Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2610/2021 12.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X5, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş 12.07.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X6 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14.02.2020-ci il tarixli, 2(001)-563/2020 nömrəli icra sənədində 08.07.2013-cü il təvəllüdlü X4 və 22.01.2016-cı il təvəllüdlü X1 üçün 14.02.2020-ci il tarixdən başlayaraq, cavabdeh Şəxs hər ay, hər uşağa görə 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat aliment sabit pul məbləğində tutularaq iddiaçı X3 ödənilməsi göstərilmişdir. Qeyd olunan icra sənədi Binəqədi rayon İcra şöbəsinə daxil olmuş və 27.02.2020-ci il tarixdə icraata qəbul edilmişdir. Bundan sonra borclu ilə əlaqə saxlanılmış və icra sənədi üzrə aliment borcunu ödəməsi tələb edilmişdir. Şəxs tərəfindən bu günədək tələbkar X3 olan yaranmış aliment borcundan 2330 manatı hissə-hissə ödəmişdir. Şəxs icra sənədi üzrə hazırda 3450 manat aliment borcu vardır. İcra sənədinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsinə baxmayaraq, Şəxs borcunu icra etməmişdir. Şəxs borcunu ödəməməsini heç bir yerdə işləməməsi ilə bağlı olduğunu bildirmişdir. Tələbkar tərəfindən çoxsaylı şikayətlər edildiyi üçün Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs tərəfindən mütəmadi olaraq az miqdarda olsa da ödənişlər edilmiş, sonuncu icra şöbəsinin müraciəti əsasında məşğulluq xidmətində işə düzəlmiş və işlədiyi müddətdə aliment ödəmişdir. Lakin sonradan Şəxs iş yerində ixtisara düşdüyü üçün işdən çıxarılmışdır. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyildir. O, əvvəllər restoranda ofisiant işləmiş və pandemiya səbəbindən ölkədə xüsusi karatin rejimi olduğu və bir müddət xüsusi karantin rejimində restoranların fəaliyyəti dayandığı üçün maddi imkanı yaxşı olmadığından aliment borcu yaranmışdır. İcra şöbəsi tərəfindən o, məşğulluq xidmətində işə düzəlmiş və 8 ay müddətində həmin xidmətdə işləyərək aliment borcunu ödəmişdir. Lakin sonradan işlədiyi ştat ixtisara düşdüyü üçün işdən çıxarılmışdır. O, bu müddət ərzində tələbkar X3 2330 manat aliment borcunu hissə-hissə ödəmişdir. Hətta may ayında 400 manat borc pul taparaq tələbkara ödəmişdir. Hal hazırda aliment borcunu tam şəkildə ödəyə bilmir, lakin qalan aliment borcunu da hissə-hissə tez bir zamanda ödəyəcəkdir. Qeyd olunanları nəzər alaraq, məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil bildirimişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində İXM-in 528.1ci maddəsinin tərkibi yoxdur. Çünki Şəxs tərəfindən aliment borcu üzrə 2330 manat ödəniş edilmiş və qalan borcun isə tezliklə hissə-hissə ödəniləcəyi barədə söz verilmişdir. Odur ki, hüquqlarını müdafiə etdiyi şəxs Şəxs barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14.02.2020-ci il tarixli, 2(001)-563/2020 nömrəli icra sənədində 08.07.2013-cü il təvəllüdlü X4 və 22.01.2016-cı il təvəllüdlü X1 üçün 14.02.2020-ci il tarixdən başlayaraq, cavabdeh Şəxs hər ay, hər uşağa görə 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat aliment sabit pul məbləğində tutularaq iddiaçı X3 ödənilməsi göstərilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin 27.02.2020-ci il tarixli qərar və bildirişindən görünür ki, Şəxs barəsində olan icra sənədi üzrə icraata başlanmış və sonuncuya borcunu dərhal ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. 12.07.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14.02.2020-ci il tarixli, 2(001)-563/2020 nömrəli icra sənədi üzrə yaranmış aliment borcu ödənilməyərək icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir Nəticədə Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Məhkəmədə, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14.02.2020-ci il tarixli, 2(001)-563/2020 nömrəli icra sənədi üzrə aliment borcunu üzrsüz səbəbdən icra etməməsi və həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi sübuta yetirilə bilməmişdir. Belə ki, məhkəmə iclasında alınmış izahatlarla müəyyən edilmişdir ki, Şəxs fərdi əməklə məşğul olaraq (ofisiant işləyərək) icra sənədi üzrə borcunu hissə-hissə icra etmiş, sonuncu ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi müddətində işsiz qalmış, lakin icra məmurunun qanuni tələbi əsasında məşğulluq xidmətində işə düzələrək həmin müddət ərzində icra sənədi üzrə borcunu hissə-hissə icra etmişdir. Eləcə də, Şəxs məhkəmə iclasında verdiyi izahatında icra sənədini icra etməkdən yayınmadığını, qalan aliment borcunu hissə-hissə tez bir zamanda ödəyəcəyini bildirmişdir. Həmçinin iş materiallarında olan qəbzlər Şəxs icra sənədi üzrə borcunu hissə-hissə olsa da ödədiyini sübut edir. Məhkəmə qeyd edir ki, Şəxs tərəfindən icra sənədi üzrə borcun ödənilməsinə yönəlmiş yuxarıda göstərilən hərəkətlər onun icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirilməməlidir. Göstərilənlərə əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14.02.2020-ci il tarixli, 2(001)-563/2020 nömrəli icra sənədi üzrə aliment borcunu üzrsüz səbəbdən icra etməməsi və həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi ilə bağlı iş materiallarında hər hansı bir sübut mövcud olmaması ilə yanaşı, məhkəmə iclasında həmin halları təsdiq edəcək heç bir sübut müəyyən edilməmişdir. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş 12.07.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş 12.07.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-2610/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2610/2021
12.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver