Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2565/2024 19.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin sahə inspektoru, polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin sahə inspektoru, polis leytenantı X2 izahatında bildirmişdir ki, xx.xx.2024-cü tarixdə Şəxs idarə etdiyi “Kia Rio” markalı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçivani küçəsi ərazisində hərəkətdə olan zaman yol-patrul xidməti əməkdaşları tərəfindən təhlükəsizlik kəməri taxmadığına görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə “saxla” əmri verilmişdir. Lakin Şəxs polisin tələbinə məhəl qoymayaraq hərəkətini davam etdirmiş, idarə etdiyi nəqliyyat vasitəsinin qarşısı kəsilərək onun saxlanılması mümkün olmuş, bundan sonra isə avtomobildən düşərək qaçmışdır. Odur ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, himayəsində 2 övladı var. Bir həftə sonra övladlarından biri əməliyyat olunacaqdır. Ona görə axşamlar taksi fəaliyyəti ilə məşğul olur, hadisə baş verən zamanda taksi fəaliyyətini başa çatdırmışdı, evə qayıdırdı. Bu zaman yol polisi ona “saxla” işarəsi vermiş, lakin həmin nəqliyyat vasitəsindən istifadə üçün onun adına etibarnamə verilmədiyindən avtomobilini saxlamamışdır. Çünki hesab etmişdir ki, əgər nəqliyyat vasitəsini saxlasa, etibarnamə olmadığından avtomobil duracağa yerləşdiriləcək və bir neçə gün işləyə bilməyəcəkdir. Hadisə yerindən isə həyəcanlandığından qaçmağa çalışmışdır. Məhkəmədən iki övladının olmasının nəzərə alınmaqla barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhər BPİ-nin X6 İdarəsinə bilavasitə tabe olan Yol- Patrul Xidməti Alayının yol patrul xidməti inspektoru, polis baş serjantı X3 izahatında bildirmişdir ki, xx.xx.2024-cü tarixdə saat təxminən 03:20 radələrində Şəxs idarə etdiyi “Kia Rio” markalı avtomobilə sürücü təhlükəsizlik kəməri taxmadığından “saxla” işarəsi vermişdir. Lakin Şəxs avtomobili saxlamayaraq hərəkətini davam etdirmişdir. Bir qədər irəlidə Şəxs yolunun kəsilərək saxlanılması mümkün olmuşdur. Bundan sonra Şəxs avtomobilindən enərək qaçmağa başlamışdır. Qanuni şəkildə Şəxs saxlanılmış, hadisə yerinə post-patrul xidmətinin əməkdaşları çağırılmış, Şəxs sərxoşluq vəziyyətinin müayinəsi üçün tibb məntəqəsinə aparılmış, daha sonra isə 5-ci Polis Bölməsinin növbətçi hissəsinə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, AZ 006817 nömrəli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 04:20-də inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclası zamanı elektron məhkəmə informasiya sisteminə baxış keçirərək müəyyən edilmişdir ki, Şəxs xx.xx.2014-cü il təvəllüdlü Haqverdi Qasımov və xx.xx.2017-ci il təvəllüdlü Uğur Qasımov adlı övladları var. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Odur ki, inzibati xəta haqqında protokol düzgün olaraq tərtib olunmuş, şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü tarixdə Şəxs idarə etdiyi nəqliyyat vasitəsinə sonuncu təhlükəsizlik kəmərindən istifadə etmədiyindən yol polisi tərəfindən saxlama işarəsi verilmiş, lakin Şəxs idarə etdiyi nəqliyyat vasitəsindən istifadəyə dair etibarnaməsi olmadığından nəqliyyat vasitəsini saxlamayraq yol polisinin tələbinə məhəl qoymamış və hərəkətini davam etdirmişdir. Daha sonra Şəxs nəqliyyat vasitəsinin saxlanılması mümkün olmuş, həmin zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs nəqliyyat vasitəsindən düşərək qaçmağa çalışmışdır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 535.1-ci maddəsində polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Normanın dizposiyasından göründüyü kimi qeyd edilən norma ilə inzibati məsuliyyət yaranması üçün ilk növbədə şəxsə yönələn tələb qanuni olmalı və şəxs həmin qanuni tələbə tabe olmamalıdır. Hazırki inzibati xəta haqqında iş üzrə Şəxs nəqliyyat vasitəsini idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmədiyindən polis əməkdaşı tərəfindən ona verilmiş “saxla” əmri qanuni olmuşdur. Şəxs “saxla” işarəsi verilməsinə baxmayaraq hərəkətini davam etdirməklə polis işçisinin qanuni tələbinə tabe olmamış, bununla da İXM-nin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2024-cü il tarixli raport, şahid izahatı, həmçinin də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs himayəsində 2 övladının olmasını İXM-nin 32.2-ci maddəsinə əsasən sonuncunun məsuliyyətini yüngülləşdirən hal kimi nəzər alır. Məhkəmə Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs törətdiyi inzibati xətanın xarakteri, törədilmə halları nəzərə alınaraq onun barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq inzibati həbs müddətinin minimal həddə müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. İXM-nin 31.4-cü maddəsinin tələbləri nəzərə alınaraq Şəxs təyin edilmiş inzibati həbs tənbeh tədbirinin aşağı həddi İXM-nin 535.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş bir ayadək müddətə inzibati həbs tənbeh tədbirinin dörddə birindən az ola bilməz. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində 8 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 04:20-dən hesablansın. Qərar dərhal icra edilsin və icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-2565/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2565/2024
19.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver