Məhkəmə qərarları › İş №3(001)-2591/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2591/2020

09.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2591/2020 09.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlu, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialın baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında işin materiallarını hərtərəfli araşdıraraq hesab edirəm ki, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ələddin Hüseynov tərəfindən Şəxs barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib olunmamışdır. Belə ki, iş materialları təhlil olunarkən müəyyən olunmuşdur ki, borclu Şəxs əmək müqaviləsi bağlamaqla “GESCO” X1 mühafizəçi vəzifəsində çalışıb aylıq 250 (iki yüz əlli) manat məbləğində əmək haqqı alır. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 43.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirləridir. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən, banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 45.5-ci maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. Yenə həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Qeyd olunmalıdır ki, icra məmuru tərəfindən müəyyən icra hərəkətləri həyata keçirilmiş, lakin həmin icra hərəkətləri natamam aparılaraq toplanmış sübutlara düzgün qiymət verilmədən Şəxs inzibati məsuliyyətə cəlb olunması üçün müvafiq protokol tərtib edilmişdir. Belə ki, icra məmuru tərəfindən borclu Şəxs əmək müqaviləsi bağlamaqla “GESCO” X1 mühafizəçi vəzifəsində çalışıb aylıq 250 (iki yüz əlli) manat məbləğində əmək haqqı alması nəzərə alınmadan və bu istiqamətdə icra işi üzrə müvafiq icra hərəkətləri aparılmadan şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halbuki qanunvericiliyin tələblərinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun əmək haqqına, manatla və xarici valyuta ilə o cümlədən, banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. İcra məmuru isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada icra sənədinin icrasını təmin edən məcburi icra tədbirləri görmək əvəzinə natamam olaraq inzibati xəta haqqında protokol tərtib edib baxılması üçün məhkəməyə göndərmişdir. Qeyd olunan hal isə qanunvericiliyin tələblərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, icra məmuru tərəfindən sözügedən inzibati xəta haqqında protokol xx.xx.2020-ci il tarixdə tərtib olunsa da, həmin protokolun surəti şəxsə xx.xx.2020-ci il tarixdə verilməklə, məhkəməyə xx.xx.2020-ci il tarixdə baxılması üçün göndərilmişdir. Bu hal da özü-özlüyündə icra məmuru tərəfindən İXM-in tələblərinin pozulmasını göstərir. Göründüyü kimi, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şəxs barəsində tərtib olunan inzibati xəta haqqında protokolun İXM-in tələblərinə uyğun tərtib olunmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. Ona görə də, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun geri qaytarılması qənaətinə gəlmişdir. İXM-in 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş xx.xx.2020ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 109.1.6-cı maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar