Məhkəmə qərarları › İş №3(001)-2625/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2625/2020

10.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2625/2020 10.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən böyük icra məmuru X2 izahat verərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-12003/2018 nömrəli icra vərəqəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 9098 (doqquz min doxsan səkkiz) manat pul tutularaq zəzərçəkmiş şəxs Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Şəxs Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən borcunu hissə-hissə ödəməsi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə vermiş və ərizə təmin edilmişdir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə aktlarının icrasını icra etməmişdir. İcra sənədinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsinə baxmayaraq Şəxs borcunu üzrsüz səbəbdən icra etmədiyi üçün, sonuncu barəsində İXMin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-12003/2018 nömrəli icra vərəqəsinə əsasən ondan 9098 (doqquz min doxsan səkkiz) manat pul tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. O, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini hissə-hissə ödəməsi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə vermiş və ərizəsi təmin edilmişdir. Lakin maddi imkanı olamdığı və pandemiya ilə əlaqədar olaraq işləmədiyi üçün icra sənədi üzrə borcunu tam ödəyə bilməmişdir. O, Zərərçəkmiş şəxs hissə-hissə olmaqla 1600 manat pul ödəmiş və hazırkı günə 7498 manat borcu qalmışdır. Əməlindən peşmandır, həmçinin himayəsində azyaşlı övladı var. Ona görə də, qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs əməlindən səmimi peşmançılığını, həmçinin himayəsində azyaşlı övladının olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-12003/2018 nömrəli icra vərəqəsinə əsasən barəsində inzbati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 9098 (doqquz min doxsan səkkiz) manat pul tutularaq ona verilməsi qət edilmişdir. Şəxs Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini hissə-hissə ödəməsi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəmisinə ərizə vermiş və ərizəsi təmin edilmişdir. Lakin Şəxs bu günədək məhkəmə aktlarını tam icra etməmişdir. Şəxs hazırkı günə kimi ona 1600 manat pul ödəmişdir. O, Şəxs qalan borcunu tələb edir. Ona görə də, məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-12003/2018 nömrəli icra vərəqəsinə əsasən Şəxs 9098 (doqquz min doxsan səkkiz) manat pul tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(001)-638/2019 nömrəli qərardadından görünür ki, Şəxs ərizəsi təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-12003/2018 nömrəli qətnaməsinin hissəhissə icra edilməklə borclu Şəxs ödənilməmiş 9098 (doqquz min doxsan səkkiz) manat puldan 2019-cu ilin may ayından etibarən hər ay 300 (üç yüz) manat tutulub tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs məhkəmə aktlarını icra etmədiyinə görə barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs adına borcunun əmlakına yönəldilə biləcək qiymətli əşya, daşınar və daşınmaz əmlak, pensiya, banklarda girov və ya pul hesabları yoxdur. Məhkəmə icra məmurunun, zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını və vəkilin çıxışını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İXM-in 528.1ci maddəsi ilə olan inzibati protokol düzgün olaraq tərtib edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsa haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını və həmin Məcəllənin 32.1.3-cü maddəsinə əsasən himayəsində azyaşlı övladının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati cərimə növündə inzibati tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar