Məhkəmə qərarları › İş №3(001)-2550/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2550/2022

22.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2550/2022 22.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X7 katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X4, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Xankəndi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroy detal 9 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X6 izahat verərək bildirmişdir ki, Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)- 982/2022 nömrəli icra sənədində xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməsi göstərilmişdir. Qeyd olunan icra sənədi Binəqədi rayon İcra şöbəsinə daxil olmuş və tərəfindən xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş qəbul edilmişdir. Şəxs bu günədək icra sənədi üzrə aliment borcundan 600 manat ödəniş etmişdir. Hazırda icra sənədi üzrə 651 manat aliment borcu vardır. İcra sənədinin icrası ilə əlaqədar tərəfindən zəruri icra tədbirləri görülməsinə baxmayaraq, Şəxs borcunu icra etmədiyi üçün, sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyildir. Belə ki, o, avqust ayının 5-dən taksi sürücüsü kimi fəaliyyət göstərir. Həmin vaxta kimi heç bir yerdə işləmədiyi üçün aliment ödənişinin ödənilməsində gecikmələri yaranmışdır. Bu günədək aliment borcundan 600 manat ödəmişdir. Beləki onun tərəfindən 07 iyul tarixində 100 manat, 01 avqust tarixində 100 manat, 19 avqust tarixində 200 manat ödəniş edilmişdir. Sonuncu dəfə isə bu gün aliment borcundan 200 manat ödəniş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona verilən suallara cavab olaraq müəyyən edilmiş aliment məbləğinin ödənilməsindən yayınmadığını bildirmiş, eyni zamanda məhkəməyə yazılı iltizam təqdim edərək ödənilməmiş qalan 651 manat alimen borcunu sentyabr ayından başlayaraq 3 ay hər ay 200 manat olmaqla, qalan 51 manatı isə sonuncu ayda tam şəkildə zərərçəkmiş şəxsin xeyrinə ödəyəcəyinə dair söz vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək bildirmişdir ki, borclu Şəxs 851 manat aliment borcu yaranmışdır. O, bu gün aliment borcundan 200 manat ödəniş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən ödənilməmiş qalan 651 manat borcun sentyabr ayından 200 manat olmaqla 3 ay, qalan 51 manatı isə sonuncu ayda tam şəkildə ödəməsinə dair verdiyi təkliflə razı olduğunu bildirərək məhkəməyə yazılı ərizə təqdim edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-982/2022 nömrəli icra sənədindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməsi qərara alınmışdır. Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəxs barəsində olan icra sənədi üzrə icraata başlanmış və sonuncuya borcunu dərhal ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-982/2022 nömrəli icra sənədi üzrə yaranmış aliment borcu ödənilməyərək icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli iltizamın surətindən görünür ki, o, sentyabr ayından başlayaraq 200 manat olmaqla 3 ay, qalan 51 manatı isə sonuncu ayda tam şəkildə zərərçəkmiş şəxsin xeyrinə ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Zərərçəkmiş şəxs X1 Binəqədi Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsinin surətindən görünür ki, borclu Şəxs bu gün aliment borcundan 200 manat ödəniş etmişdir. O, qalan 651 manat borcunu sentyabr ayından 200 manat olmaqla 3 ay, qalan 51 manatı isə sonuncu ayda tam şəkildə ödyəcəyi barədə söz verir. Borclunun verdiyi iltizamın nəzərə alınmasını xahiş edərək, verilən müddətdə gözləyəcəyinə dair söz vermişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Məhkəmə iclasında isə Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)- 982/2022 nömrəli icra sənədi üzrə Şəxs yaranmış aliment borcunu üzrsüz səbəbdən icra etməməsi və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi sübuta yetirilməmişdir. Məhkəmə iclasında toplanmış sübutlarla müəyyən edilmişdir ki, Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-982/2022 nömrəli icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icra məmuru tərəfindən Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi göstərir ki, borclu Şəxs aliment ödənişlərini etməkdən qərəzli şəkildə yayınmır. Bu günə qədər aliment ödənişlərindən 400 manat ödəniş etmiş, sonuncu dəfə isə, barəsində inzibati xəta haqqında protokol tərtib edilən gün, yəni xx.xx.2022-ci il tarixdə 200 manat ödəniş etmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs icra sənədi üzrə borcunu ödəməkdən yayınmayaraq aliment borcundan hissə-hissə olmaqla, ümumilikdə 600 manat ödəniş etmişdir. Belə ki, onun tərəfindən iyul ayında 100 manat, 01 avqust tarixində 100 manat, 19 avqust tarixində isə 200 manat ödəniş edilmişdir. Sonuncu dəfə isə 22 avqust 2022-ci il tarixdə, yəni barəsində inzibati xəta haqqında protokol tərtib edildiyi gün aliment borcundan 200 manat ödəniş etmişdir. Borclu Şəxs icra sənədi üzrə olan aliment borcundan ödəniş etməsi onun tərəfindən borcun üzrsüz səbəbdən icra edilməməsi və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirilməməlidir. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar