Məhkəmə qərarları › İş №3(001)-2515/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2515/2021

08.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2515/2021 08.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Bakı şəhər Binəqədi RPİ-nin 6-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş 23.12.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 məhkəməyə müraciət edərək, Bakı şəhər Binəqədi RPİ-nin 6-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş 23.12.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul olunamsını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Şikayət onunla əsaslandırılmışdır ki, 2020-ci ilin dekabr ayında Biləcəri qəsəbəsində evinin yanında polis əməkdaşı ona yaxınlaşaraq, saxlamış və SMS icazəsinin olubolmamasını soruşmuşdur. O, telefonunu göstərərək icazə aldığını bildirib telefonu təqdim etmişdir. Polis əməkdaşı ona SMS-lə müraciətinin olmasını, lakin həmin SMS-ə cavab gəlmədiyini bildirmişdir. Sonra polis əməkdaşı protokol yazanda onlara SMS cavabının gəlməli olmasından məlumatının olmadığını, qonşusunun köməkliyi ilə SMS göndərdiyini demişdir. Bundan sonra polisə heç vaxt qanun pozmadığını, əlil olmasını, imkanı olmamasını və beş uşağı ilə bir daxmada yaşamasını deyərək cərimələnməməsini xahiş etmişdir. Polis əməkdaşı isə onun xahişinə məhəl qoymayaraq barəsində qərar qəbul etmişdir. Sonra isə o, DİN-nin 102 xidmətinə zəng etmiş və oradan bildirmişlər ki, barəsində yazılmış cərimə onlar tərəfindən ləğv ediləcəkdir. Lakin 2020-ci ilin iyun ayında Binəqədi rayon İcra şöbəsindən ona məlumat verilərək 200 manat cərimələndiyini bildirmişlər. O, barəsində olan cərimənin silinəcəyini bildirsə də, icra məmuru ona həmin məsələni aydınlaşdırmaq üçün 6-cı Polis Bölməsinə yaxınlaşmasını demişlər. Bununla bağlı o, polisə yaxınlaşıb şikayətini bildirmiş, lakin onun şikayətinə baxan olmamışdır. Ona görə də, məhkəmədən barəsində qəbul edilmiş qərarın ləğv edilməsi və cərimənin silinməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən Bakı şəhər Binəqədi RPİ-nin 6-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş 23.12.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 23.12.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X2 23.12.2020-ci il tarixdə saat 12:58-də evdən icazəsiz çıxaraq karantin rejimini pozduğundan barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 23.12.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 23.12.2020-ci il tarixdə saat 12:58-də evdən icazəsiz çıxaraq karantin rejimini pozduğundan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə, şikayəti və əlavə edilmiş iş materiallarını əhatəli şəkildə araşdıraraq hesab edir ki, X2 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyi Azərbaycan Respublikası ərazisində adamların sağlamlığının qorunmasında və möhkəmləndirilməsində, cismən və ruhən inkişafında, fəal uzunömürlüyündə vətəndaşların və cəmiyyətin hüquq və mənafelərini həyata keçirməyin zəruri şərti kimi əhalinin sanitariya-epidemioloji salamatlığı sahəsində ictimai münasibətləri tənzimləyir; 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikası sanitariya qanunvericiliyinin əsas vəzifələri aşağıdakılardır: - dövlət orqanlarının, ictimai birliklərin, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, təşkilatların, idarələrin, vəzifəli şəxslərin və vətəndaşların bu sahədə hüquq və vəzifələri sisteminin müəyyən edilməsi; - insanların sağlamlığını ətraf mühit amillərinin mənfi təsirindən qorumaq və möhkəmləndirmək məqsədilə onların sanitariya-epidemioloji salamatlığının təmin edilməsi; - sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməsinə, eləcə də sanitariya-gigiyena və epidemiya əleyhinə tədbirlərin görülməsinə nəzarət sisteminin yaradılması; - gigiyena tənzimlənməsi və epidemioloji tənzimləmə qaydasının müəyyənləşdirilməsi, sanitariya normalarının və qaydalarının hazırlanması; - əhalinin sanitariya-epidemioloji salamatlığını təmin edən iqtisadi mexanizmin yaradılması; - sanitariya normalarını və qaydalarını, gigiyena normativlərini pozmağa görə məsuliyyət dərəcələrinin müəyyən edilməsi; - vətəndaşların salamatlığının qorunması hüququnu təmin etməyə yönəldilən qanunvericilik, hüquqi və təşkilati tədbirlər kompleksinin yaradılması; 25-ci maddəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyri-yoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər; 38-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır. Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 dekabr 2020-ci tarixli, 488 nömrəli qərarına əsasən 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində bu Qərarın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər iş və xidmət sahələrinin fəaliyyəti dayandırılmış, Bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddətdə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, habelə Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyətləri tətbiq edilmişdir. Həmin Qərarın 2.7-ci bəndinə əsasən bu Qərarın 2.6.1-ci və 2.6.2-ci yarımbəndlərində göstərilən şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməli və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə həmin icazəni almaq üçün müraciət etməlidirlər (SMS – məlumatlar və “E-Təbib” mobil tətbiqindən istifadə ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı iki indeksdən biri və şəxsiyyəti təsdiq edən məlumat qeyd edilməlidir: 2.7.1.1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, 4 rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda, olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir); 2.7.2. 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının və dərman vasitələrinin alınması (ərzaq mağazalarından, supermarketlərdən, bazar və aptekdən), dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir). Məhkəmədə müəyyən olunmuşdur ki, xüsusi karantin rejimi çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması, həmçinin əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə tətbiq edilən hərəkət məhdudiyyətləri X2 tərəfindən pozulmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X2 tərəfindən qeyd olunan xətaya yol verilməməsi barədə ərizəsində evdən çıxarkən SMS icazəsinin cavabının alınmalı olmasından məlumatının olmamasını qeyd etməsi ilə yanaşı, müraciətində göstərdiyi dəlillər də əsasızdır. Buna görə də, məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi əsaslıdır və bu barədə 23.04.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X1 Bakı şəhər Binəqədi RPİ-nin 6-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş 23.12.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Bakı şəhər Binəqədi RPİ-nin 6-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş 23.12.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar