Məhkəmə qərarları › İş №3(001)-2585/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2585/2022

25.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2585/2022 25.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X2, zərərçəkmiş şəxslər X4 və X1 etibarnamə üzrə nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1960-cı il tarixdə Naxçıvan MR Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2aşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən böyük icra məmuru X5 izahat verərək bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 1483/2020 saylı, 17 iyun 2020-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs X4 xeyrinə 55.500 (əlli beş min beş yüz) manat və X1 xeyrinə 40.550 (qırx min beş yüz əlli) manat məbləğində pul tutulmalıdır. İcra vərəqəsi şöbənin icraatına daxil olmuş və icraata qəbul edilmişdir. Borclu Şəxs icraata başlama haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş rəsmi qaydada verilmişdir. Borclu tərəfindən icra sənədi könüllü icra olunmamış və borclu şöbəyə dəvət olunaraq hüquq və vəzifələri izah olunmuş və izahatı alınmışdır. Məcburi icra tədbirlərinin görülməsi üçün müvafiq qurumlara sorğular göndərilmiş və borclunun adına hər hansı əmlak aşkar edilməmişdir. Bundan əvvəl də borclu barəsində İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib edilmiş və o, məhkəmə qərarı ilə 500 manat inzibati cərimə edilmişdir. Həmin vaxt Şəxs ikinci qrup əlilliyi olduğu üçün ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Hazırda isə Şəxs əlilliyi yoxdur. Borclu məhkəmə qətanməsini qərəzli olaraq icra etməmiş və bu səbəbdən, barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə yenidən protokol tərtib olunmuşdur. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1483/2020 saylı, 17 iyun 2020-ci il tarixli icra vərəqəsinə əsasən ondan X4 xeyrinə 55.500 (əlli beş min beş yüz) manat və X1 xeyrinə 40.550 (qırx min beş yüz əlli) manat məbləğində pul tutulmalıdır. Lakin məhkəmənin qətnaməsində göstərilənlərlə razılaşmır. Belə ki, həmin borc məbləğləri onun yox, Yasəmən adlı qadının borclarıdır. Həmin qadın da borcunu hissə-hissə ödəyir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, hazırki vaxta qədər icra vərəqində göstərilən borc məbləğindən ödəniş etməmişdir. Baxmayaraq ki, hazırki mülki iş üzrə Ali Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı var, o göstərilən qərarla da razılaşmır, belə ki, onun zərərçəkmiş şəxslərə borcu yoxdur. O ikinci qrup əlil olmuş və pensiya almışdır, sonradan ona təyin edilmiş pensiya ləğv edilmişdir. Hazırda ona yenidən pensiyanın təyin edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir, həmin müraciət üzrə həkim məsləhət komissiyasının rəyinin alınması üçün müayinələrdən keçməlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onu aldatmış, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində ev alınması üçün 55000 manat məbləğində pul vermişdir. Şəxs onu hər dəfəsində aldatmış, sonradan onlar arasında notarial qaydada borc müqaviləsi bağlanmışdır. Mülki işlə bağlı Ali Məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olmasına baxmayaraq Şəxs tərəfindən ona hazırki vaxta qədər ödəniş edilməmişdir. Şəxs icra sənədinin icrasından yayınmaq məqsədi ilə özünə məxsus evi, maşını da digər şəxslərin adına rəsmiləşdirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o icra sənədi üzrə olan borcun yəni 55000 manat məbləğində pulun birdəfəlik tam şəkildə ödənilməsini tələb edir, əks halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X1 etibarnamə üzrə nümayəndəsi X6 izahat verərək bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1483/2020 saylı, 17 iyun 2020-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs etibarnamə üzrə nümayəndəsi olan qızı X1 xeyrinə 40.550 (qırx min beş yüz əlli) manat məbləğində pul tutulmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsizahat verən zaman mənə və digər zərərçəkmiş şəxsə borclu omadığını bildirsə də, bu doğru deyil. Belə ki, Sumqayıt şəhər Məhkəməsinin qətnaməsindən Şəxs apellyasiya şikayəti vermiş, onun vermiş olduğu apellyasiya şikayəti təmin edilməmişdir. Ali Məhkəmənin qərarı ilə də Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəxs borc məbləğini ödəməkdən qərəzli şəkildə yayınır, artıq 4-5 ildir ki həmin şəxs onları aldadır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X1 etibarnamə üzrə nümayəndəsi X6 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o icra sənədi üzrə olan borcun yəni 40.550 manat məbləğində pulun birdəfəlik tam şəkildə ödənilməsini tələb edir, əks halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1483/2020 saylı, 17 iyun 2020-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs X4 xeyrinə 55.500 (əlli beş min beş yüz) manat və X1 xeyrinə 40.550 (qırx min beş yüz əlli) manat məbləğində pul tutulmalıdır. Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində olan icra sənədi üzrə icraata başlanmış və sonuncuya borcunu dərhal ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. Sumqayıt şəhəri üzrə icra idarəsinin 17 avqust 2022-ci il tarixli, 117968 nömrəli bildirişindən görünür ki, icra sənədində göstəriln tələbi könüllü icra etməsi üçün Şəxs 10 gün vaxt verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(001)-2996/2021 nömrəli qərarından görünür ki, Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli icraat başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs icranı könüllü olaraq təmin etməsi bildirilmişdir. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Bakı şəhəri Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1483/2020 saylı, 17 iyun 2020-ci il tarixli icra sənədi üzrə yaranmış 55.500 (əlli beş min beş yüz) manat və 40.550 (qırx min beş yüz əlli) manat borc ödənilməmiş və icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol düzgün olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1483/2020 saylı, 17 iyun 2020-ci il tarixli icra sənədi üzrə borcunu heç bir üzrlü səbəb olmadan icra etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, icra vərəqələri, bildirişlər ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmadığı müddəti, inzibati xətanın pul borcu ilə əlaqədar olduğunu, bundan öncə məhkəmə qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunduğunu, həmin 500 manat məbləğini də ödəmədiyini, barəsində inzibati tənbeh tədbirinin ttbiq edilməsinə baxmayaraq icra sənədini yenidən icra etməməsini nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli 3(001)-2996/2021 saylı qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ikinci qrup əlil olması səbəbindən cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında icra məmuru Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol barədə izahat verən zaman şəxsin artıq ikinci qrup əlilliyinin olmamasını bildirmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs da məhkəmə tərəfindən ona verilən suallara cavab olaraq ikinci qrup əlil olduğunu, sonradan ona təyin edilmiş pensiyanın ləğv edildiyini, yenidən pensiyanın təyin edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdiyini, həmin müraciət üzrə həkim məsləhət komissiyasının rəyinin alınması üçün müayinələrdən keçməli olmasını bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hazırki vaxtda ikinci qup əlil olub-olmamasını yoxlamaq məqsədi ilə məhkəmə tərəfindən elektron məhkəmə informasiya sistemi vasitəsi ilə sorğu verilmiş, elektron informasiya sistemində Şəxs iknci qrup əlil olması, pensiya alması barədə məlumat aşkar edilməmişdir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdığı andan, yəni 25 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tətbiq ediləcək inzibati həbsin müddətini müəyyən edərkən onun yaşını nəzərə almaqla 20 gün müddətinə müəyyən edilməsini məqsədə uyğun hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati həbs olunsun. Şəxs dərhal məhkəmə iclas zalından həbsə alınsın. Həbsdə saxlama müddətinin əvvəli 25 avqust 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Mərkəzinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar