Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-26/2022 11.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 271-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti barəsində İXM-in 271-ci maddəsi ilə tərtib edilmiş 30.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Qeyd olunan inzibati xəta haqqında protokoldan müəyyən edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində qanunla müəyyən olunmayan sahəyə **-JJ-*** dövlət qeydiyyat nişanlı “Kamaz” markalı avtomobillə qarışıq növ tullantı boşaldılaraq qalaqlanması faktı aşkar edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 bildirmişdir ki, daxil olmuş müraciət əsasında idarə tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində monitorinq aparılmışdır. Monitorinq zamanı Xocasən qəsəbəsi ərazisində yerləşən qanunsuz tullantı sahəsində müxtəlif çeşiddə tullantıların qalaqlanması faktı aşkar edilmişdir. Monitorinq zamanı həmin qanunsuz tullantı ərazisinə **-JJ-*** dövlət qeydiyyat nişanlı “Kamaz” markalı özü yükünü boşaldan avtomobillə qarışıq növ tullantıların boşaldılaraq qalaqlanması müəyyən edilmişdir. Araşdırma zamanı həmin avtomobilin sürücüsü ilə söhbət olunmuş, lakin sonuncu şəxsiyyət vəsiqəsini təqdim etməkdən, izahat verməkdən və həmin tullantıların haradan gətirilməsi barədə məlumat verməkdən imtina etmişdir. Bundan sonra həmin sürücüyə etdiyi hərəkətin qanun pozuntusu olduğu izah edilmiş və ona inzibati xəta haqqında protokol tərtib olunacağı bildirilmişdir. Bir müddət keçdikdən sonra verilmiş sorğu əsasında qanunla müəyyən olunmayan sahəyə tullantıları boşaltmış **-JJ-*** dövlət qeydiyyat nişanlı “Kamaz” markalı avtomobilin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adında qeydiyyatda olduğu müəyyən edilmişdir. Həmin fakt üzrə də, "xxxx" Açıq Səhmdar Cəmiyyəti barəsində İXM-in 271-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də, məhkəmədən qeyd olunanların nəzərə alınaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 bildirmişdir ki, tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır. Çünki iş üzrə tam və obyektiv araşdırma aparılmamışdır. Belə ki, cəmiyyət tərəfindən əvəzsiz olaraq Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin müraciəti əsasında 20 ədəd avtomobil istifadələrinə verilmişdir. Bundan başqa, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən əraziyə tullantıları boşaldan **-JJ-*** dövlət qeydiyyat nişanlı “Kamaz” markalı avtomobilin sürücüsü cəmiyyətin işçisi olmamışdır. Qeyd olunan nəqliyyat vasitəsinin və bundan başqa 19 ədəd nəqliyyat vasitəsinin icra hakimiyyətinə verilməsi ilə bağlı təhvil-təslim aktı mövcuddur. Ona görə də, məhkəmədən cəmiyyət barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 13.10.2021-ci il tarixli aktdan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən əraziyə **-JJ-*** dövlət qeydiyyat nişanlı “Kamaz” markalı özü yükünü boşaldan avtomobillə qarışıq növ tullantıların boşaldılaraq qalaqlanması faktı aşkar edilmişdir. 02.02.2013-cü il tarixli Təhvil-təslim aktından görünür ki, bağlanılmış 02 fevral 2013cü il tarixli təhvil-təslim aktına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus **-JJ-*** dövlət qeydiyyat nişanlı “Kamaz” markalı özüboşaldan nəqliyyat vasitəsi Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə təhvil verilmişdir. 29.12.2021-ci il tarixli məktubdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus 20 ədəd nəqliyyat vasitəsi 2012-ci il tarixdən Binəqədi rayonunun abadlaşdırılması işlərində istifadə edilməsi məqsədi ilə hər-hansı rəsmiləşdirmə olmadan Korporasiyanın keçmiş rəhbərliyi tərəfindən əvəzsiz olaraq Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə təhvil verilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməlində İXM-in 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə toplanmış sübutlardan müəyyən edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti barəsində aparılmış inzibati xəta haqqında iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Çünki qanunla müəyyən olunmayan sahəyə tullantıları boşaltmış **-JJ-*** dövlət qeydiyyat nişanlı “Kamaz” markalı avtomobilin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus olsa da, iş materiallarına əlavə edilmiş təhvil-təslim aktından göründüyü kimi, qeyd olunan avtomobil cəmiyyət tərəfindən əvəzsiz olaraq Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə təhvil verilmişdir. Bundan başqa inzibati xəta haqqında iş üzrə icraat aparmış səlahiyyətli orqan tərəfindən inzibati xəta törətmiş **-JJ-*** dövlət qeydiyyat nişanlı “Kamaz” markalı özüboşaldan nəqliyyat vasitəsinin sürücüsünün kim olması, sürücünün işlədiyi yer, habelə onun qeyd olunan nəqliyyat vasitəsi ilə tullantıları haradan alması müəyyənləşdirilməmişdir. Qeyd olunan hallar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməlində İXM-in 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmasına şübhə yaradır ki bu da aparılmış inzibati xəta haqqında iş üzrə araşdırmanın natamam olduğunu göstərir. Ona görə də, "xxxx" Açıq Səhmdar Cəmiyyəti barəsində İXM-in 271-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 30.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməlində İXM-in 271-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 25, 40, 43, 48-51, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş 30.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-26/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-26/2022
11.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver