Məhkəmə qərarları › İş №3(001)-2591/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2591/2023

17.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2591/2023 17.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X11 iclas katibliyi ilə, X1 etibarnamə üzrə nümayəndəsi və vəkili X8, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin MN ******* saylı, 22 iyul 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 barəsində qəbul edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin MN ******* saylı, 22 iyul 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv etməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, AR ƏƏSMN yanında X14 rəhbəri olduğu “X5 Company” MMC barədə 13 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu tərtib etmişdir ondan ötrü ki, cəmiyyət tərəfindən AR İXM-nin 192.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.Belə ki, müfəttişlik hesab etmişdir ki, 00245 saylı xx.xx.2022-ci il tarixli aktla və toplanmış digər materialla sübuta yetirilmişdir ki, şirkətin Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli və N. Yusifbəyli küçələrinin kəsişməsində xx.xx.2022-ci il tarixdə saat 10:55- də Məmmədov Elgün və digər 8 nəfər əmək müqaviləsi və digər mülki hüquqi müqavilə olmadan işlərin yetirilməsinə cəlb edilmişdir.xx.xx.2022-ci il tarixli **********2 saylı dəvət məktubu guya göndərilmiş və şirkət nümayəndəsi iştirak etmədiyi üçün İXH protokolu tərtib edilərkən AR İXM-nin 61.3-cü maddəsinə əsasən iştirakı olmadan protokol tərtib edilmişdir.Həmin protokol Nərimanov rayon məhkəməsinə baxılması üçün göndərilsə də, Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(005)-2618/2022 saylı qərarı ilə icraata xitam verilmiş, inzibati xəta öz təsdiqini tapmamış, həmin qərardan AR ƏƏSMN yanında X14 şikayət versə də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3 (103)-2973/2022 saylı qərarı ilə inzibati xəta öz təsdiqini tapmamış, inzibati icraata xitam verilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3 (005)-2618/2022 saylı qərarı qüvvədə qalmışdır. AR ƏƏSMN yanında X14 eyni zamanda “X6 Company” MMC-nin rəhbəri olaraq barəsində 22 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş, qərar barədə məlumatı olmamış, yalnız maşınına qoyulmuş məhduddiyyət barədə yol polisi ona məlumat verdikdən sonra 21 fevral 2023-cü il tarixdə Binəqədi rayon İcra Şöbəsindən bildirişi və qərarı rəsmi qaydada almış, ona bundan sonra məlum olmuşdur ki, barəsində inzibati xəta haqqında qərar vardır və qərarı əldə edərək dərhal məhkəməyə müraciət etmişdir. Preyudisial əhəmiyyətə malik olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3 (005)-2618/2022 saylı qərarı və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3 (103)-2973/2022 saylı qərarı vardır və həmin qərarlarla AR ƏƏSMN yanında DƏMX-nin 22 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında Qərarında qeyd edilmiş inzibati xəta olmaması müəyyən edilmiş və əgər rəhbəri olduğu cəmiyyətdə inzibati xəta yoxdursa onun tərəfindən də inzibati xəta törədilməməsi deməkdir.O, hesab edir ki, AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli deyil.AR İXMnin 53.0.2-ci maddəsinin tələbinə əsasən əməlində inzibati xəta tərkibi olmaması əsası ilə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında çıxış edən şikayətçinin müdafiəçi X13 məhkəmə iclasında şikayəti müdafiə edərək, həmçinin göstərdi ki, inzibati tənbehvermə haqqında qərar çıxarılarkən, inzibati məsuliyyətə cəlb etmə müddəti də ötürülmüşdür, belə ki, 03 aydan sonra tənbeh verilmişdir.Ona görə də qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən qərarından şikayət verilən İnzibati orqanın nümayəndəsi X4 bildirdi ki, tikinti obyektinə keçirilən yoxlama zamanı müəyyən edilmişdir ki, həmin MMC-də 9 nəfərin əmək müqaviləsi və yaxud hüquqi müqavilə olmadan işləməsi faktı aşkar olunmuşdur.Buna görə də, məhkəmədən şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayəti və iş materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin MN ******* saylı, 22 iyul 2022-ci il tarixli qərara əsasən məlum olur ki, X9 Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli və N. Yusifbəyli küçələrinin kəsişməsində xx.xx.2022-ci il tarixdə saat 10:55-də Məmmədov Elgün və digər 8 nəfər əmək müqavləsi və digər mülki hüquqi müqavilə olmadan işlərin yetirilməsinə cəlb etdiyinə görə İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinib 4500 manat cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 3(005)-2618/2022 saylı qərarına əsasən məlum olur ki, inzibati tənbeh etmə müddəti keçdiyindən “X5 Company” MMC barəsində AR İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzərə icraata xitam verilmişdir. Həmçinin, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2973/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qərarına əsasən məlum olur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin rəis müavinin Orxan Hüseynzadə tərəfindən verilmiş şikayət təmin edilməmişdir. İş materialları ilə müəyyən edilir ki, şikayətçinin şikayətinin 2 əsası vardır.Birinci əsas bundan ibarətdir ki, şikayətçi qeyd edir ki, o ümumiyyətlə belə bir inzibati xəta törətməmişdir. Şikayətçinin şikayətinin digər bir əsası isə bundan ibarətdir ki, şikayətçi qeyd edir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti bitdikdən sonra tənbeh verilmişdir, lakin belə halda inzibati tənbeh tətbiq edilə bilməzdi. Şikayətçinin bu 2 əsasının hər biri ayrı-ayrılıqda götürüldükdə, hər bir əsas digər əsas olmadan da müstəqil olaraq inzibati iş üzrə qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinin əsasını təşkil edir. Buna görə də, məhkəmə şikayətçinin birinci əsasını, yəni inzibati xətanın törədilməməsi əsası ilə bağlı qeyd edir ki, bu halın müəyyən edilməsi son nəticədə inzibati tənbehin düzgün verilib- verilməməsini müəyyənləşdirmək üçündür. Ona görə də inzibati məsuliyyətə cəlb etmə müddətinin tətbiqi ilə bağlı məsələ üzrə qərarın qanuniliyinin yoxlanılması və şikayət üzrə qərarın qəbul edilməsi kifayət etdiyindən, məhkəmə şikayətin bu halına qiymət verir. Həmçinin, məhkəmə bu qənaətə gəlməsi iş üzrə “prosessual qənaət” prinsipinə əməl etmək baxımında da əsaslıdır. Həmçinin məhkəmə nəzərə alır ki, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 3(005)-2618/2022 saylı qərarına əsasən məlum olur ki, inzibati tənbeh etmə müddəti keçdiyindən “X5 Company” MMC barəsində AR İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzərə icraata xitam verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2973/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qərarı ilə həmin qərar qanuni qüvvədə qalmışdır. Beləlkilə, İXM-nin 38 və 53-cü maddələrinin tələbinə əsasən də inzibati xəta haqqında işlər üzrə icraatda ilk araşdırılası məsələ inzibati məsuliyyətə cəlb etmə müddətinin keçib-keçməməsini araşdırmaqdır.Çünki inzibati işlər üzrə icraat başlanana qədər müddət keçmişdirsə, onda ümumiyyətlə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz.Başlana bilmirsə, onda inzibati xəta hadisəsinin olub-olmamasını araşdırmağa ehtiyac qalmır. Buna görə də müddət keçməməlidir ki, icraat başlansın.Müddət keçməmişdirsə, icraat başlana bilir və icraat başlandıqdan sonra araşdırma aparıldığı ərəfədə müddət keçmişdirsə, onda başlanmış icraata xitam verilir. Lakin hazırkı halda şikayətçi istinad edir ki, səlahiyyətli orqanda inzibati tənbeh verilənə qədər artıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 03 ay keçənədək verilə bilər. Həmçinin həmin maddəyə əsasən maddədə göstərilən bir neçə inzibati xətalar üzrə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilər. Lakin hazırkı inzibati tənbeh vermə xəta haqqında qərarda şəxsin təqsirli bilindiyi inzibati xəta İXM-in 38.1-ci maddəsindəki xüsusi qeyd edilmiş - inzibati tənbehin törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilən inzibati xətalardan deyildir. Ona görə də hazırkı iş üzrə artıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, inzibati tənbeh tətbiq edilə bilməzdi. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X9 barəsində İXM-nin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin MN ******* saylı, 22 iyul 2022-ci il tarixli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi və ya təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar