Məhkəmə qərarları › İş №3(001)-2573/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2573/2024

22.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2573/2024 22.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin polis sahə inspektoru, polis kapitanı X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Rusiya Federasiyası, Moskva şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİdən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB tərəfindən Şəxs barəsində İXM 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin polis sahə inspektoru, polis kapitanı X6 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Binəqədi rayonu, S.S.Axundov küçəsində idarə etdiyi avtomobillə yol hərəkəti qaydasını pozduğuna görə Binəqədi RPİ-nin DYPŞnin yol-patrul xidmətinin inspektorları tərəfindən saxlanılmış, cərimə yazılmasından yayınmaq üçün səs-küy salaraq polisin ünvanına nalayiq ifadələr işlətmiş, həmçinin əl-qol ataraq müqavimət göstərməyə başlamışdır. Bundan sonra YPX inspektorları tərəfindən əraziyə Binəqədi RPİ-nin Çevik polis alayının əməkdaşları çağırılmış və Şəxs 5-ci polis bölməsinə gətirilmişdir. Bölmədə Şəxs izahatı alınaraq barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində ailə üzvləri ilə birlikdə özünə məxsus avtomobildə “Dərnəgül” metrostansiyasının yaxınlığında durarkən, ön sərnişin oturacağında oturmuş atası qucağında olan uşağı ona vermişdir. O, da uşağı arxada oturan anasına vermişdir. Həmin vaxt YPX inspektorları ona yaxınlaşıb sənədlərini istəmişlər. YPX inspektorları onun sənədini yoxladıqdan sonra sürücülük vəsiqəsində 18 balı olduğunu, cərimə yazıldıqdan sonra nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılacağını bildirmişlər. O, YPX əməkdaşlarına qucağında uşaqla avtomobil idarə etmədiyini desə də ona cərimə yazılacağını demişlər. Həmin vaxt o, YPX inspektorları ilə mübahisə etməyə başlamış və avtomobildə olan hamilə həyat yoldaşının halı pisləşmişdir. Bundan sonra həmin yerə təcili tibbi yardım çağırılmış və həmçinin polis əməkdaşları gəlib, onu polis bölməsinə aparmışlar. Polis əməkdaşları onu polis avtomobilinə əyləşdirib Binəqədi RPİ-nin 5-ci PB-yə aparmışlar. Binəqədi RPİ-nin 5-ci PBdə izahatı alınaraq barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, polis əməkdaşlarını söyməmiş, tabesizlik və müqavimət göstərməmişdir. Göstərilənləri nəzərə alıb barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X1 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə YPX inspektoru Elməddin Məmmədli ilə birlikdə xidmətdə olarkən Binəqədi rayonu, S.S.Axundov küçəsində “Chevrolet Cruze” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs tərəfindən sərnişin daşıma qaydalarının pozulmasına görə saxlanılmışdır. Belə ki, həmin vaxt Şəxs qucağında uşaqla avtomobil idarə etmişdir. Onlar Şəxs sürücülük vəsiqəsini yoxlayarkən 18 balı olduğunu görmüş, törətdiyi inzibati xətaya görə sürücülük hüququnun məhdudlaşdırılacağını və avtomobilin cərimə meydançasına aparılacağını bildirmişlər. Həmin vaxt Şəxs səs-küy salaraq polisin ünvanına nalayiq ifadələr işlətmiş, məsuliyyətdən yayınmağa çalışmışdır. Onlar dəfələrlə Şəxs sakitləşməsini və qanuni tələblərinə tabe olmalarını bildirsələr də Şəxs sakitləşməmiş, söyüş söyməyə davam etmişdir. Həmin vaxt avtomobildə olan Şəxs həyat yoldaşının halı pisləşdiyi üçün təcili tibbi yardım çağırılmışdır. Həmçinin kömək məqsədilə əraziyə Binəqədi RPİ-nin Çevik polis alayının əməkdaşları çağırılmış və Şəxs polis bölməsinə aparılmışdır. Onlar da polis bölməsinə gedib baş vermiş hadisə ilə bağlı raport yazmışlar. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X2 digər şahid X1 ilə oxşar məzmunda izahat verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığı üçün Binəqədi RPİ-nin 5-ci PB-yə gətirilmiş və barəsində raport tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixli, AZA 019099 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:43-də inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 21 aprel 2024-cü il tarixdə polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyərək, həmçinin inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Binəqədi RPİnin 5-ci PB tərəfindən İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, yəni sonuncunun ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmaması iş materialları və məhkəmə iclasında toplanmış sübutlarla tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmədə, Şəxs əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə hesab edir ki, Şəxs barəsində təyin edilmiş inzibati həbsin əvvəli 21 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 21 aprel 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar