Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2552/2024 18.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin sahə inspektoru, polis mayoru X4, Bakı Şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Ağsu rayonu, Elabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin sahə inspektoru, polis mayoru X12 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə inspektoru, polis mayoru X8 izahatında bildirmişdir ki, xx.xx.2024–cü il tarixdə xidmətdə olan zaman Mürşüdov X6 Rayon Dövlət X13 əməkdaşları Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə gətirilmişdir. Mürşüdov X6 şosesində Binəqədi Rayon Dövlət X13 əməkdaşlarının iş fəaliyyətini telefon vasitəsilə qeydiyyata alaraq video çəkiliş etmiş, daha sonra sonuncu Binəqədi Rayon Dövlət X13 xidməti avtomobilininin içərisindəki əməkdaşları və avtomobilin dövlət qeydiyyat nişanını video çəkiliş etmək üçün avtomobilə yaxınlaşmış və bu zaman Yol-Patrul xidmətinin əməkdaşları ondan nə səbəbə qeydiyyat apardığını soruşmuş və daha sonra sonuncu ilə əməkdaşlar arasında mübahisə yaranmışdır. Şəxs qeydiyyata aldığı video çəkilişin silməsi xahiş edilmiş, lakin Şəxs video-görüntünü silməyərək oradan qaçmışdır. Yol-patrul xidməti əməkdaşlarının təqibi nəticəsində Şəxs saxlanılaraq, tabesizlik göstərdiyi üçün 4-cü polis şöbəsinə gətirilmişdir. Odur ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, yol-patrul xidmətinin əməkdaşlarının iş fəaliyyətini telefon vasitəsilə qeydiyyata alaraq video çəkiliş etmiş və daha sonra əməkdaş qeydiyyata aldığı video çəkilişi görüb nalayiq ifadələr işlədərək onu yanına çağırmışdır. O isə oradan qaçmışdır, Binəqədi Rayon Dövlət X13 3 xidməti avtomobili ilə təqib olunmuş və saxlanılmışdır. Bloqerlik fəaliyyəti ilə məşğul olur, təqib olunan zaman ona fiziki zərər dəymiş, qulaq pərdəsinə zərbə endirilmiş və qulaq pərdəsi partlamışdır. O isə heç bir əlqol hərəkəti etməmişdir. Onun çəkdiyi videoda heç kimin üzü düşməmiş, sadəcə patrul avtomobilini çəkmişdir. Həmin videonu marifləndirici video kimi çəkmişdir, daha əvvəllər də sosial şəbəkələrdə yol hərəkəti ilə bağlı marifləndirici videolar paylaşmışdır. Hadisə yerində fiziki zorakılıq tətbiq etmişdirlər. Hadisə zamanı görmədiyi insanları şahid qismində bölməyə gətirmişdirlər. Cəmiyyətdə sevilən və müsbət xarakterize olunan biridir. Ona qarşı hədə-qorxu edilmiş, onu həbs edəcəkləri ilə təhdid etmişdirlər. Polislər bölmədə ona qarşı nalayiq ifadələr işlətmişdirlər. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi yol-patrul xidməti baş inspektoru, polis baş leytenantı X7 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, təxminən saat 12:00-13:00 radələrində Şəxs ona yaxınlaşmış və niyə tək xidmət apardığını soruşmuşdur. Halbuki, Şəxs hər hansı bir avtomobildə sürücü olmamış, nə də saxlanılmamışdır. Özlüyündə vətəndaşa maraqlı olduğu qənaətinə gələrək cavab olaraq bildirmişdir ki, gündüz vaxtı tək xidmət apara bilər, hava qaraldıqdan sonra əməkdaşla birlikdə xidmət aparmalıdır. Daha sonra isə əlavə suallar verməyə başlamış, ondan niyə vətəndaşları patrul avtomobilində qəbul etdiyini, onun niyə vətəndaşın avtomobilinə yaxınlaşmadığını soruşmuşdur. Yenə də ona cavab vermiş, yol hərəkəti pozuntusunun video-görüntüsünü göstərmək üçün vətəndaşları patrul maşınına dəvət etdiyini bildirmişdir. Bundan sonra ona qarşı “siz düz eləmirsiz”, “siz özbaşınasız”, “siz ağını çıxartmısız” məzmununda ifadələr işlətmiş və çıxıb getmişdir. O, sonradan öyrənmişdir ki, Şəxs digər avto-patrullara da yaxınlaşaraq eyni sualları soruşmuşdur. Təxminən saat yarım müddət keçdikdən sonra o sürücüsü qayda pozuntusu törətmiş “Ford” markalı bir avtomobili saxlamış, həmin zaman yenə Şəxs ora yaxınlaşmışdır. Həmin avtomobilin sürücüsünə xitabən “bu özündən çox razıdır, bunların başına oyun açacam, mən bloqerəm. Narahat olmasınlar, səbrli olsunlar, bunların başına oyun açacam” məzmunda ifadə işlətmişdir. Orda olan xəstəxanın yanında otluq olan yer var, ora çıxaraq telefonla video-çəkiliş aparmağa başlamış, nalayiq ifadələr işlətmiş, həmçinin polis orqanının əleyhinə fikirlər səsləndirmişdir. Bütün ətrafda olan insanlar da çölə çıxaraq Şəxs hərəkətlərinə baxmışlar. Şəxs nalayiq sözlərinə dözməyərək onun yanına hərəkət etmiş, bu zaman Şəxs qaçmağa başlamış, o da onun arxasınca qaçmışdır. Digər yol-patrul xidməti əməkdaşı X2 gəlmiş, həmin əməkdaşın patrul avtomobilinə əyləşib şəxsi təqib etmişlər. Şəxs məktəbin həyətində gizləndiyini görmüşlər, avtomobildən enərək onun arxasınca qaçmışlar, məktəbin dəmir barmaqlıqlarını aşaraq yola tullanıb qaçmağa başlamışdır. O, artıq gedə bilməmiş, lakin X9 şəxsin arxasında getməyə davam etmişdir. 15-20 dəqiqə arxasınca qaçmışlar, orada olan taxta sexlərinin üzərinə çıxaraq, ora ilə qaçmağa davam etmişdir. Həmin sexlər də təxmin 3 metr hündürlükdə olmuşdur. Əlavə digər əməkdaşlar da köməyə gəlmiş, şəxsi saxlayaraq patrul maşınına əyləşdirmişlər. Daha sonra isə özünü ataraq canına qəsd edəcəyini bildirərək arxasınca gələn polislərə hədə-qorxu gəlmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, video çəkilişə görə şəxsi təqib etməmiş, nalayiq ifadə işlətdiyi üçün arxasınca düşmüşdür. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi yol-patrul xidməti inspektoru, polis serjantı X9 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə xidmətdə olarkən Şəxs tək xidmət apaması ilə bağlı ona irad bildirmişdir. Cavab olaraq dəfələrlə hava qaralana kimi tək xidmət apar biləcəyini bildirmişdir. Daha sonra isə görmüşdür ki, Məlikov xəstəxanasının yaxınlığında hündür otluq olan yerə çıxaraq əlində telefonla çəkiliş apararaq nalayiq ifadələr işlətmişdir. Həmin zaman polis baş leytenantı X7 şəxsin arxasınca qaçmış, X7 efir vasitəsi ilə kömək istədiyi üçün yardım məqsədilə patrul avtomobili ilə X3 yanına getmiş, avtomobilə əyləşmiş və şəxsi patrul avtomobili ilə təqib etmişdirlər. Şəxs məktəbin içərisinə girmiş, onlar da avtomobildən enərək piyada təqibi davam etdirmişlər. Şəxs məktəbin hasarından tullanraq qaçmağa davam etmişdir. O da Şəxs arxasınca qaçmağa davam etmişdir. “Baksol” adlanan ərazi tərəfə qaçaraq orada olan sexlərin üzərinə çıxaraq ora ilə qaçmağa davam etmişdir. Sexin üzərində olan zaman yaxın gələn olsa özünü atacağını bildirmişdir. Daha sonra Şəxs saxlamış, qaçmamalı olduğunu bildirmişdir. Daha sonra patrul avtomobili gəlmiş, şəxsi avtomobilə əyləşdirərək bölməyə təmin etmişlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində baş vermişdir. Təxminən 15-20 dəqiqə şəxsin arxasınca qaçmışdır. Şəxs hadisə zamanı heç bir fiziki təzyiq göstərilməmişdir. Şəxs dəfələrlə nalayiq ifadələr işlətmiş, həmçinin dəfələrlə “rüşvət alırsınız”, “qanunsuzluq edirsiz” deyərək onları qanunsuz hərəkətlər etməkdə ittiham etmişdir. Məhkəmə iclasında şahid X10 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində xəstəxanadan çıxan zaman Şəxs patrul avotomobilini və inspektorları qeydiyyata aldığını görmüşdür. Daha sonra polis şəxsə yaxınlaşanda Şəxs yol-patrul xidməti əməkdaşının ünvanına nalayiq ifadə işlədərək qaçmağa başlamışdır. Polislər də onun arxasınca düşmüşdürlər. Hadisə maraqlı gəldiyindən baş verən prosesləri izləmişdir. Avtomobili ilə yolun son hissəsinə gəlmiş, X1 görmüşdür. Özü qazidir, dövlətin polisinin təhqir olunmasını qəbul edə bilmir, bu səbəblə hadisələri izləmiş və sonda ehtiyac olarsa, şahid kimi ifadə verməyə hazır olduğunu bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Şəxs nalayiq ifadələr işlətmiş, həmşinin video çəkiliş aparmışdır. Məhkəmə iclasında müdafiəçi Bakı Şəhəri 11 saylı vəkil bürosunun vəkili Vəkil izahatında məhkəmədən Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, AZ 019182 nömrəli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:00-də inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Odur ki, inzibati xəta haqqında protokol düzgün olaraq tərtib olunmuş, şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs yol-patrul xidməti avtomobillərinə yaxınlaşaraq xidmət aparan əməkdaşlara niyə tək xidmət aparmaqları barədə suallar vermiş, həmçinin aparılan xidməti fəaliyyəti video-çəkiliş vasitəsi ilə qeydiyyata almış, bundan başqa polis əməkdaşı yol hərəkəti qaydalarının pozuntusu ilə bağlı digər sürücünü saxlayan zaman yaxınlaşaraq “bunların başına oyun açacam” və sair məzmununda ifadələr işlətmişdir. Şəxs sadalanan hərəkətləri ilə polisin qanuni fəaliyyətinə müdaxilə etmişdir. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi yolpatrul xidməti baş inspektoru, polis baş leytenantı X7 ona yaxınlaşan zaman isə hadisə yerindən qaçmağa başlamışdır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 535.1-ci maddəsində polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Normanın dizposiyasından göründüyü kimi qeyd edilən norma ilə inzibati məsuliyyət yaranması üçün ilk növbədə şəxsə yönələn tələb qanuni olmalı və şəxs həmin qanuni tələbə tabe olmamalıdır. “Polis haqqında” Azərbyacan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qanunla səlahiyyət verilmiş şəxslərdən başqa, hər hansı şəxsin istənilən səbəbdən polisin qanuni fəaliyyətinə məhdudiyyət qoyması, təsir və müdaxilə etməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyətə səbəb olur. Göstərilənlərə əsasən Şəxs polisin qanuni fəaliyyətinə müdaxilə edərək daha sonra polis əməkdaşlarından qaçaraq getməsi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq kimi qiymətləndirilməlidir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2024-cü il tarixli raport, şahidlərin izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.Məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın xarakteri, törədilmə halları nəzərə alınaraq onun barəsində aşağı həddə inzibati həbs növündə tənbeh tədbiri tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olunması mümkündür. İXM-nin 31.4-cü maddəsinin tələbləri nəzərə alınaraq Şəxs təyin edilmiş inzibati həbs tənbeh tədbirinin aşağı həddi İXM-nin 535.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş bir ayadək müddətə inzibati həbs tənbeh tədbirinin dörddə birindən az ola bilməz. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində 8 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə həbs edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 15:30-dən hesablansın. Qərar dərhal icra edilsin və icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Şöbəsinə həvalə edilsin. Şəxs göstərdiyi hüquqi yardıma görə Bakı Şəhəri 11 saylı vəkil bürosunun vəkili Vəkil dövlət büdcəsinin vəsaiti hesabına 12 (on iki) manat pul vəsaiti ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-2552/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2552/2024
18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver