Məhkəmə qərarları › İş №3(001)-2521/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2521/2023

19.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2521/2023 19.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 43-cü PBin polis sahə inspektoru, kapitanı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Naxçıvan MR, Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-in 43-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 18 iyun 2023-cü il tarixdə saat 16-17 radələrində “Man” yük markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili həmin növ nəqliyyat vasitələrinin hərəkəti qadağan edilmiş vaxtda Binəqədi-Mehdiabad yolunda idarə etdiyinə görə Binəqədi RPİ DYPŞ-in inspektoru tərəfindən ona saxla işarəsi verilmiş, avtomobili dayandırdıqdan sonra ona yaxınlaşan ictimai qaydanın mühafizə vəzifələrini icra etmiş polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb sənədlərini təqdim etməkdən imtina etmiş, əsassız yerə səs-küy salaraq ətrafdakı insanların və nəqliyyat vasitələrinin sürücülərinin diqqətini öz üzərinə çəkməyə cəhd etmiş, daha sonra isə qaçaraq yaşayış binalarının arasına daxil olub oradan polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədib tabesizlik göstərmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 43-cü PB-in polis sahə inspektoru, kapitanı X3 tərəfindən 19 iyun 2023-cü il tarixli, MN seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 43-cü PB-in polis sahə inspektoru, kapitanı X3 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 18 iyun 2023-cü il tarixdə saat 16-17 radələrində “Man” yük markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili Binəqədi-Mehdiabad yolunda idarə etdiyinə görə Binəqədi RPİ DYPŞ-in inspektoru tərəfindən ona saxla işarəsi verilmişdir. Avtomobili dayandırdıqdan sonra ona yaxınlaşan polis əməkdaşı sənədlərini təqdim etməsini tələb etsə də, sənədlərini təqdim etməkdən imtina etmişdir.Bu zaman aralarında mübahisə yaranmışdır. Hadisə yerinə digər polis əməkdaşlarının da gəldiyini görüb qaçaraq yaşayış binalarının arasına daxil olmuş, oradan polis əməkdaşlarına yoldan keçən yük avtomobillərini göstərərək onları hansı səbəbdən saxlamadıqlarını demişdir. Əsəbi olduğu üçün bu zaman qeyr-etik ifadələr işlətmiş ola bilər, lakin bilərəkdən polis əməkdaşlarını söyməmişdir. Əməlindən peşmandır. Məhkəmədə şahid qismində izahat vermiş X2 bildirmişdir ki, Binəqədi RPİ DYPŞ-də inspektor vəzifəsində işləyir.18 iyun 2023-cü il tarixdə saat 16-17 radələrində Binəqədi- Mehdiabad yolunda xidmət apararkən “Man” yük markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin həmin növ nəqliyyat vasitələrinin hərəkəti qadağan edilmiş vaxtda Binəqədi- Mehdiabad yolunda hərəkət etdiyinin şahidi olmuşdur. Dərhal tərəfindən sürücüyə saxla işarəsi verilmişdir. Sürücü avtomobili dayandırdıqdan sonra ona yaxınlaşaraq qayda pozuntusunu izah edib sənədlərini təqdim etməsini istədikdə, sürücü sənədlərini təqdim etməkdən imtina etmişdir. Sonra əsassız yerə səs-küy salaraq ətrafdakı insanların və nəqliyyat vasitələrinin sürücülərinin diqqətini öz üzərinə çəkməyə cəhd etmişdir. Daha sonra isə qaçaraq yaşayış binalarının arasına daxil olub oradan polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədib tabesizlik göstərmişdir. Yaşayış binasında yaşayan şəxslərin köməkliyilə saxlanılıb 43-cü PB-yə aparılmışdır. Bu barədə raportla bölmə rəhbərliyinə müraciət etmişdir. Polis Bölməsində müəyyəb edilmişdir ki, həmin şəxs Şəxsdur. Məhkəmədə şahid qismində izahat vermiş X4 bildirmişdir ki, Binəqədi-Mehdiabad yolunda yerləşən yaşayış binasında yaşayır. 18 iyun 2023-cü il tarixdə saat 16-17 radələrində küçədə səs-küy gəldiyini görüb çölə çıxmışdır. Sonradan adını və soyadını bildiyi Şəxs çoxsaylı insanların yaşadığı yaşayış binasının qabağında dayanıb nalayiq söyüşlər söymüşdür. Bir neçə qonşu onu intizama dəvət etsələr də, polislərin ünvanına küçə söyüşləri işlətmişdir. Ətrafdakı insanların köməkliyi ilə onu saxlayıb polis əməkdaşlarına təhvil vermişlər. Məhkəmədə şahid qismində izahat vermiş X6 bildirmişdir ki, 18 iyun 2023-cü il tarixdə saat 16-17 radələrində Binəqədi-Mehdiabad yolundan keçərkən yolun hərəkət hissəsində tıxac yarandığını görüb irəlidə hadisə baş verdiyini düşünmüşdür. Yaşadığı yer yaxın olduğu üçün idarə etdiyi avtomobili kənara çəkib piyada hadisə yerinə gəlmişdir. Ora çatanda görmüşdür ki, “Man” yük markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qışqıraraq səs-küy salır. Yol partul xidməti inspektoru isə təmkin nümayiş etdirərək onu intizama dəvət edir və sənədlərini təqdim etməsini tələb edir. Sənədlərini təqdim etməkdən imtina edən sürücü polis əməkdaşını söyür, idarə etdiyi avtomobilin sahibinin az sonra gəlib onu cəzalandıracağını deyir. Ətrafdakı insanlarda sürücünü sakitləşdirməyə çalışsalarda sürücü məhəl qoymur, cibindən mobil telefonu çıxararaq ətrafı çəkməyə çalışırdı. Daha sonra isə sürücü qaçaraq yaşayış binalarının arasına daxil olub oradan polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi RPİ DYPŞ-in inspektoru X2 tərəfindən Binəqədi rayon Polis İdarəsinin 43cü PB-in rəisinə yazılmış Raportdan görünür ki, Şəxs 18 iyun 2023-cü il tarixdə saat 16-17 radələrində “Man” yük markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili həmin növ nəqliyyat vasitələrinin hərəkəti qadağan edilmiş vaxtda Binəqədi-Mehdiabad yolunda idarə etdiyinə görə Binəqədi RPİ DYPŞ-in inspektoru tərəfindən ona saxla işarəsi verilmiş, avtomobili dayandırdıqdan sonra ona yaxınlaşan ictimai qaydanın mühafizə vəzifələrini icra etmiş polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb sənədlərini təqdim etməkdən imtina etmiş, əsassız yerə səs-küy salaraq ətrafdakı insanların və nəqliyyat vasitələrinin sürücülərinin diqqətini öz üzərinə çəkməyə cəhd etmiş, daha sonra isə qaçaraq yaşayış binalarının arasına daxil olub oradan polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədib tabesizlik göstərmişdir. Odur ki, həmin şəxs barəsində qanuni tədbir görülməsi xahiş edilmişdir. Binəqədi RPİ-in PPXB-ün polis nəfərləri E.Fatixanov və R.Zeynalov tərəfindən Binəqədi rayon Polis İdarəsinin 43-cü PB-in rəisinə yazılmış Raportdan görünür ki, Şəxs 18 iyun 2023-cü il tarixdə saat 16-17 radələrində “Man” yük markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili həmin növ nəqliyyat vasitələrinin hərəkəti qadağan edilmiş vaxtda Binəqədi-Mehdiabad yolunda idarə etdiyinə görə Binəqədi RPİ DYPŞ-in inspektoru tərəfindən ona saxla işarəsi verilmiş, avtomobili dayandırdıqdan sonra ona yaxınlaşan ictimai qaydanın mühafizə vəzifələrini icra etmiş polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb sənədlərini təqdim etməkdən imtina etmiş, əsassız yerə səs-küy salaraq ətrafdakı insanların və nəqliyyat vasitələrinin sürücülərinin diqqətini öz üzərinə çəkməyə cəhd etmiş, daha sonra isə qaçaraq yaşayış binalarının arasına daxil olub oradan polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədib tabesizlik göstərmişdir. Odur ki, həmin şəxs barəsində qanuni tədbir görülməsi xahiş edilmişdir. İnzibati qaydada tutma haqqında AZA seriyalı № 007460 saylı 18 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 17:10-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında MN seriyalı № ******* saylı 19 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə 19 iyun 2023-cü il tarixli qərardaddan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN seriyalı № ******* saylı 19 iyun 2023-cü il tarixli protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. “Polis haqqında” qanunun 3-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. Həmin qanunun ikinci hissəsinin birinci yarımbəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrindən biridir. Eyni qanunun 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. İctimai qaydanı pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXMin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində Şəxs təqsirliliyi qismən öz izahatı ilə yanaşı, şahidlərin ifadələri, inzibati araşdırma materialları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir və onun barəsində düzgün olaraq həmin maddə ilə protokol tərtib edilmişdir. Barəsində icraat aparılan şəxs Şəxs ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının icrası onun üçün məcburi olan qanuni tələblərinə qəsdən tabe olmamış, bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli, hüquqa zidd əməl törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs qeyd olunan hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən etmir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 33.1.1-ci maddəsinə əsaslanmaqla səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsini Şəxs məsuliyyətini ağırlaşdıran hallar kimi müəyyən edir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini və törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Belə ki, cəmiyyətin maraqları şəxsin azadlıq hüququndan üstündür. İctimai yerdə, heç bir əsaslı səbəb olmadan, ətrafdakı insanlarda həyəcan yaranmasına səbəb olmaqla mübahisə yaradıb ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarına qarşı tabesizlik göstərmiş şəxsin cərimə növündə tənbeh edilməsi insanlarda mənfi emosiyalar doğurur və belə əməli törətmiş şəxsləri qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək və onlar tərəfindən yenidən eyni xarakterli inzibati xəta törədilməsinin qarşısını almaq işinə mənfi təsir edir. Ona görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində göstərilmiş inzibati həbs növündə tənbeh yuxarı həddə təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Azərbaycan Respublikası İXM-in 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2023-cü il tarixdən saat 17:10-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar