamanda icra məmuru onu da, bildirmişdir ki, Şəxs 3-cü qrup əlildir, alimentin tutulması onun pensiyasının 70%-ə yönəldilmişdir ki, bu da 105 manat edir. Əlilliyi ilə əlaqədar olaraq işdən çıxarılmışdır, barəsində olan kredit borcu da, mart ayından etibarən dayandırılmışdır. O, mart ayında 75 manat, aprel ayında isə 105 manat ödəniş etmişdir. Şəxs tərəfindən qeyd olunan icra sənədi üzrə yaranmış aliment borcu ödənilmədiyindən barəsində İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir.

3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 2021-ci il tarixindən boşanmışlar. Şəxs evli olarkən kredit götürmüş, hər ay onun pensiyasından 105 manat tutulmaqdadır. Qaldığı evi 6000-ə satıb məbləği keçmiş həyat yoldaşı ilə yarı bölmüdşür. Özündə olan məbləği də kirayələrə sərf etmişdir. İndi isə özü tikdiyi tikilidə yaşamaqdadır. Aliment onun pensiyasının 70%-nə yönəldilmişdir. Hər ay pensiyasından 105 manat tutulmaqdadır. Lakin o, kredit ödənişinə görə alimenti yanvar ayından etibarən 50 manat, 70 manat ödəyə bilmişdir. O, 3-cü qrup əlilliyi olduğuna görə, ona heç yerdə işləyə bilmir. Sadəcə pensiya ilə dolanır. Məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

4. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxslə telefon vasitəsilə əlaqə yaradılmış, bu zaman o, Şəxs şikayətçi olduğunu, qalan 200 manatın ona qaytarılmasını tələb etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 484/2021 nömrəli icra sənədindən görünür ki, 07 yanvar 2009-cu il təvəllüdlü X5, 20 sentyabr 2011-ci il təvəllüdlü X7 və 12 yanvar 2017-ci il təvəllüdlü X4 18 yaşa çatanadək saxlanmaları üçün Şəxs hər ay hər uşağa görə 150 manat olmaqla ümumilikdə 450 manat sabit pul məbləğində alimentin tutularaq X1 ödənilməsi və alimentin tutulmasının əvvəlinin 07 avqust 2020-ci il tarixindən hesablanması qət edilmişdir.

6. İcraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli, №e 306590/2022-41 qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 484/2021 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır.

7. Tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-484/2021 nömrəli icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs məlumat verilmişdir.

8. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin məktubundan görünür ki, xx.xx.2025-ci il tarixli, №e306590/2022-14-22-003 məktubundan görünür ki, xx.xx.2021-ci il tarixli, 2(001)-484/2021-007 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs pensiyasına “elekton icra” sistemi vasitəsilə №e306590/2022-14-22/1 saylı, 4 yanvar 2025-ci il tarixli, №306590/2022-14-22/1 saylı 28 yanvar 2025-ci il tarixli inkasso ərəncamları qoyulmuşdur.

9. Məhkəmənin şəxsi məlumatlar dair portal çıxarışından görünür ki, Şəxs 3-cü qrup əlilliyə görə aylıq 150 manat pensiya alır. Məhkəmənin əsaslandırması və mövqeyi

10. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir.

11. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə müəyyən edilmişdir.

12. Məhkəmə iclasında Şəxs barəsində olan icra sənədi üzrə icra məmurunun tələblərini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilməmiş, habelə sonuncu hazırda baxılan inzibati xəta haqqında iş üzrə olan borcu qismən ödəmişdir.

13. Qeyd edilməlidir ki, məhkəmədə toplanmış sübutlarla Şəxs barəsində olan icra sənədi üzrə hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, tələbin ödənilməməsinin konkret üzürsüzlük səbəbləri, qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi və onun təqsiri icra işinin materialları ilə kifayət qədər sübuta yetirilmir. Başqa sözlə desək şəxsin təqsirli bilinməsinə dair inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. Əksinə, məhkəmə iclasında aşkar edilmiş xüsusatlardan Şəxs əməlində sözügedən inzibati xəta tərkibinin olmamasına dair kifayət qədər sübutların mövcud olması müəyyən edilmişdir. Çünki barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə yanaşı, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs məhkəmə iclasında verdiyi izahatında Şəxs icra sənədi üzrə olan borcunu hər ay mütəmadi olaraq tam məbləğdə olmasa da, qismən ödədiyini bildirmişlər.

14. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirliliyi sübut etmək yükü barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin deyil, inzibati xəta haqqında protokol tərtib etmə səlahiyyəti orqanın (səlahiyyətli şəxsin) üzərinə düşür və şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmaması ilə yanaşı, sübut edə bilməməsi əsası ilə də onun inzibati məsuliyyətə cəlb edilməsi yol verilməzdir. Çünki qanunvericiliyin tələblərinə əsasən şübhə və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll edilməlidir.

15. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

16. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.

17. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.

18. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.

19. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

20. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar