Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2613/2021 12.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Vəkil, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 447.0.4, 538.1-ci maddələri ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına Şəxs tərəfindən İXM-in 447.0.4, 538.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında 30.06.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş iş materialları daxil olmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X4 inzibati xəta haqqında protokolu onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 30.06.2021-ci il tarixli, 000017 nömrəli qərarına əsasən ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus obyektdə 30.06.2021-ci il tarixdə aparılan yoxlama zamanı müəssisədə olan əlvan metalın emalı və satışı ilə əlaqədar avadanlıq və qurğuların uyğunluq sertifikatının olmadığı müəyyən olunmuşdur. Müəssisədə radiasiya müayinəsi məqsədi ilə ölçmələri aparmaq üçün laboratoriyanın və radiasiya ölçmə vasitələrinin olmadığı aşkar edilmişdir. Həmçinin radiasiya müayinəsini radiasiya nəzarəti digər laboratoriyalarda da həyata keçirmədiyi müəyyən olunmuşdur. Müəssisədə olan digər ölçmə vasitələrinin yoxlamadan keçməsi barədə şəhadətnamənin və həmin ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikatın olmadığı aşkar olunmuşdur. Müəssisənin yerli hüquqi şəxsdən alüminium billetləri alqı-satqı müqaviləsi əsasında tədarük edir. Xaricdən idxal olunan alüminium billetlərin alqı-satqı müqaviləsinin və keyfiyyət sertifikatının olmasına baxmayaraq, uyğunluq sertifikatının olmadığı aşkar olunmuşdur. Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4, 538.1-ci maddələrində nəzərdə tutulan xəta törədilmişdir. Müəssisənin fəaliyyətində “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci bəndi, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunun 11.3, 12.5-ci bəndi, “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü bəndinin pozulması aşar olunmuşdur. Şəxs nümayəndəsi inzibati xəta haqqında protokolu almaqdan imtina etmişdir, bu barədə protokolda qeyd mövcuddur. Eyni zamanda 000019 saylı, 30.06.2021-ci il tarixli yoxlama aktına etirazın verilməsi cəmiyyətin barəsində tərtib edilmiş protokoldan məlumatlı olmasını göstərir. Bundan başqa inzibati xəta haqqında protokol cəmiyyətin ünvanına göndərilmişdir. Ona görə də, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. 06.08.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X1 digər nümayəndə X2 izahatına uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, “Məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01.07.1993-cü il tarixli, 343 nömrəli qərarı ilə təsdiq edilmiş “Milli sertifikatlaşdırma sistemi haqqında” əsasnamə qüvvədən düşdüyü üçün bütün mallar, avadanlıq və qurğuların məcburi qaydada sertifikatlaşdırılması “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Ona görə də, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında və yazılı vəsatətində bildirmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.4 və 538.1-ci maddələri ilə tərtib edilmiş 30.06.2021-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol qanunsuz və əsassız olmaqla sonuncunun Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş əsas hüquqlarını pozmaqla yanaşı, eyni zamanda Azərbaycan Respublikası İXM-nin tələblərinin də ciddi şəkildə pozulmasına gətirib çıxarmışdır. Bununla bağlı ilk öncə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən belə bir inzibati xəta haqqında protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin - "xxxx" MMC-nin heç bir məlumatı olmadan tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən "xxxx" MMC barəsində 30.06.2021-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol "xxxx" MMC-nin qanuni təmsilçilik funksiyasına malik olan rəhbərinin (direktorunun) və ya onun səlahiyyətli nümayəndəsinin bilavasitə iştirakı olmadan, eyni zamanda mövcud sübutların təqdim edilməsinə şərait yaradılmadan tərtib edilmişdir. Bu hərəkəti ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti AR İXM-nin 100-cü maddəsinin tələblərini əsaslı şəkildə pozmuşdur. Belə ki, həmin maddənin tələbinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə, bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməli və bu barədə protokolda müvafiq qeyd aparılmalıdır. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilməlidir, inzibati xəta haqqında protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Lakin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tərtib edilmiş 30.06.2021-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokola nəzər salsaq görərik ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş bu qanuni tələblərin heç birinə faktiki olaraq riayət olunmayıb. "xxxx" MMC barəsində belə bir qanunsuz protokol tərtib edilən zaman İXM-nin yuxarıda adı qeyd olunan tələbləri həmin protokolu tərtib etmiş Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən kobud şəkildə pozulmuşdur Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə Şəxs barəsində tərtib edilmiş 30.06.2021-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tam qanunsuzdur. Belə ki, İXM-nin 447.0.4-cü maddəsində konkret olaraq göstərilib ki, "qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, islərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə" inzibati məsuliyyət nəzərdə tutulub və yalnız bu maddədə qeyd olunmuş hal inzibati xəta tərkibinin yaranmasına səbəb ola bilər. "xxxx" MMC Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli, 745 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən 26 may 2017-vi il tarixində verilmiş "İnvestisiya təşviqi sənədi" əsasında yaradılmış və fəaliyyət sahəsi də yalnız alüminium profillərin istehsalı və satışından ibarətdir, hansı ki, "xxxx" MMC sahibkarlıq subyekti kimi vergi orqanında da məhz bu fəaliyyət kodu üzrə qeydiyyata alınmışdır. "xxxx" MMC-nin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin iddia etdiyi İXM-nin 447.0.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməsi üçün Cəmiyyətin cari fəaliyyəti ilə bağlı yalnız istehsal etdiyi malları (istehsal etdiyi alüminium profilləri) sertifikatlaşdırmalı olduğu halda bunu etmədən istehsal etməsi və satışını həyata keçirməkdir. Halbuki, "xxxx" MMC-nin istehsal etdiyi və satışını həyata keçirdiyi alüminium profilləri sertifikatlaşdırıaraq onlar üçün uyğunluq sertifikatı almışdır. Belə ki, həmin uyğunluq sertifikatı 11.12.2020-ci il tarixində verilmiş və 11.12.2021-ci il tarixinədək qüvvədədir. Buradan göründüyü kimi, "xxxx" MMC İXM-nin 447.0.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb oluna bilməz. Əgər inzibati məsuliyyətə cəlb olunub və barəsində inzibati xəta haqqında protokol tərtib edilibsə, həmin protokol İXM-nin tələblərinin pozulması nəticəsində qəbul edildiyindən qanunsuz hesab edilməli, eyni zamanda belə olan halda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Belə ki, İXM-nin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən halların dairəsi dəqiq müəyyən edilmişdir. Bu hallardan biri də inzibati xəta hadisəsi və inzibati xəta tərkibinin olmamasıdır (İXM, maddə 53.0.1, 53.0.2). Həmin maddənin birmənalı tələbinə əsasən, bu halda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Digər bir tərəfdən, Şəxs əlvan metal, qara metal tullantıları, eyni zamanda tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı fəaliyyəti ilə məşğul olmadığından yoxlama sualları siyahısında göstərilmiş 991, 992 və 993-cü suallarla müəyyən edilmiş tələblərin qanuni fəaliyyət sahəsi yalnız alüminium profillərin istehsalı və satışından ibarət olan "xxxx" MMC-nin sahibkarlıq fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Belə olan halda, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən "xxxx" MMC barəsində İXM-nin 538.1-ci maddəsinin tələblərinin pozulması iddiası ilə tərtib etdiyi 30.06.2021-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol da qanunsuzdur. Məlumat üçün qeyd etmək istəyirik ki, "xxxx" MMC cari fəaliyyətində istifadə etdiyi avadanlıqları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən 8 noyabr 2018-ci il tarixində verilmiş "İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün" Təsdiqedici sənədlə xaricdən aldığı avadanlıqları dövlət tərəfindən tətbiq edilmiş müvafiq vergi və gömrük güzəştlərindən istifadə etməklə və həmin avadanlıqlara dair istehsalçı müəssisənin verdiyi müvafiq mənşə və uyğunluq sertifikatlarını təqdim edərək gömrük rəsmiləşdirməsindən keçirməklə ölkə ərazisinə gətirmişdir. Belə olan halda, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin "xxxx" MMC-nin fəaliyyətində istifadə etdiyi avadanlıqların sertifikatının olmaması ilə bağlı əsassız olaraq iddia etdiyi hal da tam qanunsuzdur və həqiqəti özündə əks etdirmir. Ona görə də, məhkəmədən Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərlə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İXM-in 447.0.4, 538.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 30.06.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən ünvan 1 ünvanda yerləşən Şəxs MMC-yə məxsus obyektdə 30.06.2021-ci il tarixdə aparılan yoxlama zamanı müəssisədə olan əlvan metalların emalı və satışı ilə əlaqədar avadanlıq və qurğuların uyğunluq sertifikatının olmadığı, metal tullantılarının radiasiya müayinəsi məqsədi ilə istifadə olunan ölçmə vasitələrinin olmadığı, digər ölçmə vasitələrinin yoxlamadan keçməsi barədə şəhadətnamənin və həmin ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikatın olmadığı müəyyən olunmuşdur. Nəticədə İXM-in 447.0.4, 538.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 30.06.2021-ci il tarixli, 000017 nömrəli inzibati xəta haqqında qərarından görünür ki, 30.06.2021-02.07.2021-ci il tarixlərdə Şəxs MMC-də yoxlama aparılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 000019 saylı, 30.06.2021-ci il tarixli yoxlama aktından görünür ki, yoxlama nəticəsində Şəxs MMC-də aşağıdakılar aşkar edilmişdir: sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən çıxarışı MMC-nin direktoruna təqdim olundu. Yoxlama barədə müvafiq qeydlər aparılması üçün "xxxx" təqdim olunmadı. Adıçəkilən qərarla MMC-yə məxsus alüminium profil istehsalı zavodunda yoxlama suallarının siyahısında göstərilən 989-994 nömrəli suallarla bağlı yoxlamanın aparılması tələb olunmuşdur. Müəssisənin əsas fəaliyyəti alüminium billetləri yerli və xarici hüquqi şəxslərdən alqı-satqı müqaviləsi əsasında tədarük etmək, emal edərək alüminium profil istehsal etmək və istehsal olunmuş məhsulun yerli və xarici bazarda satışını həyata keçirməkdən ibarətdir. Müəssisə təhlükə potensiallı obyekt kimi dövlət qeydiyyatından keçməmişdir. Yoxlama suallarının siyahısında qeyd olunan 989 nömrəli sualla bağlı aparılan yoxlama zamanı müəssisədə olan əlvan metalın emalı və satışı ilə əlaqədar avadanlıq və qurğuların uyğunluq sertifikatının olmadığı müəyyən olundu. 990 nömrəli sualla bağlı aparılan yoxlama zamanı müəssisənin tullantıların idxalı, ixracı və emalı ilə bağlı fəaliyyətinin olmadığı müəyyən edildi. 991, 992, 993 nömrəli suallarla bağlı aparılan yoxlama zamanı müəssisədə radiasiya müayinəsi məqsədi ilə ölçmələri aparmaq üçün laboratoriyanın və radiasiya ölçmə vasitələrinin olmadığı aşkar edildi. Həmçinin radiasiya müayinəsini radiasiya nəzarəti digər laboratoriyalarda da həyata keçirmədiyi müəyyən olundu. Müəssisədə olan digər ölçmə vasitələrinin yoxlamadan keçməsi barədə şəhadətnamənin və həmin ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikatın olmadığı aşkar olundu. 994 nömrəli sualla bağlı aparılan yoxlama zamanı müəssisənin alüminium billetləri yerli və xarici hüquqi şəxslərdən tədarük etdiyi məlum oldu. Yerli hüquqi şəxsdən alüminium billetləri alqı-satqı müqaviləsi əsasında tədarük edir. Yerli hüquqi şəxslə müəssisə arasında bağlanan alqı-satqı müqaviləsi və həmin hüquqi şəxsin alüminium billetlərin satışı ilə bağlı uyğunluq sertifikatı akta əlavə edilmişdir. Xaricdən idxal olunan alüminium billetlərin alqı-satqı müqaviləsinin və keyfiyyət sertifikatının olmasına baxmayaraq, uyğunluq sertifikatının olmadığı aşkar olundu. Müəssisədə istehsal olunan alüminium profillərin müvafiq standartların tələbi ilə bağlı uyğunluq sertifikatının olduğu müəyyən olundu. 26.07.2021-ci il tarixdə Şəxs MMC-nin fəaliyyət sahəsində müvafiq qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə tədbrilər görülməsi ilə bağlı göstəriş verilmişdir. Azərbaycan Respublikası Milli Sertifikatlaşdırılma Sistemi "xxxx" MMC-yə 11.12.2020-ci il tarixdə verilmiş uyğunluq sertfikatından görünür ki, alüminium profillər 11.12.2021-ci il tarixədək dövlət reyesterində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Milli Sertifikatlaşdırılma Sistemi "xxxx" MMC-yə 10.06.2021-ci il tarixdə verilmiş uyğunluq sertfikatından görünür ki, alüminium billet 10.06.2022-ci il tarixədək dövlət reyesterində qeydiyyata alınmışdır. İXM-in 447.0, 447.0.4-cü maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulmasına, qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. İXM-in 538.1-ci maddəsinə əsasən, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına və (və ya) ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. “Texniki tənzimləmə haqqında” 30.09.2019-cu il tarixli Azərbaycan Respublikası Qanununun: 1, 1.1.8-ci maddəsinə əsasən uyğunluq sertifikatı – malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentin tələblərinə uyğunluğunu təsdiq edən müəyyən formalı sənəddir. 1,1.1.12-ci maddəsinə əsasən sertifikatlaşdırma – uyğunluğu qiymətləndirən qurum tərəfindən malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının müvafiq texniki reqlamentlə müəyyən olunmuş tələblərə uyğunluğunun kağız üzərində yazılı və ya elektron formada təsdiqidir. 5.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları bu Qanunla müəyyən edilmiş hallarda və qaydada mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına, habelə həmin malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının uyğunluğunun qiymətləndirilməsi üzrə fəaliyyətə şamil edilir. 13.2, 13.2.1, 13.2.2-ci maddəsinə əsasən texniki reqlamentlərin tələblərinə uyğunluğun qiymətləndirilməsi sertifikatlaşdırma, uyğunluq bəyannaməsinin tərtibi üsulları ilə təmin olunur. 13.3-cü maddəsinə əsasən yalnız yüksək riskli mallar məcburi sertifikatlaşdırılır. Yüksək riskli malların sertifikatlaşdırılması təsərrüfat subyektinin sərbəst seçdiyi akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən quruma müraciəti əsasında həyata keçirilir və sertifikatlaşdırmanın müsbət nəticələri əsasında uyğunluq sertifikatı verilir. 13.4-cü maddəsinə əsasən orta və aşağı riskli malların uyğunluğunun qiymətləndirilməsi təsərrüfat subyekti tərəfindən bu Qanuna uyğun olaraq həmin malın uyğunluq bəyannaməsinin tərtibini nəzərdə tutur. Orta riskli mallar üçün uyğunluq bəyannaməsinin tərtibi ilə yanaşı, uyğunluğun təsdiqlənməsi məqsədi ilə uyğunluğu qiymətləndirən qurumun cəlbi zəruridir. Bu halda, həmin qurum tərəfindən verilmiş uyğunluğu təsdiq edən sənəd təsərrüfat subyekti tərəfindən tərtib edilmiş uyğunluq bəyannaməsinə müşayiətedici sənəd kimi əlavə olunur. 13.11-ci maddəsinə əsasən texniki reqlamentlərin tələblərinə uyğunluğa dair xarici dövlətlərdə verilmiş uyğunluq sənədləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici uyğunluq sənədinin həqiqiliyi və müqavilə şərtlərinə uyğunluğu müəyyən edilməklə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada tanınır. 13.12. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə birbaşa tanınma nəzərdə tutulduğu hallar istisna olmaqla, xarici mənşəli uyğunluq sənədlərinin tanınması üçün istehsalçı, idxalatçı və ticarət nümayəndəsi uyğunluq sənədlərini malın idxalından əvvəl akkreditasiya edilmiş hər hansı uyğunluğu qiymətləndirən quruma göndərməlidir. Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar göndərilən uyğunluq sənədlərini bu Qanunun 13.11-ci maddəsinə uyğun olaraq tanınması və ya tanınmasından imtina haqqında qərar qəbul etməli, tanınmış uyğunluq sənədlərini reyestrə daxil edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərməli və nəticəsi haqqında istehsalçını məlumatlandırmalıdırlar. 13.13-cü maddəsinə əsasən xarici mənşəli uyğunluq sənədləri bu Qanunla müəyyən edilmiş qaydada tanınmadıqda və ya bu cür sənədlər olmadıqda, istehsalçı və ya ticarət nümayəndəsi həmin malların idxalından əvvəl onların müvafiq milli texniki reqlamentə uyğunluğunun qiymətləndirilməsini təmin etməlidir. 17-ci maddəsinə əsasən bu Qanunun və texniki reqlamentlərin tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası 02.11.1999-cu il tarixli Qanununun 7-ci maddəsinə əsasən təhlükə potensiallı obyektlərdə istehsal və istifadə olunan texniki qurğular, maşın və mexanizmlər müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğu baxımından Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada sertifikatlaşdırılır. Təhlükə potensiallı obyektlərdə istifadə olunan və sertifikatlaşdırılmış texniki qurğuların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Təhlükə potensiallı obyektlərdə istehsal və istifadə olunan texniki qurğuların sertifikatlaşdırılması müvafiq icra hakimiyyəti orqanının akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumu və ya akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən aparılır. Bu uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir. Sertifikatın verilmə qaydaları qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Təhlükə potensiallı obyektlərdə avadanlıq və texniki qurğulardan istehsalın və istifadənin ümumi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Təhlükə potensiallı obyektlərdə istehsal və istifadə olunan avadanlıq və texniki qurğular istismar prosesində müəyyən edilmiş qaydada texniki təhlükəsizlik ekspertizasından keçirilir. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” 13.06.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 1.0-cı maddəsinə əsasən bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. ölçmə – kəmiyyətin ədədi qiymətinin müəyyən edilməsi üçün yerinə yetirilən əməliyyatların məcmusu; 1.0.2. ölçü vahidi – kəmiyyət vahidi kimi qəbul edilən və onunla həmcins olan kəmiyyətlərin miqdarca ifadəsi üçün istifadə olunan, təsbit edilmiş qiymət; 1.0.3. ölçmələrin vəhdəti – nəticələri tətbiqinə rəsmi icazə verilmiş kəmiyyət vahidi ilə ifadə edilən və dəqiqlik göstəriciləri hüdudlardan kənara çıxmayan ölçmələrin vəziyyəti.... “Ölçmələrin vəhdətinin təmin edilməsi” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən bu Qanun insan həyatının və sağlamlığının qorunması, ətraf mühitin, bitki və heyvanlar aləminin mühafizəsi, dövlətin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yerinə yetirilən ölçmələrin obyektiv, etibarlı və müqayisə edilən nəticələrinin alınmasında cəmiyyətin və dövlətin tələbatını təmin etmək və ölçmələrin qeyri-dəqiq nəticələrinin mənfi təsirinin qarşısını almaq məqsədi daşıyır. 2.2, 2.2.4-cü maddəsinə əsasən ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsi aşağıdakı sahələrdə yerinə yetirilən ölçmələrə şamil edilir: 2.2.1. səhiyyə; 2.2.2. bitki mühafizəsi və karantini, aqrokimyəvi tədbirlərin həyata keçirilməsi; 2.2.3. baytarlıq; 2.2.4. ətraf mühitin mühafizəsi..... 5.1-ci maddəsinə əsasən ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmələr tipi təsdiq edilmiş və yoxlamadan keçmiş ölçmə vasitələrindən istifadə edilməklə, attestasiya edilmiş ölçmə metodikaları (metodları) ilə (birbaşa ölçmələrin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş ölçmə metodikaları (metodları) istisna olmaqla) yerinə yetirilməlidir. Ölçmələrin nəticələri Azərbaycan Respublikasında tətbiqinə icazə verilmiş kəmiyyət vahidləri ilə ifadə olunmalıdır. 11.3-cü maddəsinə əsasən standart nümunələrin və ya ölçmə vasitələrinin tipi müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən sertifikatla təsdiqlənir. Standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiqi barədə sertifikatın forması və qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 12.5-ci maddəsinə əsasən ölçmə vasitələrinin yoxlanılmasının nəticələri yoxlama nişanı və (və ya) yoxlama haqqında şəhadətnamə ilə təsdiq edilir. Ölçmə vasitəsinin konstruksiyası yoxlama nişanının baxış üçün əlverişli olan yerdə vurulmasını təmin etməlidir. Ölçmə vasitəsinin konstruksiyasının xüsusiyyətləri və ya istismar şəraiti yoxlama nişanını bilavasitə ölçmə vasitəsinin üzərinə vurmağa imkan vermirsə, bu nişan yoxlama haqqında şəhadətnaməyə vurulur. 20-ci maddəsinə əsasən bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar. İşin hallarından və sadalalan normaların məzmunundan görünür ki, uyğunluq sertifikatı təkcə malların deyil, eyni zamanda onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentin tələblərinə uyğunluğunu təsdiq edən müəyyən formalı sənəddir. Belə ki, müəssisədə istehsal olunan alüminium profillərin müvafiq standartların tələbi ilə bağlı uyğunluq sertifikatı olsa da, müəssisədə olan əlvan metalın emalı və satışı ilə əlaqədar avadanlıq və qurğuların uyğunluq sertifikatının olmadığı, xaricdən idxal olunan alüminium billetlərin uyğunluq sertifikatının olmadığı müəyyən edilmişdir. Eyni zamanda yoxlama aktından görünür ki, müəssisədə olan digər ölçmə vasitələrinin yoxlamadan keçməsi barədə şəhadətnamənin və həmin ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikatın olmadığı aşkar olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Beləliklə törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs hüquqi şəxs qismində İXM-in 447.0.4, 538.1ci maddələri ilə təqsirli bilinməli və ona inzibati tənbeh olaraq cərimə tətbiq edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Şəxs nümayəndəsi Vəkil tərəfindən verilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə verdiyi vəsatət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinin əsasları İXM-nin 53-cü maddəsində sadalanmışdır. İş materiallarına əlavə edilmiş sənədlərlə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İXM-in 447.0.4, 538.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirildiyindən vəsatət əsaslı hesab edilə bilməz. Göstərilənlərə əsasən və İXM-in 40, 43, 45-48, 114, 119-121-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4, 538.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 4500 (dörd min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-2613/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2613/2021
12.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver