Məhkəmə qərarları › İş №3(001)-2535/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2535/2025

23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2535/2025 23.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin Dövlət X6 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Binəqədi DYPŞ-nin Yol-nəqliyyat hadisələri baş inspektoru, polis kapitanı X3 tərəfindən Şəxs barəsində 20 fevral 2025-ci il tarixli, İXP ******* nömrəli “inzibati xəta haqqında” protokol tərtib edilmiş, həmin protokola əsasən, Şəxs İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İXM-nin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi həmin maddə üzrə inzibati məsuliyyət yaradır. İşin halları ondan ibarətdir ki, Şəxs 17 sentyabr 2024-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz GL500” minik markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yol-nəqliyyat hadisəsi törədərək, X1 idarə etdiyi “Mazda” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə D.Y.Nəbiyevə yüngül bədən xəsarəti yetirilmişdir. Məhkəmə iclasında Şəxs özünü həmin inzibati xəta ilə bağlı təqsirli bilərək, izahatında göstərdi ki, idarə etdiyi avtomobil onun atasına məxsusdur, o, həmin avtomobili etibarnamə əsasında idarə edir. 17 sentyabr 2024-cü il tarixdə, axşam saat 21:45 radələrində Binəqədi rayonu, S.S.Axundov küçəsi ilə hərəkətdə olarkən qarşısında onunla eyni istiqamətdə dayanmış avtobusu ötmək üçün avtobusun sol tərəfindən ötmə əməliyyatı etmək qərarına gəlmiş, bu zaman yolu əks hərəkət istiqamətinə çıxmış, qəfil qarşıdan onunla əks istiqamətdə gələn “Mazda” markalı avtomobili görüb avtomobilini öz yoluna qaytarmaq istəsə də, sükanda ağırlıq yarandığından yol-nəqliyyat hadisəsi qaçılmaz olmuşdur. Hadisə nəticəsində “Mazda” markalı avtomobilin sürücüsü xəsarət aldığından, oraya yığılan digər şəxslərin köməkliyi ilə xəstəxanaya aparılmışdır. O, sonradan zərərçəkmiş şəxslə barışmağa cəhd etsə də, zərərçəkmiş şəxs ondan avtomobilinə dəymiş zərərə görə 6-7 min manat tələb etdiyindən, aralarında barışıq əldə olunmamışdır. Hazırda törətmiş olduğu əməldən peşmanlıq hissi keçirir və məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, inzibati xəta haqqında iş üzrə icraat aparmış inzibati qurum öz səlahiyyətli nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. İş materiallarında olan 02 fevral 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki: - xx.xx.2024-cü il tarixli, 2/51004 saylı “sərxoşluq hallarının növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolu”nda Şəxs ayıq olması göstərilmişdir; - MTE və PA ETT Birliyinin Binəqədi rayon Şöbəsinin 28 sentyabr 2024-cü il tarixli, 2027 saylı ekspert rəyində X1 bədən səthində aşkar olunmuş xəsarətlər xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddirlər; - 20 dekabr 2024-cü il tarixli, 8/2847-8/2921 saylı yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasına dair rəydə göstərilmişdir ki, Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; - Toplanmış materialdan müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 21:45 radələrində Binəqədi rayonu, S.S.Axundov küçəsində iki istiqamətli, bir zolaqlı yolda Şəxs idarə etdiyi “Mercedes GL500” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətli yola çıxaraq qarşıdan gələn X1 idarə etdiyi **-NK-*** dövlət qeydiyyat nişanlı “Mazda” markalı avtomobillə toqquşmuşdur. Nəticədə “Mazda” markalı avtomobilin sürücüsü X2 yüngül dərəcəli bədən xəsarəti almışdır. Odur ki, materialda cinayət tərkibi yaranmadığını nəzərə alaraq, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməli, Şəxs barəsində İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri görülməsi üçün qərarın surəti Binəqədi RPİ-nin DYPŞ-yə göndərilməlidir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edərək, habelə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, belə qənaətə gəlir ki, inzibati xəta haqqında protokol əsaslıdır, Şəxs hərəkətlərində İXM-nin 327.8-ci maddəsinin tərkib hissələri mövcuddur və o, həmin maddə üzrə inzibati məsuliyyətə cəlb edilərək, inzibati tənbeh edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətmiş olduğu inzibati xətanı etiraf etməklə, əməlindən səmimi peşmanlıq hissi keçirməsini məhkəmə onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-nin 327.8-ci maddəsinin sanksiyasında üç yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququnun аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılması növündə tənbeh nəzərdə tutulmuşdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, törədilmə şəraitini və nəticəsini nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində 06 (altı) ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar