Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2564/2024 19.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru X1, zərər çəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Beyləqan Rayonu, Mil qəsəbə ərazi dairəsi, Mil qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi nömrəsi fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cü maddəsi ilə Bakı şəhəri Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 510-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru X2 izahatında bildirmişdir ki, Şəxs mütəmadi olaraq X4 narahatedici məzmunda mesajlar yazmış, həmçinin zənglər edərək sonuncunu narahat etmişdir. Zərər çəkmiş şəxs nömrəli əngəlləməyinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs müxtəlif şəxslərə məxsus nömrələrdən narahatedici zəngləri davam etdirmişdir. Bir neçə dəfə Şəxs içkili vəziyyətdə X3 yaşadığı mənzilin qarşısına gələrək evin qarşısında uzanmış, evin hasarından həyətə düşmüş, xanımın üzərinə yerimişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Şəxs yenə içkili halda X3 evinin qarşısına gəlmiş, ətrafda insanlar olmasına baxmayraq nalayiq ifadələr işlətməklə X3 mənzilinə keçməyə imkan verməmiş, bu hərəkətləri ilə X4 və onun az yaşlı övladlarını narahatlıq yaratmışdır. Şəxs hərəkətlərindən bütün qonşular hadisə yerinə yığılmışdı. O, sahə rəisi olduğundan ətrafda olan insanların çoxu hadisə ilə bağlı ona zəng edib məlumat vermişlər. Göstərilənlərə əsasən Şəxs barəsində İXM-nin 510-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Əlavə olaraq bildirmişdir ki, Şəxs ayıq vəziyyətdə normal danışmasına baxmayaraq, içkili vəziyyətdə olan zaman analoji hərəkətlərini yenidən təkrarlayır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs telefonunda Roza xanımın nömrəsini “ürək” deyə qeyd etmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs tutularkən sərxoş olmuş,xx.xx.2024-cü il tarixdə saat 10:00 radələrində ayılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, X3 evində bir müddət kirayədə yaşamışdır. Həmin evdə yaşamaq onun üçün rahat olmuşdur, həmçinin ora evinə də yaxın idi. Onun başqa yalnış niyyəti olmamışdır. Evdə yenidən kirayə qalmaq üçün həmin evin qarşısına gedərək Roza xanımla danışmaq istəmişdir. Ora getməmişdən əvvəl spirtli içki qəbul etdiyindən gedərkən sərxoş olmuşdur. xx.xx.2024-cü il tarixdə səhər saatlarında sərxoşluğu keçmişdir. Əməlindən çox peşmandır, səhv hərəkət tutmuşdur. Roza xanımın həyat yoldaşı olmasından xəbəri olmamışdır. Məhkəmə iclasında X5 izahat verərək bildirmişdir ki, dəfələrlə ona narahatedici məzmunlu hərəkətlər etmiş, smslər yazmış, zənglər etmişdir. İçkili vəziyyətdə onun yaşadığı evin qarşısına gələrək utancverici hərəkətlərə yol vermişdir. Onun anasının üzünə qarşı nalayiq ifadələr işlətmişdir. 2 azyaşlı övladı var, övladlarını da qorxudan çölə çıxara bilmir. Ancaq gözü pəncərədə, kameralarda olur ki, yenə Şəxs gəlib yenidən onu narahat edəcəkdir. Hətta qonşular da Şəxs hərəkətləri ilə bağlı ona dəfələrlə şikayətlər etmişlər. Gecə saatlarında zəng edərək onu narahat edir, yoldaşı da Şəxsla dəfələrlə danışmış, xəbərdarlıq etmişdir. Lakin Şəxs heç nəyə məhəl qoymadan öz hərəkətlərini davam etdirir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə onun evinin qarşısına gələrək ona və övladlarına narahatlıq yaratmışdır. Mənzilə keçməyinə şərait yaratmamış, ətrafda insanlar ola-ola nalayiq ifadələr işlətmişdir. Bundan qabaq da o maşından düşüb evə getmək istəyərkən qabağını kəsmiş, hasardan həyətə tullanmağa cəhd etmişdir. Baş verən hadisələrdən övladları da qorxmuşdur. O, şəxsən Şəxs telefon vasitəsi ilə ailəli olduğunu, hərəkətlərinin onu narahat etdiyini bildirmiş, onu başa salmağa çalışmış, lakin Şəxs hərəkətlərini dayandırmamışdır. Göstərilənlərə əsasən məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, AZA 000026 nömrəli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:15-də inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli, 2/20648 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparlan tibbi müayinə” protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 20:40-da Şəxs oğlunun alkoloq sərxoşluğunun dərəcəsi “ORTA” olaraq müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 510-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-nin 510-cü maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Odur ki, inzibati xəta haqqında protokol düzgün olaraq tərtib olunmuş, şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, İXM-nin 510-cü maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə İXM-in 510-cu maddəsi ilə məsuliyyət yaranmasının əsaslarına dair qeyd etməyi zəruri hesab edir ki, həmin maddə ilə nəzərdə tutulan inzibati xətanın ictimai təhlükəliliyi ictimai qaydanın pozulmasında ifadə olunur. İctimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs dəfələrlə X3 telefon nömrəsinə müxtəlif telefon nömrələrindən zənglər etmiş, həmçinin narahetdici məzmunda ifadələr yazmış, bundan başqa içkili vəziyyətdə zərər çəkmiş şəxsin evinin qarşısına gələrək hasardan evin həyətinə tullanmağa cəhd etmiş, zərər çəkmiş şəxsin anasının üzünə qarşı təhqiredici ifadələr işlətmiş, ətrafda insanların olmasına baxmayaraq nalayiq ifadələr işlətmişdir. xx.xx.2024-cü il tarixdə Şəxs içkili vəziyyətdə X3 yaşadığı evin qarşısına gələrək X3 yaşadığı evə keçməsinə mane yaratmış, ətrafa insanların yığılmasına məhəl qoymayaraq küçədə nalayiq ifadələr işlətmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər edərək, yəni X3 yaşadığı evin qarşısına içkili vəziyyətdə gələrək sonuncunun evinə daxil olmasına mane olaraq, həmçinin ətrafda insanlar toplaşdığı halda nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, bununla da İXM-nin 510-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 510-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2024-cü il tarixli raport, zərər çəkmiş şəxsin izahatı, həmçinin də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-nin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda törədilməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xəbərdarlıq edilməsinə baxmayaraq mütəmadi təkrarlaması, həmçinin sonuncunun məsuliyyətini ağırlaşdıran halın olması Şəxs barəsində yalnız normanın sankiyasında nəzərdə tutulmuş ağır tənbeh tədbirinin tətbiq edilməsi yolu ilə inzibati tənbehin məqsədlərinə nail olunmasını mümkün edir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 510-cü maddəsi ilə təqsirli bilinməli və barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə onu da qeyd edir ki, İXM-nin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti sərxoş halda olmuş şəxsin ayıldığı vaxtdan hesablanır. Odur ki, hazırki iş üzrə inzibati həbs müddətinin əvvəli Şəxs ayıldığı, yəni xx.xx.2024-cü il tarixdən, saat 10:00-dan hesablanmalıdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 10:00-dan hesablansın. Qərar dərhal icra edilsin və icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-2564/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2564/2024
19.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver