Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2538/2022 08.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətininin Bakı şəhəri İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 1500 AZN məbləğində inzibati cərimə edilmişdir. Qərarın bir nüsxəsi xx.xx.2022-ci il tarixdə rəhbəri olduğu "xxxx" MMC-yə rəsmi qaydada daxil olduğundan həmin tarixdən on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək hüququ yaranmışdır. İnzibati xəta haqqında qərar İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddəti ötürülməklə qəbul edildiyindən, X6 Xidməti Bakı şəhər idarəsi tərəfindən tərtib edilmiş qərarda əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin nesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilməsi göstərilsə də, həmin pozuntunun konkret olaraq nədən ibarət olması və ya hansı məbləğdə əmək və məzuniyyət haqqının hesablanmasında və ödənilməsində səhvə yol verildiyi göstərilmədiyindən, inzibati xəta haqqında iş üzrə icraat aparılarkən təqsirli olubolmadığım İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyindən, qərarı qəbul etmiş vəzifəli şəxs tərəfindən işin halları tam, hərtərəfli araşdırılmadığından, sübutlara düzgün hüquqi qiymət verilmədiyindən, yuxarıda qeyd edilən hallar o cümlədən inzibati xətanın (inzibati xəta hadisəsi və tərkibi) olub-olmaması araşdırılmadığından, inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. X5 xx.xx.2018-ci il tarixində "xxxx" MMC-yə nəzarətçi vəzifəsinə 1 (bir) ay müddətinə işə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilmişdir. M.Teymurov ilə əmək müqaviləsi müddəti müəyyən edilməklə bağlanılmış və bu hal əmək müqaviləsinin 2-ci bəndində öz əksini tapmışdır. X1 əmək hüquqları hər hansı formada pozulmamış, onunla bağlanmış müddətli əmək müqaviləsinə əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada xitam verilmişdir. Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanı törətməsi halı öz təsdiqini tapmamışdır. Qərardan bəlli deyil ki, X3 hansı dövr üçün, hansı məbləğdə əmək-məzuniyyət haqqı, müavinəti və ya digər ödənişləri düzgün hesablamamışdır. Protokol mücərrəddir. Qərarda inzibati xətanın xarakteri və miqdarı, inzibati xətanın törədilməsi səbəbləri və şərait əks olunmamışdır. X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş qərarda inzibati xətanın tərkibi və hadisəsinin mahiyyəti təsvir olunmamışdır. İşin mühüm halları araşdırılmamışdır, səlahiyyətli orqanın gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir, işin faktiki halları qərarda ümumiyyətlə qeyd olunmamışdır, protokolda və qərarda heç bir sübuta istinad edilməmişdir. Belə olduğu təqdirdə şəxs işdən xx.xx.2021-ci il tarixdə çıxarıldığı üçün və son haqq-hesab da həmin tarixdə verildiyi üçün xx.xx.2021-ci il tarixdə artıq formal cəhətdən İXM-nin 192.4-cü maddəsinin tərkibi yaranır. Lakin nəzərə alınmalıdır ki, formal cəhətdən mövcud olan əməldə İXM ilə müəyyən edilmiş inzibati məsuliyyətin və inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması üçün, həmin əməldə şəxsin təqsiri (qəsd və ya ehtiyatsızlıq formasında) olmalıdır. Əgər təqsir mövcud deyilsə, onda inzibati məsuliyyət yaranmır və inzibati xəta tərkibi mövcud olmur. İnzibati xəta əlamətləri formal cəhətdən mövcuddursa da, həmin xətanın törədilməsində şəxsin təqsiri müəyyən edilməlidir. Təqsirsiz olaraq və ya şəxsin iradəsindən asılı olmayaraq baş vermiş nöqsan, şəxsin inzibati məsuliyyətinə səbəb ola bilməz. Hazırki vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair sübut da mövcud deyildir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplanmamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində qərar qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərar tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində qərar tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində qərar qəbul edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. X6 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar şəxsin inzibati məsuliyyətə cəlb edilmə müddəti keçdikdən sonra çıxarılmışdır. Göstərilən xüsusatla bağlı qeyd edilməlidir ki, X5 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmiş və onun müraciəti əsasında X6 Xidməti Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC-nin Baş direktoru Camal Sadıxov barəsində 12 ay sonra, yəni xx.xx.2022-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X5 xx.xx.2021-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində tutduğu vəzifədən azad edilmişdir. X6 Xidməti Bakı şəhər İdarəsinin gəldiyi nəticəyə görə, "xxxx" MMC-nin Baş direktoru Camal Sadıxov tərəfindən əmək qanunvericiliyinin tələbləri xx.xx.2021-ci il tarixdə pozularaq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Lakin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti üç ay keçənədək verilə bilər. Buna baxmayaraq isə inzibati xətanın törədildiyi vaxtdan üç aydan çox müddət keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin Baş direktoru Camal Sadıxov barəsində X6 Xidməti Bakı şəhər İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, şikayət vermiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi Nümayəndə, xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətin təmin edilməməsini və qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə, şikayəti və ona əlavə edilmiş iş materiallarını araşdıraraq hesab edir ki, X7 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iş materiallarından müəyyən edilmişdir ki, "xxxx" MMC ilə X5 arasında əmək münasibətləri yaranmış və daha sonra müvafiq qaydada həmin əmək münasibətlərinə xitam verilmişdir. Lakin əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən son haqq-hesabın əmək müqaviləsinin ləğv edildiyi gündə ödənilmə qaydaları üzrə qanun pozuntularına yol verilmişdir. Çünki iş materiallarında göründüyü kimi, X3 iş vaxtından artıq müddətə iş saatlarında işə cəlb edilməsi və işçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinin işçiyə məlumat vermədən elektron informasiya sistemində dörd dəfə dəyişdirilməsi, müddətsiz əmək müqaviləsinin müddətli əmək müqaviləsinə dəyişdirilməsi kimi kobud pozuntulara yol verilməklə sonuncuya ödəniş edilmişdir. Göründüyü kimi, X7 tərəfindən qeyd olunan inzibati xətaya yol verilməməsi barədə müraciətində göstərdiyi dəlillər əsasızdır və məhkəmədə öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi əsaslıdır və bu barədə xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №3(001)-2538/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2538/2022
08.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver